Vatsap süni intellekt vasitəsilə yenilənir

Vatsap istifadəçilərə mesajlarını müxtəlif üslublarda tez və rahat şəkildə yenidən yazmağa imkan verən “Writing Help” (Yazmağa kömək) funksiyasını istifadəyə verib. Bu xüsusiyyət Metanın süni intellekt infrastrukturu əsasında hazırlanıb. İstifadəçilər təkbətək və ya qrup söhbətlərində yeni qələm simvoluna toxunaraq bu funksiyanı aktivləşdirə bilərlər. Tətbiq seçilmiş üsluba əsaslanaraq, – məsələn, peşəkar, gündəlik və ya zarafatcıl formada – alternativ mesaj təklifləri verir.

Daha.az xəbər verir ki, Vatsap bu funksiyanın məxfiliyini ön planda saxladığını bildirir. Mesajların və süni intellektin yaratdığı təkliflərin nə Meta, nə də Vatsap tərəfindən analiz olunmadığı vurğulanır. Funksiya ilkin olaraq deaktiv vəziyyətdə təqdim olunur və yalnız istifadəçinin istəyinə əsasən aktivləşdirilir.

Qeyd edək ki, bu xüsusiyyət hazırda, sadəcə, ABŞ-da və ingilis dilində əlçatandır.

Bundan əlavə, tətbiq son günlərdə cavabsız zənglərdən sonra qısa səsli mesaj göndərməyə imkan verən yeni funksiyanı da sınaqdan keçirməyə başlayıb. Bu yeniliklə istifadəçilər ekranda görünən “səsli mesaj yaz” qısayolu vasitəsilə tez bir şəkildə cavab yaza biləcəklər.

OXŞAR XƏBƏRLƏR