Pis oxucunun yaranma tarixçəsi – Qismətin IV sevgi məktubu

DAHA.az türk əsilli amerika alimi, ədəbiyyat sosioloqu, Oksford Universitetinin sabiq professoru filologiya üzrə fəlsəfə doktoru Mərvə Əmrənin “Paraliterar: müharibədən sonrakı Amerikada pis oxucuların formalaşdırılması” adlı tədqiqat əsəri haqqında şair, essesit, tərçüməçi, ədəbiyyatşünas Qismət Rüstəmovun dördüncü məktubunu təqdim edir.

 

…üçüncü məktubu oxumaq üçün

İmkanım olsaydı, Mərvə Əmrənin eyvanının altında dayanıb ona sevgi nəğmələri oxuyardım. Ancaq yəqin, çıxıb deyərdi ki, bu romantik jest sosial konstruksiyadır, çünki mən bu işin tarixçəsini bilirəm.

Mərvə Əmrə türk əsilli amerika alimi, ədəbiyyat sosioloqu, Oksford Universitetinin sabiq professorudur. Onun 2017-ci ildə yazdığı “Paraliterar: müharibədən sonrakı Amerikada pis oxucuların formalaşdırılması” adlı tədqiqat əsəri böyük şöhrət qazanıb, geniş rezonans doğurub.

Bu bənzərsiz araşdırma nədən bəhs edir?

“Paraliterar: müharibədən sonrakı Amerikada pis oxucuların formalaşdırılması”

Mərvə Əmrənin geniş tarixi kontekstdə apardığı sosioloji araşdırma ortaya çıxarır ki, əksər oxucuların öz seçimi və öz zövqü hesab etdiyi şeylər onun özünə aid deyil, çünki pis oxucu insitutsional sistemlər və alətlər vasitəsilə formalaşdırılır. Alimin fikrincə, hərbi sahədə “paramilitar” – yəni dövlət tərəfindən dəstəklənən yarımhərbi qüvvələr olduğu kimi, humanitar sahədə də “paraliterar” – yəni ədəbiyyatyanı, ədəbiyyatətrafı təşkilatlar, qurumlar vasitəsilə dövlətlərə və şirkətlərə sərf edən, savadlı, ancaq orta statistik pis oxucular yetişdirilir. Belə ki, bədii mətnlərin oxucu tərəfindən qəbulu təkcə estetik seçim deyil, məktəblərin, universitetlərin, ədəbiyyatyanı təşkilatların insanları konkret qəlibə salmaq üçün kodlaşdırdığı bir sistemdir, mexanizmdir.

Mərvə xanım yazır ki, “pis oxucu” deyəndə mən savadsızları nəzərdə tutmuram, əksinə, pis oxucu professor, hətta akademik də ola bilər. Sadəcə, onun zövqü, dünyagörüşü təhsil sisteminin ona diqtə etdiyi, paraliterar təşkilatların təbliğ etdiyi şəkildə formalaşıb deyə, ona heç cür başa sala bilməzsən ki, (özümüzdən misal gətirsək), tutalım, Cabir Novruzun, Məmməd Rahimin yazdıqları ədəbiyyat deyil.

“Paraliterar” anlayışı təhsil sisteminin rəsmi orbitindən kənara çıxa bilməyən, onlarla dolayı və ya birbaşa bağı olan ədəbiyyatətrafı təşkilatlar və nəşriyyatlar vasitəsilə bədii mətnlərin alətə çevrilməsini ifadə edir. Bu sahə İkinci Dünya Müharibəsindən sonra ABŞ-də Fulbrayt, Yunesko, Amerikan Ekspress kimi “ictimai kommunikasiya” strukturları tərəfindən inşa edilib. Məncə, özümüzə daha analitik gözlə baxmaq üçün Mərvə Əmrənin bu ciddi araşdırmasını mütləq keçmiş sovet və indiki post-sovet məkanına tətbiq etməliyik.

Alimin fikrincə, İkici Dünya Müharibəsindən sonra mərhələli şəkildə yaradılan bu mexanizmdə ədəbiyyatın bədii-estetik səciyyəsi və muxtariyyəti rədd edilir; ədəbi mətnlər eləcə iqtisadiyyat, siyasət, fərdi inkişaf və diplomatiya kimi sahələrə transferi mümkün olan mənbə səviyyəsinə endirilir. Ədəbiyyatyanı təşkilatlar və nəşriyyatlar istəyirlər ki, oxucular üçün bütün mətnlər praktik bələdçi rolunu oynasın. Çünki sözügedən bütün təşkilatlar ədəbiyyatın estetik gücünə nifrət edirlər. Mərvə Əmrə bu nifrətə nümunə kimi Vladimir Nabokovun başına gələn bir əhvalatı nəql edir.

Vladimir Nabokov 1948-ci ildə Kornel Universitetində dərs deyəndə tələbələr arasında bir təcrübə keçirmək qərarına gəlir. Tələbələrə özünün tərtib etdiyi bir siyahı verir və soruşur ki, sizcə, yaxşı oxucu aşağıdakılardan hansı dördünü seçməlidir:

“Oxucu bir kitab klubuna üzv olmalıdır.

Oxucu özünü kitabın qəhrəmanı ilə eyniləşdirməlidir.

Oxucu sosial-iqtisadi aspektlərlə maraqlanmalıdır.

Oxucu içində hərəkətin və dialoq çox olduğu kitabı, olmayandan daha üstün tutmalıdır.

Oxucu əvvəlcədən kitabın filminə baxmış olmalıdır.

Oxucu yetkinləşməkdə olan yazıçı olmalıdır.

Oxucunun fantaziyası olmalıdır.

Oxucunun yaddaşı olmalıdır.

Oxucu lüğətdən istifadə etməyi bacarmalıdır.

Oxucunun bədii duyumu olmalıdır.”

Nabokov cavablardan dəhşət məyus olur, çünki mütləq əksəriyyət ədəbiyyatətrafı təşkilatlara və dövlət qurumlarına sərf edən bəndləri seçibmiş.

Nabokovun fikrincə, yaxşı oxucu sonuncu dörd punktu seçməliydi: Fantaziya, yaddaş, lüğətlə davranmaq bacarığı və bədii duyum. Çünki qalan bəndlər hamını bircürləşdirməyə, eyniləşdirməyə yarayır. Nabokov demək istəyirdi ki, böyük çoxluq ədəbiyyatyanı “təşkilatların fantaziyası”nı öz fərdi seçimi hesab edir. Ancaq məsələ bununla da bitmir, bu estetik duruşa görə Nabokov işsiz də qalıb.
Belə ki, Vladimir Nabokov və əmisi oğlu bəstəkar Nikolay Nabokov iş üçün “Voice of America”ya müraciət edirlər. Yazıçı Nabokov üçün həqiqi ədəbiyyat hər hansı ideologiyanın bayraqdarı yox, zəng detal və dil nüanslarından ibarət müstəqil bir sahə idi. Ancaq müraciət etdikləri qurum üçün sənətin dərinliyi yox, kommunikasiyanın səthi, ələgələn tərəfi maraqlıydı, buna görə də sənəti sosial instrument kimi vitrinə çıxarmaq tərəfdarı olan və bu fikrindən ötrü “daha xarizmatik” hesab edilən əmioğlu Nabokovu işə götürürlər.

Nabokov
Nabokov

İndiki dünyada hər on nəfərdən on biri əmioğludur…

Mərvə Əmrənin çox böyük vasvasılıqla təsnif etdiyi “pis”, ancaq funksional mütaliə praktikası bədii mətnlərin mayasındakı estetik səciyyəni heçə sayan, bütün əsərləri eləcə “necə etməli, necə varlanmalı, necə yaşamalı, necə satmalı” tipində basməqəlib şeylərə çevirən mexanizmi dəqiqliklə faş edir. Mərvə xanım bir neçə misal gətirir:

Bürokrat kimi oxumaq: Ədəbiyyatı, eləcə də mütaliəni dövlətin mədəni siyasətini və beynəlxalq əlaqələr politikasını koordinasiya edən bir idarəetmə mexanizmi kimi görən proses.

Buna ən yaxşı misal Vilyam Folknerin başına gələnlərdir. 1956-cı ildə ABŞ-ın prezidenti Dvayt Eyzenhauer mədəniyyət siyasəti sahəsində “Xalqdan xalqa” (People-to-People) adlı bir proqrama start verir. Bu, təxminən, SSRİ-dəki “Xalqlar dostluğu” ideyasının başqa forması idi. Proqramın məqsədi dövlətlər arasında rəsmi, bürokratik münasibətlərlə yanaşı, müxtəlif ölkələrdəki vətəndaşlar, sənətçilər və ziyalılar arasında da kommunikasiya yaratmaq, xüsusilə “dəmir pərdə”nin o biri tayında qalan cəmiyyətlərdə amerikan dəyərlərini və mədəniyyət tanıtmaq idi. 1949-cu ildə Ədəbiyyat üzrə Nobel mükafatı alan Folkner həmin dövrdə bütün dünyada ədəbi avtoritetlərdən biri sayılırdı deyə, ABŞ hökuməti bu proqram çərçivəsində formalaşdırılan “Yazıçılar Komitəsi”nə onu rəhbəri təyin edir. İstəyirlər ki, Folknerin dünya miqyasındakı intellektual çəkisindən Amerikanın imicini gücləndirmək üçün istifadə etsinlər. Folknerin də, Nabokov kimi, bürokratiyadan və yazıçı təşkilatlarından zəhləsi gedirdi, ancaq könülsüz də olsa, Amerika mədəniyyətini dünyaya tanıtmaq məsələsinə görə razılaşır.

Birinci iş kimi dövrün ən tanınmış yazıçılarına məktublar yazıb soruşur ki, sizcə, Amerika mədəniyyətini xaricdə yaxşı təmsil etmək üçün nə etmək lazımdır? Bu ədəbiyyatçıların sırasında Con Steynbek, Sol Bellou, Ketrin Porter kimi yazıçılar və Robert Louel, Marianna Mur, Vilyam Karlos Vilyams şairlər olub. Ancaq alınmır, Folknerin ədəbiyyatı azad, müstəqil kimi bir sahə kimi görən düşüncəsi ilə dövlət proqramı düz gəlmir. Folkner yazıçı dostlarından gələn ironik məktubları olduğu kimi “Ağ evə” göndərir, orada belə təkliflər var imiş: Bir illiyinə amerikalıların səs tellərini uyuşdurmaq, bir illiyinə amerikan pasportunu ləğv etmək, Sovet blokundan yüz gənc seçib onlara kreditlə maşın aldırmaq…

Bir sözlə, Folkner də əmioğlu olmağı bacarmır.

Deyilənə görə, Folknerdən məktub almasa da, xəbəri eşidən Nabokovu gülmək tutub və belə deyib: Yayda SSRİ-dən 300 cavan yazıçı gətirib “Bronks zooparkı”nda gəzdirsələr, sonra onlara “Amerikada yay tətili” mövzusunda nəsə yazdırsalar və ikidilli, uzunsov bir antologiya çap etsələr, həmin antologiyanın önsözünü oxumaq istərdim!

Folkner
Folkner

Bircürləşdirən mütaliə: “Beat” nəslinin şairlərindən Qreqori Korso ədəbiyyatın və səyahətin standartlaşmasına qarşı çıxmış, “Amerikan Ekspress”in ofislərindəki hamını eyni səsə, eyni düşüncəyə sahib olan “dublikat” adamlar kimi təsvir etmişdi. Əmrə xanım yazır ki, bu gün də əksər ofislərdə eyni ritualların (eyni yerlərdə nahar etmək, eyni marka qəhvələrdən içmək), eyni terminologiyanın, eyni lüğət tərkibinin bircürləşdirici tiranlığı hökm sürməkdədir.

Mərvə xanımın fikrincə, Amerikada bədii mətnlərin ictimai davranışı nizama salmaq üçün istifadə olunmasının tarixi 1905-ci ilə gedib çıxr. Həmin il tanınmış yazıçı Henri Ceyms bir qadın kollecində “Nitqimiz haqqında suallar” adlı bir mühazirə oxuyub. Mühazirənin məğzi bundan ibarətdir ki, qadınlarımız danışanda heyvan səslərinə bənzər səslər çıxarırlar, nitqləri təmiz və rəvan deyil. Bunun da səbəbi odur ki, mühacirlər, gəlmələr milli dilimizi korlayırlar. Ceymsin fikrincə, bu, “milli estetik böhran”dır. Bax, bu yanaşması ilə Ceyms ilk dəfə danışmağı ünsiyyəti vasitəsi kimi yox, “qadınlıq sənəti” və ya “milli təmsil aləti” kimi təqdim edib, beləliklə, qadınlara deyib ki, sizin vətəndaşlıq borcunuz bədii mətnlərdəki danışıq tərzini mənimsəmək və real həyata tətbiq etməkdir. Bəs ədəbiyyat nə üçündür?! Ceymsin bu təklifi sonradan bütün rəsmi və ya paraliterar təşkilatların praktik davranış protokoluna çevrilib. O tarixdən sonra bədii mətnlər estetik azadlıq yox, “sosial davranış bələdçi”si kimi görülməyə başlanıb, bu prosesin mərkəzi də qadın kollecləri, qızlar gimnaziyası kimi qurumlar olub. Düşünüblər ki, gələcəyin balalarını işğal etməyin yolu gələcəyin analarını işğal etməkdən keçir.

Mərvə Əmrə yazır ki, ABŞ-ın sabiq prezidenti Con Kennedinin həyat yoldaşı Jaklin Kennedi özü bu cür qadın kolleclərinin təsisatından keçdiyi üçün, rəsmi bir strategiya kimi, “Ağ ev”in kitabxanasına məhz Henri Ceymsin romanlarını aldırıb. Alim yazır ki, bundan sonra ədəbiyyat artıq jest, mimika, tələffüz öyrətməyə müncər edilməyə, bir “bədən politikası”na çevrilməyə başlayır.

Mərvə Əmrə yazır ki, həmin tarixdən başlayaraq bu günə qədər “paraliterar janrlar” – yəni gündəlikfason, avobioqrafiyafason, raportfason mətnlər ilə yüksək estetik səciyyəli əsərlər arasında süni bərabərlik işarəsi qoyulmağa başlanıb.

Həmin tarixdən ədəbiyyat tədrisində estetik təqdir yox, nitqi və ictimai davranışı formalaşdıran abır-həya və ya “bədən politikası” işə düşür.

Həmin vaxtdan təhsil müəssisələri və beynəlxalq proqramlar təşviq etməyə başlayırlar ki, ədəbi əsərlərdəki personajların davranışlarını təqlid etməklə faydalı vətəndaş ola bilərsiniz.

Həmin vaxtdan Nabokovun “həqiqi oxucu”su ilə dövlətlərin və şirkətlərin öz əsgərinə çevirdiyi “pis oxucu” arasında görünməz müharibə gedir.

Tanış söhbətdir; bu, düşüncə quyusuna azca enən kimi “yandım, dala çək” deyən Məlikməmmədin qardaşları ilə Məlikməmmədin davasıdır…

OXŞAR XƏBƏRLƏR