Daha.az Saday Budaqlının “Yolüstü söhbət” hekayəsini təqdim edir.
Evə gedirsən, aparım? Nə zəhmət, yolum onsuz da siz tərəfdəndi. “Nərimanov” metrosunun yanında qalmırsan? Deyirəm də. Di otur. Baxma, hamımız iş yoldaşıyıq, günün çoxunu bir yerdə oluruq, ancaq adamın hamıya qanı qaynamır. Bir il olar da bizdə işlədiyin? Az vaxt deyil. İntəhası, adam tanımağın vaxta dəxli yoxdu. Uzun müddət lap bir damın altında yaşadığın adamı, olar ki tanımayasan. Şəraitdən çox şey asılıdı. Görürsən, vəziyyət elə hərlənib gətirir, yaxın saydığın adamın birdən başqa sifəti çıxır üzə. Neyləyəsən, həyatdı. Yaşaya-yaşaya bilirsən nə nədi. On ilə yaxındı burada işləyirəm, ancaq tək-tük adam var ki, evimə, ailəmə aparmış olam. Demirəm, hamıdan qaç, heç kimə qaynayıb-qarışma. Yox, çalış münasibət saxla. Ancaq hamını ürəyinə yaxın buraxma. Ürəyini açırsan, sözünü deyirsən, bir də görürsən, həmin ağrıyan yerindən vurdular. Dünyanın işləri belədi. Zəif oldun, batdın. Oğlum yerindəsən, bütün həyatın hələ qabaqdadı. Görəgörə özün hər şeyin kökünə gedib çıxacaqsan.
Evli olduğunu bilirəm, uşaqdan-zaddan nəyin var? Oğlandı? Allah saxlasın. Görürəm, buradakı qızlara hərdən xosunlaşırsan. Yox. Heç nə demirəm. Gəzmək də lazımdı. Görüşüb lap o yana keçmək də. Kişiyə hərdən sol getmək olar, ancaq hər şeyin təhəri var. Gərək ilk növbədə ailəndə səni kişi kimi saysınlar, hörmətini saxlasınlar. Yoxsa mən kişiyəm deyib, bu gün burada, sabah orada, bilməyəsən evdəkilərin dərdi-səri nədi, haradan gəlib, hara getdilər, nə yedilər nə içdilər. Əvvəl evin içi, sonra çölü. Ailəni kişi kimi saxlaya bilirsənsə, arada bir böyür-başa boylanmaq olar. Bunları sözgəlişi deyirəm, özün şükür Allaha, ağıllı oğlansan. Mənim də əlimdən gəlib keçənlər olub. Özümə korluq verməmişəm. Hamımız Allah bəndəsiyik, ancaq belə şeyləri hisslə görməmişəm. Ağıllı, ölçülü-biçili hərəkət eləmişəm. Olub – qurtarıb. Onunku onda, mənimki məndə. Hisslə yanaşdınsa, sapı çıxdı. Başlayacaqsan əzab çəkməyə. Onun həyatı olacaq sənin həyatın. Gülüşü, duruşu, baxışı – hamısı dil deyib danışacaq. Hamısına məna verəcəksən, hamısını yozacaqsan.
Bu gün niyə belə baxdı, sabah niyə belə gülümsədi. Narahatçılıqdan da qəliz şey yoxdu. Hələ ürəyinin necə parçalandığını, bölünməyini demirəm. İstəristəməz evdə başqa cür olmalısan, çöldə bir başqa cür. Qadın da elə məxluqdu, səndəki hər dəyişikliyi o saat tutur. Bir şey duydusa, hiss elədisə, dinc dayanmaz. Necəsə, cavabını verəcək, əvəzini çıxacaq. “Min bir gecə”ni oxuyubsan da?! Onu qaçıran divdən səhranın ortasında da qız fürsət tapıb acığını çıxır. Özü də, divin böyründə. Yuxudan oyanmasın deyə, divin başını ehmalca dizinin üstündən götürüb qoyur yerə, səhraya düşmüş tək bir kişini məcbur eləyir onunla olsun. Qadın belə məxluqdu. İstədiyini iki daşın arasında da eləyəsidir. Gərək ona bəhanə verməyəsən. Ona görə belə işləri hisslə yox, ağılla görmək lazımdı. Həm də özün üçün belə yaxşıdı.
Axı hamımızın ömür boyu çalışdığı nədi? İstəyirik bir daxmamız olsun, ailəmiz olsun, işimiz olsun. Sabahımızdan da narahat olmayaq. Həmişə buna çalışmışıq. Birdən də durub könül dilxoşluğuna, ay guya kimisə sevdim deyə, hər şeyi alt-üst eləyəsən, öz yuvana su çiləyəsən. Dəyərmi? Məni dəli eləyib çöllərə salacaqsa, ailədə, işdə hörmətsiz eləyəcəksə, nəyimə lazımdı o sevgi. Hamı Məcnun, Məcnun deyir, soruş ancaq, görün Məcnun olmaq istəyən varmı? Mən evdə çox ciddiyəm. Kimin ağzı nədi bir sözümü iki eləyə. Ona görə yox ki, hər işi düz tuturam. Gərək sənə inanalar, əsas budu. Səhvini də düz bilələr. Bir dəfə boynuna alıb desən ki, filan işi səhv elədim, sabah düz işinə də müçük qoyacaqlar. Bir oğlum var. Bir qızım. Onlarla da, lazım gələndə açıq söhbətlərim olur. Oğlumla elə olub lap sənnən danışdığım kimi danışmışam.
Ayıbdı, filandı, aradan pərdəni götürmə – belə şeylər başıma batmaz. Başqası onların yaxşılığını məndən çox istəyəsi ha deyil. Daha özümü niyə çəkib qurutmalıyam. Görəndə ki, düz iş görmür, nədəsə yanılır, ona elə mən yol göstərməliyəm də. Onun dostu elə mən olmalıyam. Qızımı ərə vermişəm. Öz istədiyi oğlandı. Bir yerdə oxumuşdular. Soraqlaşdım, öyrəndim, əslinə-kökünə bələd oldum, sonra razılığımı verdim. Ailələri kiçikdi. İki qardaşı, bir də anaları.
Pis o idi ki, hamısı bir yerdə qalırdı. Üstəlik, böyük qardaşı da evliydi. Bilirsən, mən həmişə gözəldən qorxmuşam. Bacardıqca onlardan qaçmışam. Onlardan uzaq durmuşam. Bəlkə də, vurulmaqdan qorxmuşam. İnanmamışam onlar da məni sevə, ya görünür, onların vəfasına etibarım olmayıb. Hə, nədənsə, ömrüm boyu onlardan gen gəzmişəm. Qızımın qaynı arvadı da gözəldi. Çox gözəldi. Gözəllik də cürbəcür olur. Bunun gözəlliyi adamı çağırırdı. Elə bil çiçək açmış ağacdı, durub qarşında. Deyir, bax mənə, gör nə gözələm, nə qəşəngəm. mən mənliyimnən gözümü ondan çəkmirdim. Hamı xatirini istəyirdi. Deyən, gülən, mehriban, qılıqcıl. Ancaq çox sərbəstdi. Evə olduqca gec gəlirdi, elə olurdu heç gəlmirdi.
Guya ezamiyyətə gedib, nə bilim, rəfiqələrigildə qalıb. Fikirləş də, ər evdə oturub, arvad hələ işdən qayıtmayıb. Gecə peyda olur, rəfiqəmgildəyəm. Ağlın nə kəsir? Ər heç nə demir, qayınana dillənmir. Onların əvəzinə mən ha danışası deyiləm. Demirəm, işdən gecə gəldisə, mütləq nəsə eləyib. Axı hər şeyin bir qaydası var. Mən də görəndə ki, filan hərəkətimə dillənən yoxdu, əvvəl bir az çəkinirdimsə, sabah heç çəkinmirəm. Hamımız beləyik. Gərək vaxtında qolundan tutub saxlayasan, deyəsən, elə deyil, belədi, bu yolla getməlisən. Nəsə, axır dözmədim. İşin sonuna yaxın getdim idarələrinin qabağına, bir dəfə, iki dəfə, üç dəfə, hər şey məlum oldu. Ürəyimə daman düz çıxdı. Bir xeyli düşündüm, daşındım. Necə eləyim, nə təhər eləyim. Qızım da bu evdə. Gəlinlə ora gedirlər, bura gedirlər. Beşi ağlına gətirməsə də, biri fikirləşməzmi, qızım da elə onun tayıdı, o yolun yolçusudu.
Kimi inandırasan?! Əvvəl qızıma dedim ki, ya siz qalmalısız bu evdə, ya da qaynıngil. Məcbur eləməyin, biabırçılıq açım, götürüb səni aparım evə. Qız qalıb duruxa-duruxa. İnana bilmir. Həm də asan iş deyil axı, özüm başa düşürəm. Gördüm bundan bir şey çıxmayacaq, qayınanasına dedim. O da mızıldadı, sızıldadı, nə başını ağrıdım, bir ay beləcə keçdi. Hər şey yenə əvvəlki qaydasındaca gedir. Bircə mənə münasibət dəyişib. Məni görəndə qızımın da, qayınanasının da ağzı əyilir.
Guya mən bunların evinə narahatçılıq gətirmişəm. Bilirsən, heç kim pis adam olmaq istəmir. Nə olsun, anadı, qardaşdı, ya o birisidi, niyə başlarını cəncələ salsınlar? Haçan özü bilər –bilər, bilməz – canı cəhənnəm. Qoy belə də yaşasın.
Kiminsə dalınca danışanda, barmaqla göstərəndə, fikirləşirsən belə vəziyyətə bu adamın özü necə dözür. Demə, məsələ başqa cürüymüş. Hamı elə arxada danışırmış, o yazığın özünə həqiqəti gedib deyən yox imiş. Bu işi mən başlamasaydım, başqasından eşitsəydim, bəlkə, özgə bir şey fikirləşərdim. Ancaq daha geriyə yol yoxdu. Oğlanın özünü tutdum. Dedi, mənim işimə qarışma. Soruşmur, öyrənmir düzdü, səhvdi. “Mənim işimə qarışma”. Dedim, bu təkcə sənin işin deyil, mənim də qızım bu evdə qalır. Qoymaram, sabah mənim də qızımın adına söz çıxa. Başqa yerdə yaşasaydınız, doğrudan da öz işinizdi. Məcbur oturtdum maşına, apardım arvadının iş yerinin qabağına. Çıxdı, mindi bir zoğalı “Jiquli”yə. Dedim, istəyirsən, sürüm arxalarınca. Başını yırğaladı ki, yox. Özü də kağız kimi ağarıb. Dedim, axşam soruşarsan haradaymış. Yəqin yenə rəfiqələrigildəymiş. Dinib danışmadı.
Yolun ortasında maşını saxladı ki, düşürəm. Nə qədər elədim, dedim, hara lazımdı aparım, razı olmadı. Qapını çırpıb düşdü. Sonra nə eləsə yaxşıdı? Özünü asdı. Ağlın nə kəsir beləsindən?! Axmaqlıqdı. Özünü öldürdüsə, belə şeyə getdisə, demək, arvadını xəyanətinə inandı. İnandınsa, bəs özünü niyə öldürürsən? Guya acıq çıxırdı. Guya qızı peşman eləmək istəyirdi. Nə xeyri. İndi sümüyü çürüyüb. Bəlkə heç üstünə gedən də yoxdu. Allah eləməsin, onu yerində mən olsam, basıb gözünü çıxarardım. Uzağı boşayardım. Daha özümü niyə öldürürəm. Yasda arvadı gözünün yaşını sel eləmişdi. İşin içindən xəbəri olmayan deyərdi ərini nə çox istəyirmiş. Mən də mənəm. Qırxı çıxdı. Ara bir az soyudu. Təklikdə yaxalayıb hər şeyi danışdım. Nə təhər olub, necə ərini aparıb göstərmişəm, sifəti nə hala düşüb – hamısını danışdım. Ağladı, ağzına gələni dedi mənə. Guya təqsir məndədi. Beləsinə nə deyəsən. Sonra şələ-şüləsini də yığışdırıb evinə getdi. Daha bilmirəm haradadı, nə işlə məşğuldu.
Nəyimə də lazım? İntəhası, heç keçiləsi şey deyildi. Nədi, düşürsən? Çatdıq ki? İstədiyin yerə apara bilərəm, mənə görə narahat olma. Di özün bilərsən. Ancaq, deyəsən, tələsdin.




