DAHA İslam Əməkdaşlıq Təşkilatı nəzdində İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) Direktoru, təsəvvüf düşüncəsi üzrə dünya miqyasında tanınan Prof. Dr. Erol Kılıç ilə müsahibəni təqdim edir.
Dr. Rəşad İlyasov: Xoş gördük! Bilirəm ki, çox məşğulsunuz, həm elmi, həm də ictimai fəaliyyətləriniz kifayət qədər intensivdir. Buna baxmayaraq, vaxt ayırdığınız üçün sizə çox-çox təşəkkür edirik. Qeyd edim ki, müsahibədə həmkarlarım Tahirə xanım, Nərmin xanım və Elnur bəy də iştirak edirlər.
Erol bəy, təsəvvüf ənənəsində “vəhdət” ideyası mədəni və dini müxtəlifliklə necə uzlaşdırılır?
Prof. Dr. Erol Kılıç: Mən təşəkkür edirəm. İndi hər şeydən əvvəl təsəvvüfü, təbii ki, tərifini vermək lazımdır. Yəni təsəvvüf bizim ənənəmizdə, əslində, İslamın bir şərhi idi və İslamla eyniləşmişdi. Yəni biz ənənədə, tarixdə, istər Azərbaycanda olaq, istər Anadoluda, Türkistanda, harada olursaq olaq, İslam deyilən şey, əslində, təsəvvüfi İslam idi.
Amma bu gün, müasir dövrdə müxtəlif İslam anlayışları ortaya çıxdıqca, istər-istəməz biz “təsəvvüfi İslam” kimi bir ifadəni işlətməyə məcbur olduq. Çünki digər İslam versiyalarından fərqləndirmək üçün buna ehtiyac yarandı. Bu, məcburiyyətdən yaranmış bir ifadədir və əslində çox da xoş bir hal deyil. Bəziləri mənə deyir ki, niyə “təsəvvüfi İslam” deyirsiniz, İslamı bölürsünüz? Mən də cavab verirəm ki, əgər biz XVIII əsrdə yaşasaydıq, “İslam” deyiləndə onsuz da təsəvvüfsüz bir İslam təsəvvür olunmazdı. İstər sünni, istər şiə olsun bunlar ikinci planda qalan məzhəblər idi. Amma İslamın ümumi anlayışı məsələn, Nizami Gəncəvinin, Hafiz Şirazinin, Mövlana Cəlaləddin Ruminin, Yunus Əmrənin, Hacı Bəktaş Vəlinin İslam anlayışı, bunların hamısı təbii olaraq təsəvvüfi İslam idi. Bu baxımdan, bu gün belə bir terminə ehtiyac yaranıb.
Bunu belə izah edə bilərik: təsəvvüfi İslam dinin Tanrı ilə insan arasındakı əlaqəsinin sadəcə anlayış səviyyəsində və ya ensiklopedik bir əlaqə olmadığını, daha çox ontoloji, daha daxili bir əlaqə olduğunu əsas götürür. Yəni nə demək istəyirəm? Belə izah edim: Allah “Qurani-Kərim”də buyurur ki, “Mən sizi yaratdım və sonra sizə Öz ruhumdan üfürdüm.”( “Sad” surəsi, ayə 76)Əgər Öz ruhundan üfürübsə, deməli insanın daxilində Onunla bir bağ mövcuddur. Bunu belə deyə bilərik ki, sanki Tanrı ilə insan arasında bir “genetik bağ” var, amma bu ifadə metaforikdir, yanlış başa düşülməməlidir. Sadəcə bir bənzətmədir. Digər bəzi anlayışlarda Tanrı o qədər uca və əlçatmaz təsəvvür edilir ki, sanki göylərin o tayındadır, insan isə burada və arada ciddi bir əlaqə yoxdur, insan ancaq öldükdən sonra bəlkə Tanrını görə bilər. Amma belə olduqda iki ayrı, bir-birindən qopuq kimlik yaranır. Sanki iki fərqli identiklik mövcuddur. Halbuki təsəvvüf belə demir. “Quran”a istinad edilr, Allah buyurur: “Mən ona şah damarından da daha yaxınam.”(Qaf surəsi, 16-cə ayə) Şah damarı insan üçün nə deməkdir? Yəni insanın özüdür. Deməli, mənim özüm müəyyən mənada ilahi bir mahiyyət daşıyır. Hər nə qədər bədən içində olsam da, mən bu cahana sığmıram. Yəni mən bu bədənə sığmıram, bu maddi bədən əslində mənim ruhumu tam daşıya bilmir.
Başqa bir ayədə isə deyilir ki, “Şübhəsiz, siz Allahdan gəldiniz və yenə Ona qayıdacaqsınız.” (əl-Ənkəbut surəsi, 17-ci ayə). Bunu mən demirəm, Allah deyir. Əgər mən Allahdan gəlmişəmsə və yenə Ona dönəcəmsə, deməli, mənim əsl vətənim Allahdır. Bu baxış insana böyük bir sevinc və azadlıq hissi verir.
Məhz təsəvvüf bu cür tolerant və geniş baxışlı bir yanaşmadır. Amma təəssüf ki, son yüz ildə İslam dünyası müxtəlif səbəblərə görə -bunları izah etmək uzun çəkər – bu “vəhdət”, yəni birlik anlayışından uzaqlaşıb. Ona görə də, sosial və siyasi məsələlərə keçməzdən əvvəl, ilk növbədə bu birlik (tövhid) ideyasının ontoloji əsasını anlamaq lazımdır. Bu da Allahla insan arasındakı birliyin mahiyyətidir.
Bu gün hətta Kvant fizikası belə göstərir ki, bütün varlıqlar bir-biri ilə əlaqəlidir. Hər şey bir-biri ilə bağlıdır. Siz Bakıda ola bilərsiniz, mən İstanbulda. Sizin adınız Rəşaddır, başqasının Tahirədir, mənim Mahmud. İlk baxışda aramızda heç bir əlaqə yox kimi görünə bilər. Amma əslində insan olaraq hamımız bir-birimizlə bağlıyıq. Hətta bu əlaqə təkcə insanlar arasında deyil, insanla ağac, insanla torpaq arasında da mövcuddur. Bu baxışla yanaşdıqda, insan bir ağaca necə zərər verə bilər? Ona necə düşmən kəsilə bilər?
Bu fəlsəfənin cəmiyyətə tətbiqinə gəldikdə isə, cəmiyyətlərin fərqliliklərdən ibarət olduğunu görürük. Amma bundan əvvəl bir məqama qayıdaq: Allahın zatı (mahiyyəti) birdir. Lakin Allah yaratmağı istədikdə, Onun adları təzahür etməyə başlayır. Məsələn, “Xaliq” adı yaranır ki, yaradılış olsun; “Alim” adı təzahür edir ki, bilik yayılsın; “Malik” adı ilə mülkiyyət anlayışı meydana gəlir və s. Beləliklə, Allahın zatı bir olsa da, adlarının çoxluğu səbəbilə yaradılışda çoxluq (müxtəliflik) meydana çıxır. Deməli, yaradılış planında bu çoxluq, bu “multi” quruluş mövcuddur. Amma bu çoxluğun içində birliyi “unity”ni görmək lazımdır. Çox olan şeylər əslində bir-birindən tam ayrı, müstəqil varlıqlar deyil; onlar bir varlığın müxtəlif libaslar altında təzahürlərindən, müxtəlif formadakı görünüşlərindən ibarətdir.
Məhz cəmiyyət səviyyəsinə endikdə sufilərin “kəsrət” və “vəhdət” dediyi anlayış burada ortaya çıxır. Yəni vəhdət daxilində çoxluq. İnsan cəmiyyətlərinə baxdıqda görürük ki, kimisi ərəbdir, kimisi türkdür, kimisi başqa millətdəndir; kimisi xristiandır, kimisi yəhudidir, kimisi müsəlmandır, kimisi ateistdir. Bəşəriyyət çox rəngarəngdir: hindular var, buddistlər var. Bunların hamısı Allahın yaratdıqlarıdır. Amma bu müxtəliflik içərisində biz birliyi necə tapa bilərik? Birliyi tapmaq hamını eyniləşdirmək demək deyil. Yəni xristianlığı islamla qarışdırıb vahid bir din yaratmaq deyil. Əlbəttə, kimsə öz istəyi ilə dinini dəyişmək istəyərsə, bu ayrı məsələdir. Amma burada əsas olan budur ki, hər kəs öz yolunda davam etsin, lakin bilsin ki, Allaha gedən yollar tək deyil, birdən çoxdur.
Bu çoxluq Allahın bir ayəsidir. Allah belə yaradıb, biz yox. “Quran”da da buyurulur ki, əgər Allah istəsəydi, hamınızı tək bir ümmət edərdi. O zaman nə münaqişə, nə fərqlilik olardı hamı eyni olardı. Amma Allah istədi ki, insanlar fərqli-fərqli olsunlar, müxtəliflik yaransın. Bunun səbəbi nədir? Müəyyən mənada rəqabət və inkişaf. Bu, müasir iqtisadi fəlsəfədə də mühüm prinsipdir. Məsələn, əgər bazarda tək bir istehsalçı, monopol varsa, bu təhlükəlidir. Amma eyni sahədə bir neçə istehsalçı olduqda, keyfiyyət uğrunda rəqabət yaranır. Dünya siyasətində də eyni məntiq işləyir: əgər dünya təkqütblü olsa, o zaman hegemon güc zülm edə bilər. Amma bir neçə supergüc olduqda, onlar bir-birini müəyyən mənada tarazlayır, həm pislikdən çəkindirə, həm də yaxşılıqda yarışa bilərlər. Ona görə də çoxluq təbiidir, qaçılmazdır. Bunu qəbul etmək isə təsəvvüfi İslamın əsas xüsusiyyətlərindən biridir.
– Çox sağ olun, hocam, dərin və çoxqatlı izahınız üçün. Girişiniz artıq mövzunu geniş şəkildə açdı. İndi ikinci sualımı vermək istərdim: Qərb mənşəli multikulturalizm nəzəriyyələri ilə İslam düşüncəsindəki plüralizm arasında hansı əsas fərqlər mövcuddur?
– Əgər bu günkü reallıqdan danışırıqsa, mənim fikrimcə, multikulturalizmi yalnız multikultural təcrübədən gələn sivilizasiyalar gerçək şəkildə həyata keçirə bilər. Biz müsəlmanlar tariximizə baxsaq, məsələn, Azərbaycanın tarixinə nəzər salaq – burada ermənilər də yaşayıb, xristianlar da, yəhudilər də, hətta zərdüştilər də. Siz onlara zülm etmisinizmi? Xeyr, etməmisiniz. Eyni vəziyyət digər müsəlman coğrafiyalarında da müşahidə olunub. Məsələn, bu gün Fələstin torpaqlarında türklər hakim olduğu dövrlərdə xristianlar və yəhudilər gəlib müsəlmanlardan idarəçilik istəyirdilər. Çünki ədaləti və sabitliyi məhz onlar təmin edirdi. Bunun səbəbi də budur ki, İslam sonradan gəldiyi üçün müəyyən mənada əvvəlki dinləri, yəhudiliyi və xristianlığı öz daxilində ehtiva edir. Yəni Davud da, Musa da, İsa da İslamda peyğəmbər hesab olunur. İslamın şərtlərindən biri də bu peyğəmbərlərə inanmaqdır. Bu baxımdan dinlərarası dialoqda və multikulturalizmdə ən səmimi tərəf, əslində, müsəlman tərəfi olmalıdır. Amma digər tərəflərə gəldikdə ,mən bu cür toplantılarda çox iştirak etmişəm, istər xristianların, istər yəhudilərin təşkil etdiyi tədbirlərdə, təəssüf ki, bəzən səmimiyyətin az olduğunu və arxasında müəyyən siyasi gündəmlərin dayandığını müşahidə etmişəm. Yəni səni siyasi baxımdan istifadə etmək istəyirlər, səni özlərinə tabe etmək istəyirlər.
Mən özümü təsəvvüfi İslamın nümayəndəsi hesab edirəm. Təsəvvüfün tolerantlılıq ilə tanındığını deyirlər və bildirirlər ki, “bizə sizin kimi tolerant müsəlmanlar lazımdır.” Yaxşı, mən sənə tolerant yanaşım, amma sən də mənə eyni münasibəti göstərməlisən. Halbuki çox vaxt bu qarşılıqlı olmur daim yalnız bir tərəfdən güzəşt gözlənilir. Məsələn, Azərbaycanın Ermənistanla bağlı məsələlərində istər Fransa, istər bəzi Avropa ölkələri daim Azərbaycandan güzəşt tələb ediblər, amma qarşı tərəfdən eyni şeyi istəməyiblər. Bu isə ədalətli yanaşma deyil. Əgər mən səhv etmişəmsə, geri çəkilim, amma qarşı tərəf də səhvini qəbul etməlidir ki, ortaq nöqtə tapılsın.
“Quran”da da Allah buyurur ki, “gəlin ortaq bir sözə” (yəni ortaq bir prinsipə) doğru yönələk. Bu, müsəlmanların digər dinlərə çağırışıdır ortaq bir zəmin tapmaq. Hətta A Common Word(ümumi söz)kimi təşəbbüslər də bu məqsədlə yaradılıb, dinlər arasında ortaq dəyərlər üzərində birləşmək üçün. Amma təəssüf ki, bəzi Qərb, yəhudi və xristian təşkilatlarının dialoq fəaliyyətlərində bəzən gizli siyasi məqsədlər hiss olunur. Bu isə insanı narahat edir. Mən bir sufi olaraq bütün yaradılmışlara eyni gözlə baxaram, amma bu o demək deyil ki, sadəlövh olum. Əgər sən mənə eyni münasibəti göstərirsənsə, mən də sənə göstərərəm. Amma bu münasibət birtərəfli ola bilməz.Bu baxımdan mən hesab edirəm ki, Azərbaycandakı multikulturalizm, Türkiyədəki və digər müsəlman ölkələrindəki yanaşmalar daha səmimidir. Amma icazənizlə bir məqamı da əlavə edim: mən istərdim ki, müsəlmanlar bu səmimiyyəti yalnız başqalarına qarşı deyil, öz aralarında da göstərsinlər.Məsələn, təəssüf ki, bir sünni ilə bir şiə arasında sağlam dialoq qurmaq çox vaxt mümkün olmur. Halbuki xristianlarla yəhudilər arasında dialoqda müəyyən irəliləyişlər əldə olunub. Amma müsəlmanlar bəzən bir-birini təkfir edirlər. Yəni bəzi sünnilər şiələri təkfir edir, kafir adlandırır; eyni şəkildə qarşı tərəfdə də belə hallar var. Bu isə qəbuledilməzdir.
Biz qeyri-müsəlmanlara belə qucaq açdığımız halda, niyə bir müsəlman digər müsəlmana qucaq açmasın? Niyə aralarında mənəvi yaxınlıq olmasın? Bu məsələ də əslində multikulturalizmin bir hissəsidir. Bu baxımdan Azərbaycan çox gözəl bir nümunədir. Burada həm şiələr, həm də sünnilər yaşayır və bu, dialoq üçün əlverişli bir zəmin yaradır. Təəssüf ki, bəzi ölkələr bunu bacarmır, səbəbi isə təəssübkeşlik və dini fanatizmdir.
Fanatik düşüncəyə sahib olanlar dialoq qura bilməzlər. Bunu yalnız açıq fikirli insanlar bacarar. Mən heç kimin məzhəbinə qarışmaq istəmirəm. Hər kəsin inancına hörmət edirəm: kim sünnidirsə sünni, kim şiədirsə şiə olaraq qala bilər. Amma qarşı tərəfi “başqası” kimi görməsin, onu şeytanlaşdırmasın, təkfir etməsin. Məni də olduğum kimi qəbul etsin. Mən də qeyd etdiyim kimi, təsəvvüfi yönümlü bir müsəlmanam. Amma bəzi insanlar məni də təkfir edir, deyirlər ki, təsəvvüf yoxdur, bu şirkdir, günahdır. Bu yanaşma doğru deyil. Müsəlman olduğunu deyənlər öz düşüncə səviyyələrini bir qədər yüksəltməlidirlər.
– Çox vacib məqamlara toxundunuz, tolerantlıq, ədalət qarşılıqlı münasibətlərdə tarazlıq çox önəmlidir.
Buyurun, Tahirə xanım.
– Salam, hörmətli professor. Sizi dinləməkdən böyük məmnunluq duyuruq. Sualım belədir: Təsəvvüf məktəblərində “başqasına açıq olma” prinsipi praktikada necə təzahür edir?
– Təsəvvüf daxilində də müxtəlif məktəblər mövcuddur. Xüsusilə, Muhyiddin İbn Ərəbi və Mövlana Cəlaləddin Rumi kimi böyük şəxsiyyətlərin mənsub olduğu məktəblərdə bu “başqasına açıq olmaq” prinsipi daha aydın şəkildə görünür. Məsələn, bu ənənəyə mənsub olan türk sufi şairi Yunus Əmrə bunu çox gözəl ifadə edir.O deyir: “Şəriət, təriqət yoldur varana, mərifət, həqiqət ondan içəri.”
Burada demək istəyir ki, şəriət də, təriqət də məqsəd deyil. Bunlar vasitədir, alətdir. İnsan bir yerə getmək üçün necə ki, maşına minir məsələn, Lənkərandan Bakıya getmək üçün amma məqsəd maşında oturmaq deyil, mənzilə çatmaqdır. Əgər maşın hərəkət etmirsə, o, ən bahalı avtomobil olsa belə, heç bir dəyəri yoxdur. Eyni şəkildə, şəriət və təriqət də insanı mərifətə və həqiqətə çatdırmaq üçün vasitədir. Amma bu gün bəziləri bu vasitələrin içində “oturub qalırlar”, yəni məqsədə doğru irəliləmirlər. Ona görə də mənim üçün önəmli deyil ki, kimsə bəktaşidir, nəqşibəndidir, qadirilidir, şiədir, sünnidir, hənəfidir, yoxsa şafiidir. Bunların hamısına hörmət edirəm. Amma əsas sual budur: bu yolla sən nəyə nail oldun? Hansı nəticəyə çatdın? Mərifət əldə etdinmi? Həqiqətə vardınmı? Əgər bunları göstərə bilirsənsə, deməli, istifadə etdiyin yol doğrudan da səni irəli aparıb.
Təəssüf ki, bu gün bir çox insanlar məzhəb və ya təriqət mənsubiyyətini sanki futbol komandası kimi təqdim edirlər sanki Fenerbahçe, Beşiktaş və ya Galatasaray azarkeşliyi kimi. Bu isə yanlışdır. Mən təriqətə qarşı deyiləm. Təriqətin Qərbdəki qarşılığı “inisiasiya”dır və bu, yalnız İslamda deyil, digər dinlərdə də mövcuddur. Məsələn, Yəhudilikdə də, xristianlıqda da müxtəlif ruhani məktəblər və təriqətlər var. Hətta Athos dağında yüzlərlə monastır və dini icma mövcuddur. Müxtəlif ölkələrdə o cümlədən Gürcüstanda da belə strukturlar var. Amma əsas məsələ budur: sən bu yolla nə ortaya qoydun? Nə yaratdın? Məsələn, Nizami Gəncəvinin də mənsub olduğu bir mənəvi yol var idi, amma o, bundan danışmırdı. O, əsərlərində eşqi, məhəbbəti ifadə edirdi. Eyni şəkildə Seyyid Yəhya Bakuvi kimi sufi şəxsiyyətlər də öz təriqətlərindən çox bəhs etmirdilər; onların əsərlərində və yaradıcılığında bu yolun nəticəsi görünürdü.Bu gün isə təəssüf ki, bəzi sufilər nə poeziya ilə məşğuldurlar, nə fəlsəfə ilə, nə də musiqi ilə. Amma daim hansı təriqətə mənsub olduqlarını vurğulayırlar. Bu isə təsəvvüfün ruhuna uyğun deyil. Əsas olan mənsubiyyət deyil, nəticədir əldə edilən mərifət və həqiqətdir.
Buyurun, Nərmin xanım.
– Salam, hörmətli Erol bəy. Qloballaşma şəraitində mədəniyyətlərarası dialoq anlayışı necə tənzimlənməlidir?
– Yəni bu mövzuya qismən toxundum, amma mədəniyyətlərarası dialoqda biz müsəlmanlar olaraq hər zaman dialoq tərəfdarıyıq, dialoqa açığıq, qarşı tərəflə oturmağa, söhbət etməyə hazırıq. Dünyanın bəzi problemləri var. Bu problemləri həll etmək üçün əslində bütün insanlıq olaraq bir araya gəlməliyik. Məsələn, gənclərin narkotiklə bağlı problemləri var, heroin, kokain kimi. Gənclərin nə dərdi var? Bu gənclər xristianlarda da var, müsəlmanlarda da var, buddistlərdə də var. Belə problemlərin aradan qaldırılması üçün xristian, buddist, yəhudi və müsəlman din alimləri bir araya gəlib birlikdə düşünə bilərlər. Başqa bir problem, məsələn iqlim dəyişikliyidir. Dünyada hazırda ozon təbəqəsi zədələnir. Bu mövzuda nə edə bilərik? Din adamları bir araya gələ bilərlər, gəlməlidirlər. Eyni zamanda su problemi də var dünyada ən mühüm problemlərdən biridir. Su qıtlığına doğru gedirik, yağışlar azalır. Din alimləri bu məsələyə də birlikdə yanaşa bilərlər. Məsələn, müsəlman bir din alimi deyə bilər ki, dəstəmaz alarkən su israfını azaltmaq üçün bəzi qaydalar sadələşdirilə bilər. Başqa bir xristian din alimi də fərqli bir fikir irəli sürə bilər. Yəni dinlərin insanlığa verə biləcəyi ortaq dəyərlər var.
Pandemiya, COVID-19 zamanı bunu gördük. Bu problem bütün insanlığa təsir etdi. Din fərqi olmadan hamı zərər gördü. O zaman din adamları bir araya gəlib gigiyenaya diqqət etməyin vacibliyini vurğuladılar. Burada müsəlmanların müəyyən üstünlükləri də var idi. Məsələn, bəzi tibb mütəxəssisləri dedilər ki, bəzi heyvanların əti yeyilməməlidir (yarasa, böcək, siçan və s.). Bu, İslamda da haramdır. Başqa bir tövsiyə isə əllərin tez-tez yuyulması idi. Hətta bəzi həkimlər bunu dirsəyə qədər yumaq kimi izah edirdilər. Bu da İslamda dəstəmaz olaraq mövcuddur. Yəni deyilənlərin bir çoxu bizim mədəniyyətimizdə artıq var. Buna görə də İslamın mesajları digər sistemlərlə müqayisədə insanlığa çox böyük töhfə verə bilər. Eyni zamanda müharibələrin qarşısının alınması üçün də din adamları rol oynaya bilərlər. Məsələn, Yaxın Şərqdəki müharibələr. Lakin təəssüf ki, bəzi evangelist xristian qruplar və sionist yəhudi radikal qrupları çox təhlükəlidir. Mən bütün yəhudiləri və xristianları nəzərdə tutmuram, lakin radikal və fanatik qruplar digərlərini insan hesab etmirlər. Onlarla dialoq aparmaq çətindir, çünki onlar dialoq yox, monoloq istəyirlər. Yalnız öz fikirlərinin qəbul olunmasını istəyirlər. Biz isə heç kimin tabeçiliyində deyilik, biz yalnız Allahın quluyuq. Biz qarşılıqlı hörmət istəyirik. Müsəlmanlar digər dinləri qəbul edir, çünki bizim dinimiz digər dinləri də müəyyən mənada ehtiva edir. Buna görə də biz öz mövqeyimizdə rahatıq, müsəlmanlar olaraq öz inamımıza güvənirik. Bu gün dünya Osmanlının Qüdsdən çıxmasından sonra sabitliyi itirib və orada münaqişələr davam edir. Osmanlı dövründə isə müxtəlif xalqlara ədalətli yanaşma mövcud idi.
– Yəni İslam dini monoloq yox, dialoq tərəfdarıdır. Özünəinam çox önəmlidir.
Növbəti sualı Elnur bəy verəcək. Buyurun.
– Salam. Müasir Qərb cəmiyyətlərində islamofobiyanın artmasını sekulyarizmin struktur böhranının göstəricisi kimi qiymətləndirilə bilərmi?
– Bəli, islamofobiya, həqiqətən, son illərdə Qərbdə artıb. Amma bu hər zaman mövcud idi. İslamın yaranmasından bəri bəzi çevrələr İslamı heç vaxt qəbul etməyiblər, Hz. Məhəmmədə düşmənlik ediblər. İslamofobiya əvvəldən var idi. Xüsusilə də Avropada Osmanlı türkləri Avropa üçün təhlükə yaratmağa başlayanda, çünki bildiyiniz kimi Vyana qapılarına qədər gedib çıxmışdılar o zaman “Türk qorxusu”, “İslam qorxusu” formalaşmağa başladı.
Orta əsrlərdə “türk” anlayışı milliyyət mənasında deyildi. “Türk” o dövrdə din mənasında işlənirdi. Amma bu gün “türk” etnik bir kimlik deməkdir. Orta əsrlərdə isə “türk” demək “müsəlman” demək idi. Məsələn, 1670-ci illərdə ilk Latın dilində “Qurani-Kərim” tərcüməsində “Türklərin müqəddəs kitabı” yazılırdı yəni müsəlmanların kitabı nəzərdə tutulurdu. O dövrdə kimsə müsəlman olurdusa, ona “türk oldu” deyilirdi. Buna görə də orta əsrlərdə türkofobiya ilə islamofobiya eyni şey idi. Müasir dövrdə isə Afrika və digər bölgələrdə İslamı qəbul edənlərin sayı artıb. Hətta Qərbdə də, məsələn Fransada bəzi fransız ziyalılar İslamı qəbul ediblər. René Guénon, Frithjof Schuon, Titus Burckhardt kimi şəxslər, Yəni İslamofobiya Qərbdə mövcuddur, amma bir şeyi də demək lazımdır: müsəlmanların da özünü düzəltməsi lazımdır. Mən bir müsəlman kimi bəzən müsəlmanlardan da narahat oluram. Ona görə bəzi müsəlmanlar özlərini islah etməlidirlər, eyni zamanda Qərb də müsəlmanlara qarşı daha ədalətli yanaşmalıdır.
Rəşad İlyasov: Təşəkkür edirik. Vaxt ayırdığınız üçün minnətdarıq. Sizin fikirləriniz Azərbaycanda tanınır, oxunur. Biz tədqiqatçılar üçün də bu görüş çox dəyərli oldu. Çox sağ olun. İşlərinizdə uğurlar arzulayırıq. Yenidən görüşmək ümidi ilə!
Prof. Dr. Erol Kılıç: Təşəkkür edirəm!




