Varun Uberoi: “İnsanlara etibar etmək olarmı?” – Müsahibə

Daha.az  kimlik, dəyərlər, çoxmədəniyyətlilik , siyasət tarixi üzrə tədqiqatçı, İngiltərə Loughborough Universitetinin Professoru Varun Uberoinin müsahibəsini təqdim edir.

 

Dr. Rəşad İlyasov: Salam, hörmətli professor. Müasir dünyada multikulturalizmin əsas nəzəri məhdudiyyətləri və imkanları nələrdir?

–  Əlbəttə, bu bir qədər də nəzərdə tutduğunuz nəzəri məhdudiyyət anlayışından asılıdır. Məncə, elə bir multikulturalizm mümkündür ki, o təkcə liberal deyil, həm də mühafizəkar olsun və həm azlıq, həm də çoxluq mədəniyyətlərini qorumağı hədəfləsin; yaxud da elə bir solçu multikulturalizm olsun ki, təkcə maddi deyil, mədəni təsirlərin də insan şüurunu formalaşdırdığını vurğulasın. Lakin hazırda multikulturalizm liberal meyillidir və bu yanaşmada azadlıq seçimlə bağlıdır. Seçim isə seçmək üçün nəyəsə sahib olmağı tələb edir və mədəniyyət insana seçim etmək üçün lazım olan inanc və təcrübələri təqdim edir. Məncə, Kımlikka bunu düzgün şəkildə dərk etmişdi.

Bununla belə, mən daha çox azadlığın təkcə mədəniyyətlə deyil, mədəni müxtəlifliklə necə əlaqələndirildiyi ilə maraqlanıram. Belə ki, özümüzdə sorğulanmamış qalan fərziyyələri, qərəzləri, öz inanclarımızı universal həqiqətlər kimi təqdim etməyimizin problemli tərəflərini görmək üçün biz başqa insanların inanc və təcrübələri ilə təmasda olmalıyıq. Bizə yalnız öz mədəniyyətimiz daxilindəki azadlıq deyil, öz mədəniyyətimizdən də azadlıq lazımdır və mədəni müxtəliflik bunu təmin edir. Digər qruplarla ünsiyyət vasitəsilə biz öz fərziyyələrimizi, anlayışlarımızı və suallarımızı sorğulayırıq və mədəniyyətlərimizi daha da yaxşılaşdıra biləcək yeni imkanları görməyə başlayırıq.

Mən məhz bu cür multikulturalizmlə daha çox maraqlanıram. Düşünürəm ki, bunun da hələ liberal meyilləri var, lakin o, azadlığı təkcə mədəniyyətlə deyil, mədəni müxtəlifliklə əlaqələndirir. İndi isə bu bizi multikulturalizmin imkanlarına gətirir. Məncə, bu cür multikulturalizm təkcə müxtəlif qrupların hüquqlarından ibarət deyil; o, çoxluğun və azlığın bir-biri ilə rahat davranmasından və buna görə də bir-birinə qarışmağa hazır olmasından ibarətdir. Lakin bu çox çətin ola bilər — xüsusilə də Britaniya, Fransa, Almaniya kimi ölkələrdə və Avropa xaricində Hindistanda çoxluq qrupları azlıqdan çox qorxduqda. Bizə bir növ çoxluq üçün multikulturalizm lazımdır — çoxluq qrupunun azlıqlarla özünü rahat hiss etməsinə yardım edən, lakin çoxluğun qorxularına yarınmadan və qeyri-legitim tələbləri qəbul etmədən. Hazırda məhz bu mövzu, çoxluq üçün multikulturalizm, çoxluq qruplarının azlıqlarla və azlıqların çoxluqla özlərini rahat hiss etməsinə yardım edən yollar haqqında bir kitab yazıram.

Multikulturalizmin uğurlu olması üçün hansı institusional çərçivələr vacibdir?

Bildirdiyim kimi, multikulturalizmin liberal, solçu və mühafizəkar kimi müxtəlif növləri ola bilər. Lakin düşünürəm ki, onların hamısı müəyyən liberal və demokratik ideyaların artıq müəyyən şəkildə şərh edilmiş, bir-biri ilə əlaqələndirilmişinstitusionallaşdırılmış olmasını nəzərdə tutur. Mən bunu qəsdən “liberal demokratiya” adlandırmıram, çünki liberal demokratiya, demək olar ki, demokratiyanın liberal bir forması deməkdir. Bunu əksini də təsəvvür etmək mümkündür — demokratiyanın üstün tərəf olduğu bir model. Məsələn, İris Marion Young multikulturalizmi məhz belə başa düşürdü. Liberal və demokratik ideyalar həmçinin bir-birini tarazlayan şəkildə də əlaqələndirilə və institusionallaşdırıla bilər. Məncə, Bixu Parex məhz bu cür institusional çərçivələrin tərəfdarıdır.

Cəmiyyət liberal və demokratik ideyaları şərh edərkən, əlaqələndirərkən və institusionallaşdırarkən bunu mövcud mədəniyyətin içərisində edir. Məsələn, söz azadlığının müxtəlif ölkələrdə fərqli məna və məhdudiyyətlərə malik olmasının səbəbi də budur. Mövcud mədəniyyət də institusionallaşır və məhz buradan multikulturalizm başlayır. Çünki müxtəlif qruplar deyirlər ki, məsələn, söz azadlığının başa düşülmə tərzi “normal” və “universal” deyil, dominant qrupun onu necə şərh etdiyinin nəticəsidir. Bu olduqca xüsusi və partikulardır. Bu səbəbdən də multikulturalizmin müxtəlif ölkələrdə aldığı konkret formalar fərqli olsa belə, o, siyasi icma daxilində müəyyən bir mədəni özünüdərk səviyyəsini həmişə tələb edir. Əsas institusional çərçivə elə bir çərçivədir ki, burada siyasi icma öz ideya və institutlarının haradan gəldiyinə baxmağa hazırdır və onların nə dərəcədə xüsusi olduğunu etiraf etməyə açıqdır. Bu açıq yanaşma icmaya göstərir ki, onun ideya, dəyər və praktikallığı göründüyü qədər universal deyil. Bununla yanaşı, siyasi icma həm də anlayır ki, bəzi azlıqları dezavantaj vəziyyətinə salmamaq üçün öz praktikalarını plürallaşdırmalıdır.

Müxtəlif qruplar arasında etimadı və mənsubiyyət hissini necə gücləndirmək olar?

Etimadı müxtəlif şəkildə anlamaq mümkündür, lakin sizin toxunduğunuz etimad siyasi institutlara olan “vertikal” etimad deyil, insanlar arasındakı “horizontal” etimaddır. Məncə, vətəndaşlar bir-birilərinə yalnız zaman keçdikcə, bir-biriləri ilə qarşılaşdıqca və ünsiyyət qurduqca etibar etməyə başlayırlar. Buna görə də məşhur sorğu sualı — “insanların çoxuna etibar etmək olarmı?” — əslində yanlış formalaşdırılmış bir sualdır. İnsanlar “bəli, çoxuna etibar etmək olar” cavabını verirsə, bəlkə də belə deməməlidirlər, çünki bu həqiqətə uyğun olmaya bilər. Ancaq etibarlı bir siyasi icma o icmadır ki, vətəndaşların əksəriyyətinin başqa vətəndaşlarla müəyyən dərəcədə etibarlı münasibətləri var. Bu nöqteyi-nəzərdən baxanda, siyasi icmada etimad üçün vətəndaşların eyni mədəniyyəti paylaşmalı olduqlarını iddia etmək də qəribə görünür. İnsanlar eyni mədəniyyəti paylaşsalar belə, məsələn, böyük bir fədakarlıq tələb edən hallarda bir-birilərinə yenə də etibar etməyə bilərlər.

Lakin etimadı bir qədər fərqli şəkildə anladıqda — yəni etimadlı siyasi icmanın içində bir çox qarşılıqlı etimad münasibətlərinin mövcud olduğu və bu etimadın zamanla qurulduğu bir icma kimi — onda etimadın qurulması, əslində, zamanla formalaşan ünsiyyətlər və münasibətlər deməkdir. Bunun üçün, məsələn, müxtəlif qrupların birgə iştirak etdiyi və onların qarşılıqlı əlaqə qurmasına şərait yaradan vətəndaş cəmiyyəti layihələri lazımdır. Məktəblər də müxtəlif mənşəli şagirdləri bir araya gətirməlidir ki, uşaqlar müxtəlif mənşəli digər uşaqlarla etibara əsaslanan münasibətlər qura-qura böyüsünlər.

İndi “mənsubiyyət” bir qədər fərqli bir anlayışdır. Mən “mənsubiyyət” sözündən uzaq durmağa çalışıram, çünki o, ən azı üç müxtəlif məna verə bilər. Birincisi, sahiblik mənasına gələ bilər; ikincisi, nəyinsə bir hissəsi olmaq demək ola bilər; üçüncüsü isə daha metafizik bir anlam daşıya bilər məsələn, iki gənc aşiqin “biz bir-birimizə məxsusuq” deməsi kimi. Mən əmin deyiləm ki, bu üç anlayışdan hansının əslində vacib olan məsələ ilə əlaqəsi var.

Düşünürəm ki, insanlar “mənsubiyyətdən” danışanda əslində demək istəyirlər ki, mədəni cəhətdən fərqli vətəndaşlar fərqlərinə baxmayaraq, zaman-zaman özlərini bir vahid və ya qrup kimi düşünə bilməlidirlər ki, kollektiv problemləri və kollektiv məqsədləri anlaya bilsinlər, birlikdə qərarlar qəbul edə bilsinlər və həmin qərarları həyata keçirə bilsinlər. Bu baxımdan, əlaqəli olan anlayış “mənsubiyyət” deyil, vahidlik və insanların özlərini bir vahid və ya qrup kimi düşünməsidir. Böhran anlarında, məsələn, müharibə zamanı vətəndaşlar təkcə özlərini vahid bir qrup kimi düşünməməli, həm də bir qrup kimi hiss etməli və bir-birilərinə sədaqət göstərməlidirlər. Vətəndaşlar arasındakı birlik ailə üzvləri və yaxın dostlar arasındakı birlik kimidir — ehtiyac artdıqca daha açıq şəkildə ortaya çıxır.

İndi isə sual budur: belə birliyi nə möhkəmləndirir? Bunun həm aradan qaldırılması, həm də əlavə edilməsi lazım olan tərəfləri var. Ayrı-seçkilikdezavantaj yaratmaq aradan qaldırılmalıdır, çünki əgər siz müəyyən bir qrupa qarşı ayrı-seçkilik edirsinizsə, onlar sizinlə eyni qrupun üzvü olduqlarını düşünməyəcəklər. Lakin bununla yanaşı, məktəblərdə və vətəndaş cəmiyyətində daha əvvəl qeyd etdiyim kimi etimad da formalaşdırılmalıdır. Və məncə, bu mərhələdə həm də inklüziv milli kimlik formalaşdırılmalıdır. Milli kimlik barədə müsahibənin uyğun hissəsinə çatanda daha geniş danışa bilərik. Lakin düşünürəm ki, “mənsubiyyət” əslində vacib olanı ifadə etmək üçün qeyri-dəqiq bir termindir; əsl vacib olan mədəni cəhətdən müxtəlif vətəndaşlar arasında birlikdir.

İndi isə həmkarım Nərmin sizə sual verəcək. Buyur, Nərmin.

Nərmin Məmmədova: Milli kimliyin konturlarını kim müəyyən edir — siyasi elita, cəmiyyət, yoxsa institusional proseslər?

Bu, milli kimlikdən nə başa düşdüyümüzdən asılıdır. Milli kimlik adətən ən azı iki bir-biri ilə əlaqəli şəkildə başa düşülür. Birincisi, milli kimliyi, məsələn, Britaniyanın kimliyi kontekstində anlaya bilərik. Bu, Britaniyanı başqa ölkələrdən fərqləndirən xalq, tarix və institutlardır. Burada söhbət Britaniyanın nə olduğunu göstərən qeyri-müəyyən, lakin seçilə bilən bir anlayışdan gedir. Biz Britaniyanın kimliyi deyəndə məhz bunu nəzərdə tuturuq. Bu anlayışlar haradan gəlir? Onlar qismən gündəlik həyatımızdan doğur. Məktəbdə ölkənin tarixi haqqında öyrəndiklərimizdən və yaşadığımız cəmiyyət haqqında bildiklərimizdən gəlir. Lakin bunları şairlər, tarixçilər, siyasətçilər və filosoflar da formalaşdırırlar. Onlar tez-tez bir cəmiyyəti necə başa düşmək lazım olduğunu izah etməyə çalışırlar. Məsələn, Russonun Polşa haqqında ideyalarını və ya Fixtenin “Alman xalqına müraciət”ini düşünün. Müxtəlif intellektuallar siyasi icmanın fərqli komponentlərini, onların necə anlaşılmalı olduğunu və bir-biri ilə necə əlaqələndiyini izah etməyə çalışırlar.

Dövlət də bunu edir. 2023-cü ildə III Çarlzın Vestminster Abbatlığında taxta çıxma mərasimini düşünün. Bu mərasim Britaniyanın xarakterini nümayiş etdirməli idi. Xristian mərasimi idi, lakin o dövrün hindu mənşəli Baş naziri Bibliyadan oxudu. Eyni zamanda azlıqlar da mərasimin əvvəlindən iştirak edirdi. Kral açıq şəkildə bütün dinlər üçün “xeyir gətirən” bir monarx olmaq istədiyini bildirmişdi. Beləliklə, milli kimliyə dair anlayışlar çoxsaylı mənbələrdən gəlir: insanların gündəlik həyatından, məktəb proqramlarından, intellektuallardan və dövlətdən.

İndi isə milli kimliyi ikinci şəkildə, məsələn, mənim Britaniya kimliyim kimi başa düşsək, onda söhbət tamamilə başqa bir şeydən gedir. Bu, bütün siyasi icmanın nə olduğuna dair bir anlayış deyil, mənim kim olduğuma dair bir anlayışdır. Necə ki, mənim irqi kimliyim, dini kimliyim və ya cinsi kimliyim ola bilər, eləcə də mənim milli kimliyim var və bu, mənim kimliyimin bir hissəsini əks etdirir. Bu, mənim ölkəm tərəfindən formalaşdırılmış tərəfimdir və məsələn, “nəyin normal” və ya “qəbulolunan” hesab edilməsi ilə bağlı təsəvvürlərimi müəyyənləşdirir. Bu təsəvvürlər bir yerdən gəlir. Onlar təkcə anamın məni necə böyütməsindən deyil, həm də mənə təsir göstərmiş təhsil, hüquq və siyasi sistemlərdən qaynaqlanır.

Lakin insan bu xüsusiyyətlərini özündə hər zaman dərk etməyə bilər, çünki onlar göz önündə olsa da gizli qala bilər və müəyyən introspeksiya tələb edir. Məhz buna görə də son illərdə müxtəlif ölkələr uşaqlara xüsusi bir siyasi icmanın üzvü olduqlarını anlamağa kömək etmək üçün vətəndaşlıq dərslərini tədris etməyə başlayıblar. Bundan əlavə, biz xaricə getdikdə tamamilə fərqli şeyləri “normal” və “qəbulolunan” hesab edən insanlarla qarşılaşırıq və bunun nəticəsində davranışlarımızda, düşüncələrimizdə nəyinsə, məsələn, “Britaniyaya məxsus” olduğunu hiss edirik. Məktəb və universitet mübadilə proqramları vasitəsilə gəncləri qısa müddətlik xaricə göndərmək onların siyasi icmanın onları necə formalaşdırdığını dərk etmələri üçün mühüm yoldur. Bu mənada milli kimliyi stimullaşdırmaq üçün mütləq millətçi və ya hətta sırf milli təhsil lazım deyil; beynəlxalq təhsil də bunu edə bilər — çünki başqa yerlərdən gəlmiş insanlarla təcrübələrimiz bizə göstərir ki, siyasi icmamız bizi necə formalaşdırıb.

– Etnik müxtəliflik siyasətlərinin gələcəyini necə görürsünüz?

Multikulturalizmin ilk açıq siyasətləri 1971-ci ildə ortaya çıxdı və o vaxtdan bəri tənqid mövzusu olub. Son 25 ildən artıq müddətdə tənqid xüsusilə güclü olub və bu tənqid təkcə Kameron, Merkel, Sarkozi kimi aparıcı Avropa siyasətçilərindən deyil, həm də Donald Trampdan gəlib. Bununla belə, bu siyasətlər mövcud olaraq qalır və çoxlu empirik araşdırmalar göstərir ki, onlar daha da genişlənib. Təbii ki, kəskin tənqidi ritorika zamanla bu genişlənməni azalda bilər. Lakin 50 ildən çox açıq formada mövcud olan istənilən siyasətlər dəsti elə bir yol asılılığı yaradır ki, institutlar və onların üzvləri bu siyasətlərə alışır, onlara qarşı müəyyən öhdəlik hissi formalaşdırır və bəzi funksiyaları onsuz necə yerinə yetirəcəklərini bilmirlər. Bu siyasətlər müxtəlif baxış bucaqlarından əsaslandırıla bilər – hətta gözləmədiyimiz perspektivlərdən də. Məsələn, multikulturalizmə qarşı olan mühafizəkarlar nəzərə almırlar ki, 1980-ci illərdə Kanadada məhz Mühafizəkar hökumət tərəfindən Multikulturalizm Aktı da daxil olmaqla mühüm multikulturalizm islahatları həyata keçirilib. Mən bu barədə yazmışam. Bu siyasətlər həm də baha başa gəlmir və onları ləğv etmək də müəyyən xərc tələb edir. Buna görə də mən bu siyasətlər barədə ehtiyatlı şəkildə nikbinəm, çünki onlar daha əvvəl də çətin dövrlərdən keçib, müxtəlif ölkələrin aparıcı siyasətçilərinin 25 illik sərt tənqidinə baxmayaraq yaşaya bilib və indiyədək davamlılığını qoruyub.

Çox sağ olun, hörmətli professor. Düşünürəm ki, bu, sizinlə çox maraqlı bir müsahibə oldu. Bu müsahibə bizim Azərbaycanlı tədqiqatçılar üçün mühüm bir stimul olacaq. Biz gələn il, aprelin sonunda multikulturalizm üzrə beynəlxalq konfrans keçirməyi planlaşdırırıq. Sizi həmin konfransa məruzəçi kimi dəvət etmək istərdik. Mümkündürmü?

Adətən, belə dəvətlərə “bəli” deyirəm, amma mənə dəqiq tarix lazımdır. İki çox kiçik uşağım var, ona görə xanımımla uşaq qayğısı barədə danışmalıyam, sonra tam cavab verə bilərəm. Amma əlbəttə ki, bununla çox maraqlanıram və sizlərə qoşulmağı çox istərdim.

OXŞAR XƏBƏRLƏR