Dəyərin rəngi – Aytən Tunay

Daha.az Aytən Tunayın “Dəyərin rəngi” hekayəsini təqdim edir. 

Televizorun kanallarını dəyişirdim. Birdən ekranda öz səsimi eşidib dayandım. Özüm idim.

“Mən Gülayam, memaram. Bu abidənin hər daşında bir tarix yatır, amma məni daha çox cəlb edən onun içindəki o gizli musiqidir – akustikası. Sara Aşurbəyli və Rauf Hacıyevin araşdırmalarına əsaslanaraq deyə bilərəm ki, bu, sadəcə müdafiə qalası deyil.”

Qız Qalasının akustikası barədə danışırdım, səsi artırdım:

“Baxın, bu nəhəng, qalın daş divarlar təsadüfən belə tikilməyib. Qalanın silindrik forması elə bir mühəndislik zəkası ilə hesablanıb ki, içəridə səs rezonans yaradaraq sanki bir musiqi aləti kimi əks-səda verir. Külək və səs dalğaları bu divarlarda həyat tapır. Bu, əsrlər əvvəl yaranmış, heyrətamiz bir akustik sənət əsəridir.”

Arxadan nənəmin titrək səsi gəldi:

— Gülay, bu danışan, həqiqətən, sənsən?

— Hə, nənə…

Nənəm gözlərindən süzülən yaşı silə-silə yaxınlaşdı.

— Səni televizorda görəndə ürəyim fərəhlə doldu, əziz balam. Sən demə, o kitabların arasında gecələməyin hədər getməyib, – deyib məni bərk-bərk qucaqladı.

Səhər anamın səsi ilə oyandım.

— Gülay, oyan, qızım. İşə gecikərsən. Sənin üçün pendirli isti lavaş bişirmişəm.

— Ana, beş dəqiqə də…

— Beş dəqiqə deyə-deyə gecikirsən, qızım.

Bu cümlə məni yerimdən qaldırdı. Mətbəxə keçəndə telefonuma bildiriş gəldi. Florensiyada keçiriləcək “Memarlıq və Tarix” konfransına dəvət almışdım.

— Ana! — qışqırdım. — Florensiyaya gedirəm!

— Dayan, qızım, bir səbrlə danış görüm, hara gedirsən?

— Anacan, çoxdandı gözlədiyim konfransa dəvət almışam, bu mənim üçün böyük şansdı! — Anamı sevincək qucaqladım.

— Sən mənim ən böyük şansımsan, qızım, – anam sevinc göz yaşlarını əli ilə sildi.

***

Bir neçə gün sonra Florensiyada idim. Şəhərin daş küçələri mənə Bakını xatırladırdı. Konfransın üçüncü günü Uffizi Qalereyasının yaxınlığında bir kafedə eskiz çəkirdim. Kimsə yanımda dayandı.

— Baxa bilərəm?

Başımı qaldırdım.

— Buyurun.

— İşıq həlliniz maraqlıdır. Küləyə reaksiya verən fasad düşünmüsünüz?

— Bəli. Qədim bir ideyadan ilham almışam.

— Hansı ideyadan?

— Qız Qalasının akustikasından.

O əlini uzatdı.

— Mən Rəşadam. Özüm də Rəssamam.

— Mən də Gülay – deyib, gülümsədim.

Bir qədər keçdi, söhbət uzandı. Mən qədim memarın qeydlərindən danışdım. Sonda Rəşad: — Gülay, sən divar tikmirsən. Sən düşüncə tikirsən. Əsl memarlıq budur. — dedi.

O gecə hotelə qayıdanda çox düşündüm. Doğrudan, məqsədim sadəcə maraqlı bina tikmək idi, yoxsa insanı düşündürən məkan inşa etmək?

Bir il sonra Bakıda yeni layihəmin təqdimatı idi. Binanın fasadı küləyin istiqamətinə görə rəng dəyişir, daxilində isə səs yumşaq şəkildə yayılırdı. Texnologiya müasir, ruhu isə qədim idi.

Açılışda anam və nənəm ön sırada əyləşmişdi. Nənəm sakitcə mənə tərəf əyilib pıçıldadı:

— Gülay, qızım, bu divarlar, doğrudan, küləyi hiss eliyir?

— Hə, nənə, amma ən çox insanı hiss edir.

Anam həyəcanla əlimi sıxdı.

— Bax, indi başa düşdüm gecələr niyə yatmırdın.

Mikrofona yaxınlaşdım:

— Bu layihə bir şeyi sübut edir ki, keçmiş bizə yük deyil, mayakdır. Tariximizi anlasaq, gələcəyimizi daha düzgün qura bilərik.

Zal alqış səslərinə bürünsə də, mənim üçün ən vacibi anamın fəxarət dolu baxışı idi.

O gün anladım ki, əsl uğur adını deyil, dəyərini böyütməkdir.

OXŞAR XƏBƏRLƏR