Şübhəsiz ki, Ceyn Ostinin “Qürur və qərəz”i kino və televiziya prodüserlərinin vaxtaşırı müraciət etdiyi ən məşhur ssenarilərdən biridir.
Daha.az xəbər verir ki, aktuallığını itirməyən əsər bu dəfə netfliksin hədəfindədir.
Belə ki, orijinala uyğun olaraq, çəkilişləri Böyük Britaniyada keçən növbəti “Qürur və qərəz” serialının 2026-cı ildə Neftliks platformasında yayımlanması planlaşdırılır. Bu dəfə Elizabet Bennet və Cənab Darsi cütlüyünü son dövrlərin məşhur aktrisası Emma Korin və BAFTA mükafatı laueratı Cek Louden canlandıracaq.
Netfliks serialın ssenarisini britaniyalı yazıçı, jurnalist və ssenarist Dolli Aldertona etibar edib. Alderton “Sevgi haqqında bildiyim hər şey” kitabı ilə bir sıra mükafatlar və məşhurluq qazanıb. Serialın rejissoru isə “Black Mirror” və “Doctor Who” kimi populyar seriallarda imzası olan Eyros Lindir.
Platforma artıq serialdan ilk fotoları yayımlayıb. “Qürur və qərəz” pərəstişkarları isə yeni versiyanın öncəki iki məşhur adaptasiyanı kölgədə qoyub-qoymayacağını maraqla gözləyir.
Qeyd edək ki, Kolin Fyert və Cennifer Ehlin baş rolları oynadığı BBC serialı (1995) və Kira Naytli və Metyu MakFayden ilə çəkilən film versiyası (2005) indiyədək əsərin ən sevilən adaptasiyaları hesab olunur.





