…və ya mübahisəli şəhər – “Amanabənd” romanı haqqında

DAHA.az Cavid Ramazanovun “Amanabənd” romanı haqqında Cavanşir Yusiflinin “Dağılan dünyanın həniri və ya mübahisəli şəhər…” yazısını təqdim edir. 

Cavid Ramazanovun “Amanabənd” romanı hansı səbəblərə görə təqdir olunmalıdır? Fikrimizcə, bu roman həm də bir sıra məsələlərə aydınlıq gətirdi, şübhəsiz ki, roman janrıyla bağlı. Bizdə, bizim cameədə necə gəldi yazılan mətnlər nə qədər desən. Onların arasında şübhəsiz ki, əhvalatçılıq mərəzi ayrıca qeyd oluna bilər. Bir də komposzisiyası alınmayan mətnlər: hissə və fəsillərin bir-birini istisna etdiyi “bədii mətnlər” … Əhvalat və hadisələrin bədii mətnə çevrilməməsi problemindən də danışıla bilər. Təhkiyədə əsas məsələ, nəqlin dinamikası, dinamikanın sürəti, ümumən sürətin hiss eidlməsi, həm də qaldırılan məsələ, söylənilən fikirıərə münasibətdə təhkiyə dinamikasının, bunu göstərən “əyrinin” hərəkətini tənzimləmək ayrırca qeyd olunbmalı məsələlərdəndir.

Bir də yazıçı təsbitləri: həyat, ölüm, yaşamaq və sair haqqında. Bu təsbitlər sətirlərin arasındakı maqnit gücünü dəf etməli, geniş cazibə sahəsi yaratmalıdır. Bəzən istənilən güclü romanda haqlı olaraq insana təsir edən və getdikcə mərkəzi sahəyə çevrilən əhvalat görk olur. Ancaq bunun bir arxa planı, onu mətndə saxlayan dayaq da olmamış deyil. Çingiz Aytmatovda “Burası dünya, burda hər şey elə yarımçıq qalır” deyimi kompozisiyanın əsas fəlsəfəi məqamını ən mükəmməl şəkildə ifadə edir və hadisələrin mətndən “dağılıb” parçalanmasına imkan vermir.

Cavidin romanında, elə onun adında (“AMANABƏND”) konseptual yanaşma mövcuddur. Hər yerdə, hər bir pasajda gövrəklik, əl vursan, toxunsan, “indicə dağılacaq”, uçub gedəcək hissiyatı var. Şübhəsiz, yeniyetmələrin həyatından, onların təmiz sevgi münasibətlərindən dünyada və bizdə çox sayda əsərlər yazılıb. Amma ən müxtəlif məsələləri qabartmadan, heç bir hadisənin üstünə vurğu işarəsi yerləşdirmədən mühiti, yeniyetmələrin təmiz, heç nədən asılı olmayan hislərini təsvir etmək çətindir. “Amanabənd” romanında ilk növbədə mühit (real və uydurulan-!) maraqlıdır, yəni bu məsələdən, belə bir ağır mövzudan nələr yazmaq olardı?!!!

Romanın bu ərazisi, az qala, ”mübahisəli şəhər” adlandırıla bilər. Müəllif nəyi, hansı problemi əsas götürməlidir: onlardan birini, yoxsa kompleks halında hamısını, yaxud mərkəzi məqami hər bir elementin qovşağında? Ancaq romanın oxucuya verdiyi azadlıq (oxuyun və bu ağır məsələni düşünün…, onu dəyişdirməyə və yenidən yaratmağa çalışın, bacarsanız…) da xilasedici rolunu oynaya bilmir. İlkin olaraq belə bir məsələni demək olar: o yaşda qəhrəmanların, personaj və xarakterlərin hislərini olduğu gövrəkliklə vermək çox çətindir. Bir azca əysən, hər şey dağılıb uçacaq. Romanın əvvəlindən sonuna qədər Cavid bu məsələdə saxtakarlığa, bicliyə, hətta fəndgirliyə yol vermir. Halbuki müəyyən məsələlər baxımından bunu edə də bilərdi. Nə üçün? Müəyyən bucağı lap dibdən göstərmək üçün. Ancaq o, səmimiyyətə üstünlük verir, elə bir mövqe seçir ki, özü ümumən görünməsin.

Roman mətni hərdən bizə şəhərin uçurulacaq bir məkanını xatırladır. Sanki zəlzələ baş verir, binalar laxlayır, yellənir, ancaq bir anlığa hər şey özünə gəlir və köhnə məhəllələrin başının üstündən günəş doğur.

Bir yandan “Sovetski” sökülüb dağıdılır, elə bir məkan ki, burda reallıqla miflər dərinlərdə əl-ələ verib insanların həyatına müdaxilə edirlər, həzin, həzindən həzin pıçıltılar yaşayır bu məkanın hər küncündə, həm kənardan çox basırıq, çox qorxulu görünən bu məkanda çox sadəlövh adamlar yaşayır. “Sovetski”ni sökəndə bununla razılaşmayan, öz evindən ayrılmaq istəməyən insanların həyatı puç olur, hamının gözləri qarşısında, narazı olanları hansısa məktəbin akt zalına yığıb döyürlər, sonra, bir kişi evində yatmışkən divardan sızan qazdan boğulub ölür. Bu məkanda qanunlar var, hər kəs atdığı addıma fikir verməlidir. O addımları tərs atsan, kiminsə kölgəsinə sığınsan, qanın gedər, ailəni qorumaq lazımdır, yoxsa “peysər” sözü sənin sonunu gətirə bilər, düz alnının ortasına qonar. Ailəndə zəif yer varsa, sadəcə, boğularsan. Bütün bunlar – ayrıca bir məkanın “ləğv edilməsi”, bir-birini tanıyan və artıq çoxdan bir-birinə isnişmiş insanların didərgin salınması, ümumən bütün bu bəlaları bir yeniyetmənin sevdiyi qıza münasibətində, şəhəri gəzib dolaşmasında, bu saf və sadəlövh sevginin işığında, dərd və kədər dalğalarının qoynunda vermək çətindən çətindir.

Cavid buna nail olubmu? Əlbəttə, qismən nail olub. Ən əsası bir konsepsiya qurmaqla.

Amanabənd söyləmi mətnin içində, onun ün yetməyən dərinliklərində  yaşayaraq heç bir nöqtədə dayanmır və düşüncəni dayandıran, təhkiyə dinamikasına dur deyən metaforaya çevrilmir. İnsanın daxilində, yaşadığı mühitdə və onunla bağlı hadisələr qövr edir, çalpaşıq formada insanın içindən keçir, onu yeniyetmələrin heç zaman bitməyəcək kimi görünən arzu və istəklərindən, həyəcan və qorxularından, sevgi və onun toxunarsa köz olub yandıracaq hənirindən qorumur. İnsan yaşadığı yeniyetməlik, ilk gənclik dövrünün azadlığının sonsuza qədər uzanan nisgili elə yaxından, bir nəfəs kimi yaxından hiss edir ki, bu yolda hər bir toxunuş ona unudulmaz dünyalar bağışlayır, ömrünü bir tikili, bir mətn kimi dağıdıb təzədən, təntiyən eşqlə yenidən qurur. Köhnə məhəllədə ürəyinə güllə kimi açılan ilk nəvazişlə, öpüş və hənirlər həmin məhəllənin başının üstünü almış dağılmaq, bu dünyadan yox olmaq təhlükəsiylə bərabər baş verir, bu ilk toxunuşlar o qədər qənirsiz və unudulmazdır ki, məkanın başına gələcək fəlakət belə yaddaşında arxa plana keçir.

Sona yaxın qızın məhəlləyə gəlməsi, yolda Sovetskidə günəşin batışı və doğuşunu xatırlaması, İlyasın həm sevgisinə, həm də bir azdan dağılacaq məhəlləsinə pilləkənlər boyu şam yandırması insanları dərbədər salan faciənin külünü xatırladır. “Amanabənd” sözü hər bir pasajda yanğın yeri kimi keçir, İlyas pilləkənlar boyu şamları yandırır ki, Şəhlaya bələdçilik eləsin, gecikməsin, yoxsa bir an gecikərsə hər şey dağılar, onların ikisi də, həm də canlarından ötə silinməz duyğu və xatirələri bu xarabalığın altında qala bilər. Amanabənd hissiyyatı qəhrəmanın qanına işləyir, daha doğrusu qanına yerikləyir, o dərəcədə ki, bu nöqtə qızın pilləkənlar boyu, şamların müşayiəti ilə yuxarı qalxması, çanta dolu pulu görüb götürməsi və ayaqqabılarının dabanlarını yerə, dağılacaq məhəllənin zamanına çırparaq getməsi İlyasın da artıq yox olması, söküləcək məhəllədə o xarabalığın altında qalması anlamına gəlir. İlyas Leyla yoldaykən qapıdan içəri girən kimi yox olur. O artıq virtual “Sovetski”də yaşayır.

Məhəllələr sökülür, burda göydələnlər tikiləcək, yarımçıq qalan həyatlar heç zaman bitişməyəcək, nə qədər ümid eləsən də, hər şey daha da pis olacaq, bəxtin gətirməyən bu axışını dayandıra bilməzsən demək. Müəllif bütün bu hisləri özünəxas üslubla, həm ilk gənclik duyğularını kənardan seyr etməklə, həm də heç kəsin görə bilmədiyi bucaqdan təsvir efir. Təsvir, çəkiliş tam xəbərsiz aparılır.

Ancaq bəzən Cavid təfərrüatların içində azır, mətləbi çox uzadır, bir anlığa kəsə yolu unudur, çünki deyəcəklərini, bəlkə, yaza bilməməkdən ehtiyat edir.

Fikrimizcə, bəzi məqamların daha mükəmməl alınması naminə müəllif detallarla işləməliydi, elələrini bədii mətnə gətirə bilərdi ki, həm məhəllənin aurası, həm orda nəfəs alan insanların həyatı tam görünə bilsin. İlyasın anası ilə münasibətləri, fikrimizcə, daha dərindən işlənə bilərdi.

Belə demək olar: Cavid rakursu həm yaxından, həm uzaqlaşaraq qura bilir, ancaq bəzən bu məqamlarda üzdən gedir. İlyası dəlləyə apardığı səhnə, evin içi, ordakı əşya və detalalr, onun saçını düzəldən adamın sözləri… davranışı, bəlkə, daha başqa tonda təsvir edilə bilərdi. Bunlar, şübhəsiz ki, artıq yazılmış, bitmiş bir mətnin üzərindən qaçaraq gedən mülahizlərdir.

Fikrimcə, Cavidin xas nasir qələmi bizi daha əhatəli, daha konseptual əsərlə tanış edə biləcəkdir.

Buna inanıram.

Daha bir məqam. Yeni yazılan nəsr əsərləri, xüsusən, romanlar tənqid olunmalıdır.

Yeni böyük, əhatəli, çoxşaxəli mətnlərin boş yerəri, gücsüz, zəif görünın məqamları göstərilməlidir.

Bizdə, fikrimizcə, bu çatmır. Yəni, açıq deyək, ixtisaslaşma yoxdur. Bu problemin ən açıq tərəfidir. Yəni: dediyimiz olarsa, gələcəkdə həmin boşluqlar üzərindən keçən mətnlər, yeni yazılacaq romanlar indi tənqid edilən mətnlər üçün ümid yeri ola bilər. Tənqid əsəri məhv etmir, dağıtmır, tənqid mətn üçün ümid yeri yaradır, bax, gələcəkdə bu konstruksiyada hansı əsərlər yazılarsa, indi tənqid edilən əsərin canlanmasına, ona bəraət kimi qavranıla bilər. Çünki ən azından bədii mətnlər də zamanla dolğunlaşa, dəyişə bilirlər. Yeni anlayışlar gəlir dünyaya, zamanın hərəkəti, oxunun hərəkət dinamiokası bri az dəyişən kimi, mövcud mətnlər də başqa formada nəzərə çarpa bilər. Bir bədii mətnin sonsuz oxu variantları ola bilər. Oxucudan və zamandan, zaman içrə dəyişən, mükəmməlləşib boy atan estetikadan asılıdır bu.

Hələlik ümid edək.

Düzələcək.

Hər şey yaxşı olacaq…

OXŞAR XƏBƏRLƏR