İtaliyan filosofu Aqambenin “İstisna hal” kitabı modern (hətta demokratik) totalitarizmin özünəməxsus yönlərini şərh edir kitab. Aqambenə görə, qanun deyə bir şey yoxdur artıq, güc qərar verdikdə yalnız vəziyyətin istisnalığına baxır. Əgər istisna hal qanunu tapdalamağı tələb edirsə siyasi güc xüsusi qərarlarla qanunu yox saya bilir.
Və günümüz dünyası qanuna görə deyil, istisna hallara görə idarə olunur. Bu, təxminən köləlik dövrünün prinsipidir. Güc özünün və himayəsində olanların mənafeyi uğrunda istənilən qərarı verə, legitimləşdirə və icra edə bilər.
Yəni qanun anlayışı özünün son dövrünü yaşayır. Ən maraqlısı, beynəlxalq fona baxanda istisna hala görə qanunu ayaqlayanlar demokratik güclərdir. Tam əksinə, avtoritarlar özünü bu güclərin müdaxiləsindən qanuni yollarla müdafiə etməyə cəhd göstərirlər. Bu, yeni, daha doğrusu, unudulmuş köhnə bir dünya düzəni olmalı.
Bəs Aqmben özü bu kitab haqqında nə düşünür?
O, internetdən götürülmüş müsahibəsində kitabında yazdığı fikirləri şərh edir.
Daha.az sözügedən müsahibəni təqdim edir.
– Biz biosiyasətlə bağlı sənədli film çəkirik. Səhv etmirəmsə, siz Fukodan gələn bu termini işlədirsiniz. Baxışlarınızda fərqliliklər var; konseptə “Fövqəladə vəziyyət”, “istisna hal” və “düşərgə” anlayışlarını daxil etmisiniz. Sizi bu konsepsiyaya gətirən nədir və sizdən əvvəl Fuko kimi mütəfəkkirlərin qeyd etmədiyi nədən danışırsınız?
– “İstisna hal” və “biosiyasət” anlayışları mənimlə bağlıdır. Fuko üçün belə olmaya bilərdi. Təbii ki, mən onu Fukodan miras almışam; özümü ona borculu bilirəm. Amma eyni zamanda həyat biologiyasının siyasi məsələyə çevrilməsi baxımından biosiyasət mənim üçün konkret olaraq siyasi suverenlik anlayışı ilə bağlıdır. “İstisna hal” modernlik üçün paradiqma oldu. Bu, onun nomosuna çevrildi. Təcili bir hadisəyə müdaxilə etmək üçün həyata keçirilən müvəqqəti bir tədbirdən dövlətlərin mexaniki normasına, normal vəziyyətinə çevrildi. Benjaminin 1940-cı ildə gördüyü kimi, bizim qondarma demokratik dövlətlərimiz üçün “istisna vəziyyət” qanunun özü oldu. Bütün bunlar Birinci Dünya Müharibəsi ilə başladı; onda vəziyyət başqa idi. 1930-cu illərdə Nasist Almaniyasında baş verənlər. Hitler 1933-cü ildə hakimiyyətə gəldikdən sonra dərhal “fövqəladə vəziyyət” elan etdi bu, 12 il sürdü. Bu, nələrin baş verdiyini açıq şəkildə göstərir. Bu gün vəziyyət başqadır. “İstisna hal” hər şeyə sızıb; artıq bəyan etmək lazım deyil. Bu, bütün siyasi anlayışları dəyişən bir vəziyyətdir. Beynəlxalq hüquq və vətəndaş hüquqları kimi anlayışlar tamamilə dəyişir. Təhlükəsizlik ideyasını nəzərdən keçirək. Qərb cəmiyyətlərinin təməl prinsipi adlandıra biləcəyimiz bu məşhur anlayış “İstisna vəziyyəti”ndən qaynaqlanır və ictimai asayişi ifadə edir. Fuko göstərmişdi ki, bu anlayış siyasətə hökumət mexanizmi kimi Fransa İnqilabından əvvəl fiziokratik hökumətlər tərəfindən daxil edilib. O günlərin problemi aclıq idi. Aclığın qarşısını necə ala bilərik? Onlar heç vaxt bunun qarşısını ala bilmədilər, amma fərqli bir fikir ortaya atdılar: gəlin aclığın qarşısını almağa çalışmayaq, aclıqlar baş versin, amma sonra onları idarə edə bilək. Qıtlıqlar baş verəndə təhlükəsizliyi təmin edə bilək. Bəzi insanlar bu gün təhlükəsizlik paradiqmasının terroru proqnozlaşdırmaqdan ibarət olduğunu düşünürlər. Bu belə deyil. Baş verən budur: qoy bu fəlakətlər və böhranlar baş versin, biz hətta onlara kömək edə bilərik, çünki bundan sonra baş verənləri düzgün idarə edə biləcəyik. Amerika siyasəti son 20 ildə məhz belə işləyib. Onlar heç vaxt böhranların qarşısını almayıblar; əksinə, müəyyən bölgələrdə böhranların və iğtişaşların baş verməsinə şərait yaradır, bununla da vəziyyəti daha “təhlükəsiz” həddə çəkmək üstünlüyü əldə edirlər. 2001-ci ildə İtaliyanın Genuya şəhərində keçirilən G8 sammitində iğtişaşlar baş vermiş, ardınca polislə toqquşma olmuşdur. Hakimlər bir polis rəisini mühakimə etdilər. Polis rəisi qəzəblə belə dedi: “Hökumət asayişi qorumaq istəmir, iğtişaşları idarə etmək istəyir”. Biz başa düşməliyik ki, bu gün vəziyyət belədir. İndi xaos hər yerdədir; biz bunu görürük: böhran, iğtişaşlar, fövqəladə hallar, zərurət halları… Amma sonra “müdaxilə” olunur. Ona görə də bu günlərdə Tunisdə, Misirdə, sonra isə Yunanıstanda maraqlı hadisələrin şahidi oluruq. Bunlar əlbəttə ki, müsbət hadisələrdir. Ancaq yadda saxlamalıyıq ki, bu ölkələrin hökumətləri böhranların baş verə biləcəyini və onları idarə etmək lazım olduğunu bilirlər.
– Bu strateji ideya, bəlkə də, Şərq döyüş sənətləri ilə bağlı ola bilər. Bir əlaqə görürsünüzmü?
– Bilmirəm, bəlkə də, əlaqə var…
– Məsələn, karate? Rəqibinizin sizi vurmasına icazə verirsiniz və sonra zərbə edirsiniz.
– Mütləq. Bilmirəm, bundan ilhamlanıbmı? Fuko bunu göstərdi; Fiziokratların idarəetmə tərzi də bu istiqamətdə idi.
– Bu düşüncə tərzi bizə idarəetmə ideyası ilə maliyyə böhranı arasında əlaqə yaratmağa imkan verir. Kenö və Fiziokratlar üçün bu, “iqtisadiyyat”la bağlıdır. Maliyyə böhranı baş verəndə bu idarəetmə ideyasınmı məruz qalır?
– Mütləq. Unutmamalıyıq ki, “iqtisadiyyat” sözün əsl mənasında ev təsərrüfatını idarə etmək deməkdir. İqtisadiyyat həmişə idarəetmə məsələsidir: mallar, insanlar, maliyyə… Bu, idarəetmə elmidir. Bu, sadəcə, bir elm kimi deyil, idarəetmə mexanizmi kimi düşünülməlidir. Bu nöqtədə biz eyni paradiqmaları görürük: daimi böhran vəziyyəti bunun başqa bir formasıdır. Heç vaxt normal vəziyyət yoxdur, “nizamlı” vəziyyət yoxdur; bir böhranın qarşısını almağa çalışarkən, digəri baş verə bilər. Böhran həmişə orada mövcud olan mexanizm tərəfindən qandallanır. Eynilə təhlükəsizlik kimi. Təcililik və təhlükə həmişə var, mexanizmin bir hissəsidir. Buna görə də, bugünkü təhlükəsizlik müzakirəsində böhranı, təcililiyi, nizamsızlığı və sairləri müstəsna hallar kimi deyil, mexanizmin daxili nüvəsi kimi nəzərdən keçirməliyik.
– Bəs, bu gücə tabe olanlar üçün hansı strategiya təklif oluna bilər – əgər mən bu termindən istifadə edə bilərəmsə? Hakimiyyətdə olanlar hadisələrin baş verməsinə icazə verəcək və sonra onları idarə edəcəklər. Bu hadisələrin bir hissəsi olan insanlar hökumətin bu strategiyaları ilə qarşılaşanda nə edə bilər?
– Təbii ki, təklifləri verən mən deyiləm. Bu böhranları və təxribatları qabaqcadan görən, onlara hesablanacaq bir şey kimi yanaşan hökumətlərin mövcudluğu, şübhəsiz ki, əks-strategiyanı ləğv etmir; əksinə, daha çox ehtiyatlılıq tələb edir. Bilmək lazımdır ki, onlar xaosun öhdəsindən gələ biləcəklər, onların “məqsədi” xaosu idarə etməkdir. Ona görə də bu, olduqca mürəkkəb strategiyadır…
– Deməli, mücərrəd qanun, mücərrəd qaydalar önəmli deyil, önəmli olan idarəçilikdir…
– Bu günlərdə paradiqma artıq qanun deyil, idarəçilik, görülən tədbirlərdir… Böyük dəyişiklik budur. Qanun hələ də var, amma idarəçilik şəraitdən və problemlərdən asılıdır, önəmli olan hansı alətlərdən və normalardan istifadə etmək, hansı tədbirləri görməkdir. Deməli, qanundan daha önəmli olan tədbirdir. Fövqəladə vəziyyət, fərman, polis, müdaxilə…
Siyasi maşın – bəlkə də, bu gün təkcə siyasi də deyil – həmişə ikili maşındır. İki qütblüdür. Yəni mən deyəndə ki, qanun artıq hökm etmir, əslində, qanun hələ də var. Əks halda, haqlarımız filan olmazdı. Karl Şmittin terminologiyasıyla “Suverenlik, qayda” və “hakimiyyət” haqqında düşünsək, – krallar hökm edər, idarə etməzlər – bu ifadə tez-tez təkrarlansa da önəmlidir. Russodan bu günə kimi siyasi fəlsəfə və ya siyasi nəzəriyyə ilə maraqlananlar həmişə önəmli olanın “hegemon”, hökm edən olduğunu düşünüblər. Məsələn, demokratiya varsa, xalq hegemondur və qanunlar çıxarır. Digər tərəfdən, hökumət “icra hakimiyyəti”nin sahibi kimi mövqe tutur və sadəcə qanunları tətbiq edən ikinci dərəcəli kimi görünür. Bu tamamilə qüsurludur. İkili maşını başa düşmədiyimiz üçün belə düşündük. Bu gün əsl “hökumət-icra hakimiyyəti” digərinə hakimdir. Digəri hələ də var, lakin o, yalnız təsdiq edə bilər. Biz asanlıqla görə bilərik ki, parlamentlər – İtaliyada açıq-aydın, məncə, başqa yerlərdə də belədir – hökumət qərarlarını, sadəcə olaraq təsdiqləyir və bu qərarlar sonra qanuna çevrilir.
Qeyd:
Aqamben “İstisna hal”ın ən aydın şəkildə yaşandığı məkan olaraq “Düşərgə”ni seçir.
Onun düşərgə haqqında qısa izahı:
İstisna məkanı kimi düşərgənin paradoksal statusu üzərində düşünmək lazımdır. Düşərgə normal hüquqi nizamdan kənara yerləşdirilən ərazidir; lakin bu, sadəcə olaraq kənar bir yer deyil. Kənarda saxlanılan anlamına gələn “istisna” (Ex-capere) termininin etimoloji mənasını nəzərə alsaq, düşərgəyə salınmaqla kənarda saxlanılan şey kənarlaşdırılmaqla içəri alınır. Bununla belə, burada ilk növbədə hüquqi sistemin daxilinə alınan şey, məhz istisna halın özüdür. İstisna hal “könüllü” olduğu müddətcə, qayda ilə istisnanın ayrılmaz hala gəldiyi yeni hüquqi-siyasi paradiqma qurur. Odur ki, düşərgə istisna halın – hegemon hakimiyyətin əsası bu halın müəyyən edilməsidir – bir qayda olaraq həyata keçirildiyi, icra edildiyi yerdir. Burada güc artıq özünü Veymar Almaniyasının ruhunda olduğu kimi, verilmiş faktiki situasiyanın (ictimai təhlükəsizliyə təhdid) müəyyən edilməsi kontekstində istisna qərarı ilə məhdudlaşmır: burada artıq hegemon öz hakimiyyətini müəyyən edən qadağanın daxili strukturunu kənara çıxarmaqla, istisna üzərində hegemonluğunun nəticəsi olaraq vəziyyəti özü yaradır. Buna görə də, diqqətlə baxsaq, düşərgədə “quaestio iuris” (hüquqi məsələ) və “quaestio facti” (faktual məsələ) tamamilə ayrılmaz hala gəlir. Deməli, düşərgədə baş verənlərin qanuniliyi ilə bağlı bütün suallar mənasızdır. Düşərgə hüquq və faktın ayrılmaz hala gəldiyi hibrid bir yerdir.
Hazırladı: Aqşin Yenisey