“Əsli və Kərəm” yeni Əsli ilə

Opera studiyasında Azərbaycan musiqi mədəniyyətinin nadir incilərindən olan “Əsli və Kərəm” operası tamaşaçılara təqdim edilib.

Daha.az xəbər verir ki, budəfəki səhnələşdirmədə Əsli rolunu Opera və Balet Teatrının gənc solisti Gülzar Fərəcova, Kərəm rolunu isə Əməkdar artist Elnur Zeynalov ifa edib. Digər rollarda Taleh Yahyayev (Keşiş), Əməkdar artist İlkin Əhmədov (Şah), Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx), Pərviz Verdiyev (Paşa) və Əməkdar artist Elxan Mansurov (Solo tarda) çıxış ediblər. Solistləri tarda Əməkdar artist Elxan Mansurov müşayiət edib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xoreoqrafı isə Xalq artisti Mədinə Əliyevadır.

Operanın Azərbaycan xalq dastanının motivləri əsasında yazılmış librettosunun müəllifi də Üzeyir Hacıbəylidir. Hazırda teatrın repertuarında nümayiş olunan opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  2011-ci ildə  Əməkdar incəsənət xadimi Hafiz Quliyev tərəfindən səhnələşdirilib.

Qeyd edək ki, “Əsli və Kərəm” operasının ilk rejissoru Hüseyn Ərəblinski, drijoru isə  Üzeyir Hacıbəyli özü olub. İlk Əsli Əhməd Ağdamski, Kərəm isə Hüseynqulu Sarabski idi.
1912-ci il mayın 18-dəki ilk təqdimatından 113 il keçsə də, “Əsli və Kərəm” bu gün də böyük tamaşaçı rəğbəti ilə qarşılanır və uzun, maraqlı səhnə ömrü olan əsərlər sırasındadır. Üzeyir Hacıbəyli operanın mövzusunu Azərbaycan xalq dastanlarından və aşıq musiqisindən ilhamlanaraq yaradıb.

OXŞAR XƏBƏRLƏR