Vatsap istifadəçilərin uzun müddətdir ki, gözlədiyi yeniliyi tətbiq etməyə hazırlaşır.
Daha.az xəbər verir ki, bu funksiya sayəsində artıq kiminləsə əlaqə qurmaq üçün telefon nömrəsi paylaşmağa ehtiyac qalmayacaq. İstifadəçilər yalnız istifadəçi adı vasitəsilə bir-birlərini tapa və mesajlaşa biləcəklər.
Yeni funksiya söhbətlər bölməsindəki xüsusi axtarış çubuğu vasitəsilə həyata keçiriləcək. Beləliklə, nömrəsi telefonda qeyd olunmayan şəxsləri belə axtarış nəticələrində görmək mümkün olacaq. Bununla yanaşı, şəxsi məlumatların məxfiliyi də qorunacaq, çünki profil fotosu yalnız müəyyən istifadəçilər tərəfindən görülə biləcək.
Bu yenilik sayəsində beynəlxalq əlaqələr asanlaşacaq, ünsiyyət daha sürətli və təhlükəsiz olacaq. Lakin istifadəçi adı yaratmaq məcburi olmayacaq, istəyənlər vatsapı nömrə ilə istifadə etməyə davam edə biləcəklər.




