VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi yekunlaşıb

Oktyabrın 2-də VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunlarına həsr edilmiş təntənəli mərasim keçirilib.

Daha.az xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak edib.

2013-cü ildən etibarən artıq 7-ci dəfədir ki, Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin keçirildiyini deyən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə ilk müsabiqədə 20 ölkədən 100-dən çox layihənin təqdim olunduğunu xatırladıb. O, fikirlərinə belə davam edib: “Bu ənənəni davam etdirməyi qərara aldıq və hər iki ildən bir təkrarladıq. Müsabiqədə iştirak edənlərin sayı ildən-ilə artırdı. Budəfəki müsabiqədə 40-a yaxın ölkədən 270 layihə təqdim olunub. Bu müsabiqə Beynəlxalq Memarlar İttifaqının 5 ən nüfuzlu müsabiqələrindən biridir. Münsiflər heyəti hər zaman 5 nəfərdən ibarət olub. Onlardan 4-ü Beynəlxalq Memarlar İttifaqı səviyyəsində tanınmış və təqdim olunmuş xarici ekspertlərdir. Yeddi nominasiya üzrə keçirilən müsabiqə kifayət qədər mötəbərdir”.

Mədəniyyət naziri Adil Kərimli Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində dünyanın bir çox tanınmış memarlarının iki ildən bir paytaxtımızda toplaşaraq ən vacib məsələlərin həllində birgə iştirak etdiklərini və bu sahənin inkişafına öz töhfələrini verdiklərini bildirib.

Sonra müsabiqənin münsiflər heyətinin üzvləri Azərbaycan Memarlar İttifaqının ali mükafatı – akademik Mikayıl Hüseynov xatirə medalı ilə təltif olunublar.

Daha sonra müsabiqənin yekunları elan olunub. Hər nominasiya üzrə üç yerin qalibi təltif edilib.

 

OXŞAR XƏBƏRLƏR