Zevsə hədiyyə edilən narıncı maddənin sirri açıldı

İtaliyanın qədim Paestum şəhərində 70 il əvvəl tapılan sirli narıncı maddənin bal olduğu məlum olub.

Daha.az xəbər verir ki, 1954-cü ildə qazıntılar zamanı aşkar edilən bürünc qabdakı maddənin Zevsə hədiyyə edildiyi düşünülürdü. Oksford Universitetinin alimləri müasir kimyəvi analiz metodları ilə 2500 illik bu tapıntının sirrini açmağa nail olublar.

Qabaqcıl qaz xromatoqrafiyası və kütlə spektrometriyası ilə aparılan araşdırmalar göstərib ki, maddə bal və arı mumuna bənzəyir. Analizlərdə şəkərin min illər ərzində furan birləşmələrinə parçalanması nəticəsində əmələ gələn turşuluq da aşkar edilib.

Tədqiqatçılar qədim dövrdə balın yalnız qida kimi deyil, həm də ölməzlik simvolu kimi dəyərləndirildiyini, tibbi və kosmetik məqsədlərlə, həmçinin dini ayinlərdə geniş istifadə olunduğunu bildiriblər.
Tədqiqatın nəticələri “Journal of the American Chemical Society” elmi jurnalında dərc olunub.

OXŞAR XƏBƏRLƏR