Virtual reallıqla həbsxana ziyarəti

Suriyada devrilmiş Bəşər Əsəd rejiminin işgəncə mərkəzi kimi tanınan Sednaya həbsxanası artıq virtual reallıq texnologiyası vasitəsilə ictimaiyyətə təqdim olunur.

Daha.az xəbər verir ki, layihə paytaxt Dəməşqdəki Suriya Milli Muzeyində nümayiş etdirilib.

Təşəbbüskarlar məqsədlərinin Əsəd rejimi və silahlı qrupların törətdiyi cinayətləri sənədləşdirmək olduğunu bildirib. Xatırladaq ki, 2017-ci ildə İŞİD-in həbsxanaları ilə bağlı oxşar muzey yaradılıb və indiyədək 180-dən çox həbsxana qeydə alınıb. Sednaya isə bunların ən böyük və önəmlilərindən biridir.
Sednaya həbsxanasının virtual reallıqla canlandırılması 25 gün çəkib.

Məqsəd Suriyadakı həbsxanaları məkan baxımından sənədləşdirmək, dustaqlara qarşı işgəncə və edamları açıq şəkildə göstərməkdir. Həmçinin həbsxanalarda məhbusların gündəlik həyatına dair şahid ifadələrinin və divarlarda qalan yazıların da sənədlərə daxil edildiyi bildirilib.

Qeyd edək ki, komanda gələcəkdə Suriyadakı bütün həbsxanaları virtual reallıq texnologiyası ilə canlandırmağı planlaşdırır.

OXŞAR XƏBƏRLƏR