Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib.
Daha.az xəbər verir ki, Özbəkistan Respublikasının Daşkənd şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir.
Sessiya çərçivəsində fevralın 11-də “Ordubad Tarix-Memarlıq Qoruğu”nun ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, 1977-ci ildən tarix-memarlıq qoruğu elan edilmiş Ordubad şəhəri 24 oktyabr 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin siyahısına daxil edilmişdir.
Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 21 fevral 2024-cü ildə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılmışdır.
Qeyd edək ki, ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir.




