Sentyabrın 16-da Daşkənddə dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı ölməz əsəri özbək dilində təqdim ediləcək.
Daha.az xəbər verir ki, bu nəşr Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir.
İlk dəfə olaraq kitab tam şəkildə özbək dilinə tərcümə edilərək nəfis şəkildə çap olunub. Bununla da dahi bəstəkarın ideyaları daha geniş oxucu kütləsinə çatdırılır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında imzaladığı Sərəncama əsasən təşkil edilən bu tədbir, görkəmli bəstəkarın zəngin yaradıcılıq irsinin özbək tələbələri və musiqisevərləri tərəfindən dərindən öyrənilməsi, onun milli musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərinin təbliği və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.




