Yenə də casusam… – Həmid Herisçi

DAHA.az Həmid Herisçinin yeni şeirlərini təqdim edir.

Min doqquz yüz çoxdanıncı illərdəndi
Üzümdəki
Həmişəki
Bu kədər
P. S. O vaxtlar dəmir  qapımız arxasında əvvəl bərkdən
Öskürdülər
– Sizi Azərbaycanın xokkey komandasına seçiblər
Dedilər.
Təklifi sanki gizlindəki bir başqasına da
Eşitdirirdilər!
Çox çox sonralar bircə nəfər,
“Sən və hazırcavab” Anar Məmədxanovun üzündəki sonsuz qəhər
Mənə söylədi:

– Məni də xokkey forvardı seçmişdilər.
Bakının xokkey komandasındadı indi
Bütün bu
Ölülər.
Qatillər?
– Bütün dirilər!
– Doqquz iqlimi Azərbaycanda sevənlər!
– Cəhənnəmdən roominqlə zəng edənlər!
Min doqquz yüz çoxdanıncı illər.
Öl-dür-ül-dü-lər.
Bütün hok-ku-cu-lər,
Bütün xok-ke-ist-lər!

ANTİŞEİR

Sözsüz,
Sözsüz,
o əvvəllərdə
Məktəbdəki böyük tənəffüs,
səni bir dünya gözəli ilə ğörüşdürürdü
üzbəüz.

Sözsüz,
İndi siz o şansı ötürdüz.
İndi antişeir dövrüdü,
İndi şairlər də, kitablar da sözsüzdür,
Sözsüz.
indi külək də gücsüzdü kitabları vərəqləyə,
tam gücsüz.
İndi cəzalanır küləkdən, ürəkdən gələn
Hər cür oxşar təşəbbüs!!!
İndi,
qatar pəncərəsinə yapışmış
bir gözəl üz,
ovucda sənə göndərilən öpüş,
Day demir sənə ki,
qatardan düş.
Öpüş mənlə, öpüş.
Sözsüz.

İndi hər üçünüz, üstəlik, bütün sirlərinizi bilən sürücünüz
Ölürsüz.
Çünki
indi başlayıb
antişeir dövrümüz.
O əvvəllərdi: girirdiz zülmət küçəyə,
avtomobilinizin işıqlarını söndürdüz…
qucaqlaşıb öpüşdünüz.
Şəklinizi Rembrant kimi lümlüt çəkirdi
Avtomobildəki yan güzgünüz.
İndi silindi həyatımızdan bu 3D sevgi ölçümüz.
Başladı antişeir dövrümüz.
Sözsüz.
Sözsüz.
Sözsüz.
Divardakı
Ürəyə sancılmış ox təsvirini
Çox gec gördüz…

Yasayaq: mövzu vermədən kinoya, ikonaya

Əvvəllər necə baxardımsa saatlarla kinoya.
İndi baxıram qədim Müqəddəs ikonaya…
Özüm də, sanki
İlahi fırçayla
Həkk oluram bu İkonoqrafiyaya…
Darıxıram
eyvanımdan  sallanıb
aşağı baxıram.
Görürəm qonşum Güləlinin başı,
Hər ötən gün bir az da, bir az da
dazlaşır.
Ağarır, tam bəyazlaşır.
Həyatın sürəti çox…çox amansızdır.
Çox amansız.
Vatsapda yazışdığım bir gözəlçə qız,
mənə dedi:
– Nəbadə bunu çaşıb xaricilərə
Danışasız!!!
Qədim zamanlarda
Bunu danışırdılar ancaq
Axar suya.
Başgicəlləndirici dərin qara quyuya.
Çoxbilmiş ispanlar, günəşli İspaniya
Danışar bunları
Ancaq sarı gitaraya.
Ruslar, qədim ikonaya.
Belə əhvalatlar düşdümü
Ağlamalı kinoya.
Gedib çatdımı lap axırda…

Süni zəkaya

AZTV-ya, İTV-ya, ABB-ya
Bütün bu elektronikaya
Dönəcək “Dirilən adam” adlı
150 seriyalı şirin çaya…
Son qoyacaq olan-qalan Teletamaşaçıya!

Yaşayaq
Ancaq mövzu vermədən
Hər cür kinoya.
Hər cür yazıya,
tarixi xronikaya…
Qədim ikonaya.
Səhnəsi tozlu.

AZDRAMAYA

AZTV-yə
Düşməkdənsə bu ütülü saytlara,
Düşək həyatın ən amansız
Qara siyahısına!!!
Dağılmalıdı bu Bastiliya!
Bakılılar demiş:
– Min zapıya,
Gir qapıya.
Yosa çox tüstüləyəcək hələ
Bu krematoriya.

SEKOND HAND DÜKANINDA

“For sale: baby shoes, never worn”
Xəz dərili
Çox fərli
bir gödəkçə aldım,
ameriakalıdan,
Sekond hand, ikinci əl dükanından,
Qoxuladım,
iy gəlmirdi
dərin qoltuğundan…
Bir də o dükanda,
andıraqalmış malların,
Köhnə musiqi vallarının,
Tozlu samavarlarin sırasında,
Uzun siyahısında
Allah eləməmiş
Bir cüt uşaq ayaqqabası gördüm.
Geyilməmiş.
Elə bil ağacda göy alçaydı
hələ yetişməmiş…
Öz dilində mənə deyirdi:
– you speak english?
Finiş xəttiydi bu.
Tam finiş…
Burda cəld öz  yerindən qalxıb,
elektron gitararaya,
Uzaqlarda itən gecə qatarına,
Pencəyinin nəşəli astarına
Özünü çatdırmalıydı
ağdamlı Rəmiş!!!
Orda həyat,
Ağır həvəngdəstəylə hələ
tam əzilməmış.
Əzrail o mənzərəni, mənzili hələ tam kirayələməmiş…
gitaranı köksünə hələ sıxmamış Rəmiş
O çəkmələri ata- ana əzizləmiş, iylərmiş,
Öpərmiş…
Deyərmiş, “Firəngiz”…
Tam səssiz.
Uşaq çəkmələri satılır
Geyilməmiş…
Ernest Hemenquey vaxtiylə,
cəmi bu iki sətirlə,
Allah eləməmiş
Həyatın faniliyini, bir saniyəsini göstərərmış.
Elə bil o, bu çəkmələri geymiş…
Ağacların tərbiyəsini pozan
küləklərə qoşulub
1936- cı ilə, İspaniyaya, Klimancara dağına, Afrikaya, ədəbiyyata doğru getmiş…
Ürəyində
həmişə deyərmiş:
“For sale: baby shoes, never worn”
NO KOMMENT.
ŞƏRHSİZ.

ŞƏHƏRİN YAY GÜNLƏRİ
(İTV RƏHBƏRİ BALAKİŞİ QASIMOVUN MƏLUM ETİRAFINDAN SONRA)

Bakıda həmişə təhlükə var
Yay cəhənnəmə çevrilsin.
Təki işləsin
Köhnə kondisionerim.
Lənətlənmış sərinkeşim.
Damcıları,

Göz yaşlarımı
əvəzləsin
Musiqisi, davam etsin
davam etsin…
İnsanları adam etsin.
Bəzilərini
edam etsin.
İTV rəhbəri Balakişi Qasımov kimi
əvvəlcə televiziyanın
Öldüyünü elan etsin.
Sonra azca gizlin qulağıma
Digər ölənlərin
tam siyahını
söyləsin.
Axtarım televizorun pultunda
AZTV düyməsin.
Bəlkə, AZTV-yə bir də gəlmədim…
Zəng etsin,
Köhnə korrupsionerim.
Deyim: …..
Desin: ….
Elə etmə kimsə
tam yad birisi,
Sənə bu yay,
Fizulidən misal gətirsin
Kölgədə bir köpək
ləhləsin
Taleyimi lənətləsin
zülmətdən qopan
zingilti
Fikirləşim, bu hansı  yetimin
İtidi?
Yadıma düşsün,
Keçən yay itbazlarla çəkdirdiyim
Fotoşəklim.
Sərinə çəkilib
bir çaxır içək,
Kəmşirin…
Mənim yay günlərim,
Mənim cəhənnəmim.

ANTİRƏMİŞ (AQİL ABBASA)

“Kənddə meliorasiya və geniş suvarma,
Möhtacdı göz yaşlarıma!”.
Düşüňnürdüm bu haqda,
Qəfil,
Koroğlu metrostansiyasında
Kimsə ayaq pəncəmi basdı.
Demokl qılıncını
Başım üstən asdı.
Hamı birbirinə qarışdı.

Elə bil hamı indicə
Dalaşacaqdı.
Bıçaqlaşacaqdı.
Qan su yerinə axacaqdı.
Qapazlanacaqdı.
Sonra, sonra
Balaların sünnət toyunda
Guya, guya hamı
Barışacaqdı!!!
– Balalarımızın toyunda” – deyib,
Arıq, sısqa kürəklərdə
Bir gözdən
Ağlaşacaqdı.
Və bu millət orda,
Bir manısın
Yamyaş kürəyində for-ma-laşa-caq-dı!
Kənddə suvarma və meliorasiya
Göz yaşlarımıza möhtacdı!
“Balalarımızın toyundan”- dadı,

Bu nidadadı,
Qısası,
Əsl xalq mahnısı.
“Balalarımızın toyunda”dı qisası,
Xalq xilası.
Ona toxunmayıb
Rəmişin
Elektronikası.
Yoxdu  yaxşi ki, bu ifadənin  mahnısı

Manısı.

SON SƏFƏR SOL SƏFƏR
(BƏŞİR SƏFƏROĞLUNA)

Uşaq vaxtları, yadımdadı, Bakıda baş versə xata- bala,
Tabutu yükləmək lazım gəlsə
Heyvərə avtomobil “Ural” a….
Xəzərdən qayıtmasa ata-bala,
Lo düşsə bütün 20-ci sahəyə,  Bayıla…
Bir söz səslənsə: Kərbəla…

Gözlər əvvəl öz-özünə axardı,
Sonra ağıllı-ağıllı baxardı
Sağdan sola.
Sonra baxardılar Kubinkada Molla Mopərinin
Noxudla,
Açdığı fala.
Bax onda Faiq İsmayılov bu sətirlərini yazdı
Son macalda:
– Göyərməyənlərin qisməti baltadı, balta
Bəxtsizlər yox… bütün hədislər
Soldadı.
Solda.
Hə… həyat onda qayıdardı bir başqa magistrala,
Ərəb əlfbasındakı, nərddəki kimi,
Keçərdi, qayıdardı
Sağdan sola.
Sola baxardılar, sola gedərdilər,
Gedərdilər falçıya.
Əl atardılar yolun solundakı göy, turş alçaya.
Düşərdilər stuldan.
Baxardılar küncdəki qədim xalçaya.
Soldan baxardılar televizordakı
Bəşir Səfəroğluna.

O vaxt bizdən soldakı bağa
Gəldi sağalmağa,
bir-iki gün qalmağa,
Əslində, həyatla vidalaşmağa
Gülüş ustası Bəşir Səfəroğlu.
O da seçdi, yadımdadı, solu.
İtələyib bir kənara stulu.
Dirəyib kor divara stolu.
Yerdə, solda oturdu.
gülməyi tam unutdu.
Hə.
Bəşir Səfəroğlunun
Axıracan baxdım
bu son səfərinə!
Bu sol səfərinə.
Son səhnəsinə.
Dalğalar, ləpələr Xəzərdə soldan
Vurur sahilə.

HƏYATIMIN VAMP QADINI

Qəfil
Mafiya babası Eskobardan yox,
Kafe-barlardan yox…
Dənizkənarı bulvardan yox…
Elə bil lay divarlardan,
Ayrıldı, qopdu, peyda oldu bu gözəl qız.
Restoran menyusuna gözucu baxıb
öz musiqisini pıçıldadı:
“Tomatsız…
Xatırladız?
Bu o həmin qızdı, həmin qız.
Kimə, “Uzaq sahillərdə”ki qara geyimli faşist,
Əli qara toxmaqlı, fələk qırmanclı Cənab Şullts
Demişdi :
“Ah, gülsatan qız”….
O vaxtdan sənə tərəf saçımı darayıram.
Daraqsız.
Yanğımı söndürmür
İçdiyim “Sarıkız”.
Ah, gülsatan qız.
Bu gün yenə də Mehdi Hüseynzadəyəm.
Yenə də casusam.
Casus.
Ah, gülsatan qız.
Bu bir əbədi filmdir
Xronometrajsız.

Nizami kinoteatrının 28-ci sırasından görüb sevdim səni…
Bu bir filmdi.
Kinoafişasız.
Həyat puçdur.
Əgər o vamp qadınsızdı,
Vamp qadınsız.
Eləmi cənab Şults?

XUDAFƏRİN
(ŞUŞA VAQİF POEZİYA GÜNLƏRİNƏ)

Bir gün görüşərik Xudafərində,
İndi yellər əsir onun yerində…
Bir gün Xudafərinə oxşar körpünü
Gördüm,
Stiven Spilberqin “Casus körpüsü” filmində.
1961-ci ildə
Casusları dəyişirdilər o cür körpülər üzərində.
O filmdə, o dövrdə, o körpü üstə
Siqaretlər, öskürdürdü,
Qapılar, ürəklər eyni vaxtda döyünürdü,
Çamadanlar, çox tez andıra, sovxaya dönürdü
O səhnələrin təsirindəndi
İlk kosmopolit fikirlərim
Elə bil alışdığım geyim ölçüsü “L”i
“M”lə əvəzlədim.
O filmlərdəydi dodaqlarını isladacaq
gözəllərim.
Bağışla, Münsiflər heyəti
Kəsildi internetim…
Xudafərin,
Sən o soyuq muharibənin,
Atam Qafar  Kəndlinin,
Stiven Spilberqin,
Təkcə
Casus, tale körpüsü
deyildin.
Sən belə yerlərdə öz addımlarını
Yalnız ortopedik çəkmələrə,
Bir də, atam kimi rəhmətliklərə
Etibar edirdin.
Səndin
İhdinas  siratəl mustəqim
Körpülərin bioqrafiyası qısadı.
Siftəsi, tacirlərindi.
Əsgərlərindi. Mühacirlərindi.
Körpülər, axırlarına yaxın, şairlərindi.
Şəhriyarın,
Söhrab Tahirin.
Mənzərəni, deyən,
çox mürəkkəbləşdirdim?
Sadələşdirim:
Üzərində, heç olmasa, casusları dəyişin.
Təki o körpü
İşləsin.
Lap deyirsiz bəsitləşdirim:
Yenə də “Vaqif” pyesi səhnəsindəsiz.
Real ola bilmədiz.
Yenə də artistsiz,
Artist.
Yaxşı.
Elə bilin, yenə də Şuşada
Ağa Məhəmməd şah Qacar
mü-ha-sirəsin-də-siniz.

****

Qəfil,
İki fərqli ünvandan
çox-çox uzaqlardan
bir cüt göyərçin qalxdı.
xeyli aralı uçub, uçub
axır, gedib cütləşdilər, birləşdilər
ən uzaq üfüqdə
parıldadılar
barmağımdakı üzükdə
əkslərini gördüm hətta
İçdiyim şampan köpüyündə.

OXŞAR XƏBƏRLƏR