XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə təsadüf edir. Elə builki festivalda da dahi bəstəkarın 140 illik yubileyinə həsr olunmuş proqram təqdim olunur.
Daha.az xəbər verir ki, açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi çəxslər, tanınmış ictimai xadimlər, Qəbələ sakinləri və qonaqlar iştirak edib.
Axşam Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş xüsusi konsert proqramı ilə yadda qalıb.
Xalq artisti, Əməkdar incəsənət xadimi Ağaverdi Paşayevin bədii rəhbəri olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu festivalı Üzeyir bəyin “Cəngi” əsəri ilə açıb.
Musiqi tariximizin inciləri ilə dolu axşamda tanınmış bəstəkarların seçilmış əsərləri səslənib. İzləyicilər Səid Rüstəmov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Ramiz Mirişli, Polad Bülbüloğlu, Emin Sabitoğlu, Süleyman Ələsgərov, Fikrət Əmirov, Fərhad Bədəlbəyli, Müslüm Maqomayevin və digər bəstəkarların əsərlərini, eləcə də xalq mahnılarını dinləyiblər.
Qeyd edək ki, festival iyulun 29-dək davam edəcək və konsert proqramlarına giriş sərbəstdir.




