Van Qoq Muzeyi bağlana bilər

Van Qoqun əsərlərindən ibarət ən böyük kolleksiyaya ev sahibliyi edən Amsterdamdakı Van Qoq Muzeyi maddi sıxıntılar səbəbilə fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir.

Daha.az xəbər verir ki, muzey rəhbərliyi Niderland hökumətindən illik əlavə 2,5 milyon avro dəstək tələb edir. Muzey bu vəsaitin yalnız maliyyə yardımı deyil, həm də 1962-ci ildə imzalanmış müqavilədən doğan hüquqi bir öhdəlik olduğunu bildirir. Həmin müqaviləyə əsasən, rəssamın ailəsi Van Qoq kolleksiyasını dövlətə, əsərlərin qorunacağı və xalqa açıq olacaq bir muzeyin yaradılması şərti ilə təhvil vermişdi.

Qeyd edək ki, Van Qoq Muzeyi 2028-ci ilə qədər 104 milyon avroluq təmir və modernləşdirmə layihəsi çərçivəsində binanın havalandırma, təhlükəsizlik və enerji səmərəliliyi sistemlərini yeniləməyi planlaşdırır. Artıq 1970-ci illərdən bəri yüz minlərlə ziyarətçiyə xidmət edən binanın infrastrukturunun köhnəldiyi vurğulanır. Muzey dövlətin hazırda təklif etdiyi 8,5 milyon avroya əlavə olaraq hər il sabit şəkildə 2,5 milyon avroya ehtiyac duyduğunu açıqlayıb. Bu dəstək təmin olunmasa, hər il milyonlarla insanın ziyarət etdiyi, Hollandiya və dünya mədəni irsi üçün əvəzolunmaz sayılan Van Qoq Muzeyinin gələcəyi sual altına düşə bilər.

OXŞAR XƏBƏRLƏR