Üzgüçü – Con Çiver

Con Çiver (1912-1982) XX əsrin ən böyük Amerika yazıçılarından biri hesab edilir. 1979-cu ildə “Pulitser” mükafatına layiq görülüb. Əsərlərində, əsasən, Amerika orta təbəqəsinin həyatını ifadə edən yazıçıya “Amerikanın Çexovu” deyirdilər.
Daha.az müəllifin “Üzgüçü” hekayəsini təqdim edir. Bəzi tənqidçilərin fikrincə, “Üzgüçü” XX əsrdə ingiliscə yazılmış 100 ən yaxşı hekayədən biridir.  

Hər kəsin “dünən yaman çox içmişəm” dediyi isti bazar günlərindən biri idi. Bu gün həmin sözləri kilsədən çıxan insanların, cübbəsini əynindən güclə çıxaran keşişin dilindən, Odüban cəmiyyətinin liderindən, qolf meydançalarında, tennis kortlarında eşitmək olardı.
“Çox içmişəm,” – Donald Uesterheyzi dilləndi. “Hamımız çox içmişik,” – Lüsinda Merril cavab verdi. “Hamısı şərabdandır” – Elen Uesterheyzi dedi. – “Özü də, qırmızıdan çox içmişəm.”

Uesterheyzgildə hovuz kənarında oturmuşdular. Dəmir tərkibli artezian suyu ilə doldurulduğuna görə, hovuzun rəngi yaşıla çalırdı. Gözəl gün idi. Göyün sol tərəfində toplanmış topa buludlar uzaqdan yaxınlaşan gəminin göyərtəsindən görünən şəhərə bənzəyirdi. Onun adı da olmalıydı: Lissabon  və ya Hakensak. Neddi Merril bir əli suda, o biri əlində bir stəkan cin yaşıl hovuzun kənarında əyləşmişdi. Qamətli adam idi, artıq yaşlansa da, cavan görünürdü. Elə bu səhər evindəki pilləkənin məhəccərindən sürüşüb düşən, zaldakı Afrodita  heykəlinə dəyib mətbəxdən gələn qəhvə ətrinə doğru atıla-atıla qaçan o deyildimi? Onu sürətlə ötüb keçən yay gününə, xüsusilə, günün son saatlarına bənzətmək olardı. Hətta əlində tennis raketkası, parusin çanta olmadan da, gənc, təravətli və gümrah idmançı təsiri bağışlayırdı. Təzəcə sudan çıxmışdı, indi isə dərindən nəfəs alırdı; elə bil həmin anı bütövlükdə günəşin hərarəti və həyatdan aldığı böyük həzlə birlikdə ciyərlərinə çəkmək istəyirdi. Öz evi cənuba tərəf səkkiz mil uzaqda – Bullet Parkda yerləşirdi. Yəqin ki, dörd gözəl qızı artıq yeməklərini yeyiblər  və indi orada tennis oynayırlar. Bu vaxt ağlına gəldi ki, çarpaz şəkildə cənub-qərbə doğru üzsə, su yolu ilə evinə çata bilər.

O məhdudiyyət tanımırdı. Ona görə də bu ixtirasından aldığı nəşəni qaçışameyllilik kimi qiymətləndirmək olmazdı.  Artıq ətrafdakı bütün hovuzları təşkil edən, nadir hallarda üstə çıxan yeraltı çayın bütün girinti-çıxıntılarını kartoqraf dəqiqliyi ilə gözündə canlandırmışdı. O, kəşf eləmişdi, coğrafiya elminə böyük töhvə vermişdi və bu çayı arvadının şərəfinə Lüsinda adlandıracaqdı. O, nə zarafatcıl, nə də axmaq adam idi, amma qəti demək olar ki, kiməsə bənzəmirdi, özünü təvazökarcasına əfsanəvi bir qəhrəman hesab edirdi. Gözəl gündü. Düşünürdü ki, uzun müddət üzməklə onu daha da uzada, gözəlləşdirə bilər.

Çiyninə atdığı sviteri tulladı və suya baş vurdu. Nədənsə suya birbaşa atılmayan kişilərdən zəhləsi gedirdi. O, hər həmlədə və ya dörd həmlədən bir nəfəs ala-ala krol üslubu ilə sürətlə üzür, beyninin bir kənarında qol hərəkətlərinin ritminə uyğun sayırdı: bir, iki, bir iki. Krol böyük məsafələr üçün yararlı deyildi. Lakin vərdiş etdiyindən onun üçün krol ənənəvi üzmə üsulu idi. Şəffaf, yaşıl suyun qoynundaykən sanki ibtidai həyata qayıtmışdı: çılpaq üzmək istəyirdi, amma bu, bugünkü planlarına uyğun gəlmirdi. Sudan çıxdı, heç vaxt nərdivandan istifadə etməzdi. Çəmənlikdə yeriməyə başladı. Lüsinda hara getdiyini soruşanda cavab verdi ki,  evinə üzəcək.

Beynində keçməli olduğu yolun dəqiq sxemi çəkilmişdi. Əvvəl Qremlərin evi gəlirdi, sonra Hammerlər, Lirlər, Houlendlər və Kroskaplar. Bankerlərə getmək  üçün Ditmar küçəsini keçəcək, bir az quru yolla yeriyib, əvvəl Levilərin və Uelçerlərin mülkünə, sonra isə  Lankesterdəki ictimai hovuza çatacaqdı. Sonra isə sıra ilə Helloronlar, Sakslar, Bisvengerlər, Şirli Adams, Gilmartinlər və Klaydlar.  Hava gözəl, bu cür  su ilə zəngin bir dünyada yaşamaq isə çox  böyük  nemət idi. Ürəkdən sevinirdi, otluqda qaçırdı. Evə belə – qeyri-ənənəvi yolla qayıtdığı üçün özünü tədqiqatçı, səyyah, xoşbəxt adam hesab edirdi. Yol boyu dostları ilə rastlaşacaqdı, Lüsinda çayının sahillərində dost tayfalar məskunlaşmışdı.

Uesterheyzlərin torpaq sahəsini Qremlərin mülkündən  ayıran hasarı adladı, çiçəklənən alma ağacının, Qremlərin nasos və süzgəcini örtən çardağın altından keçib, hovuza çıxdı.”Bu ki, Neddidir” – Missis Qrem sevincək dilləndi. – “Nə gözəl sürprizdir, bütün gün sizə zəng vurmuşam. Qoy sənə içki süzüm”

Hər səyyah kimi, Ned də başa düşürdü ki, məqsədinə çatmaq istəyirsə, qonaqpərvər yerli tayfaların adət-ənənələrinə hörmətlə yanaşmalıdır. O, Qremlərdə özünə qarşı yanlış fikir oyatmaq, ya da onlara qarşı kobud görünmək istəmirdi, amma vaxt itirmək də olmazdı. Hovuzdan çıxıb özlərini günə verən ev sahiblərinə qoşuldu, bir neçə dəqiqədən sonra Konnektikutdan iki maşın dolusu dostun gəlişi ilə xilas ola bildi. Yaranan qarışıqlıqdan istifadə edib aradan çıxdı. Qremlərin evinin qarşısından keçib aşağı düşdü, tikanlı çəpərdən adladı və Hamerlərgilə gəldi. Gözlərini güllərindən ayıran Missis Hamer onun üzdüyünü gördü. Amma üzənin Ned olduğuna tam əmin deyildi. Lirlər qonaq otağının açıq pəncərəsindən onun üzüb keçdiyini eşitdilər. Houlendlər və Kroskaplar evdə yox idilər. Houlendlər malikanəsini geridə qoyub, Ditmar küçəsinə keçdi və Bankerlərə tərəf yollandı. Uzaqdan eşidilən səslərdən bilmək olurdu ki, orada qonaqlıqdır.

Qonaqların gülüş səsləri sanki suya toxunub geri qayıdır, havadan asılı qalırdı. Bankerlərin hovuzuna çatmaq üçün bir neçə pillə yuxarı qalxıb terrasa çıxdı, burada 25-30 nəfər içki içirdi. Suda yalnız Rasti Tauers idi. O öz rezin qayığını sürürdü. Lüsindanın sahilləri necə gözəl, necə zəngin idi.  Onun tünd mavi suları ətrafında xoşbəxt insanlar toplaşmışdı, ağgeyimli xidmətçilər onlara soyuq cin daşıyırdılar. Başları üzərində durmadan dövrə vuran təlim təyyarəsi yelləncəkdə fırlanan uşağı xatırladırdı.

Ned bu insanlara qarşı böyük rəğbət, ehtiraslı  bağlılıq duydu. Uzaqdan ildırım səsi eşidildi. Enid Banker onu görən kimi, qışqırmağa başladı: ”Bir görün, kim gəlib. Nə gözəl sürpriz! Lüsinda deyəndə ki, gələ bilməyəcəksiniz, elə bildim, ölürəm”.

Camaatı  yarıb, Nedə yaxınlaşdı, öpüşüb-görüşdükdən sonra dartıb bara tərəf apardı. Bara çatanadək daha 8-9 qadını öpüb, ərlərinin əlini sıxmaq üçün dayanmalı oldu. Daha əvvəl yüzlərlə şənlikdə gördüyü gülərüzlü barmen ona sərin cin  süzdü. Onu yubadacaq hansısa söhbətə qoşulmaqdan qorxan Ned bir müddət barın yanında dayandı. Adamların Barın ətrafına toplandığını görəndə, suya tullandı. Rastinin qayığı ilə toqquşmamaq üçün hovuzun kənarıyla üzürdü. Sudan çıxdıqdan sonra Tomlinsonların yanından ötdü, onlara gülümsəyib, yeyin addımlarla bağı keçdi, çınqıl ayağını qanatmışdı, amma başqa hər şey qaydasında idi.

Qonaqlar hovuzun ətrafına yığışmışdı, Bankerlərin evinə yaxınlaşdıqca onların səsləri azalırdı. Mətbəxdə radio oxuyurdu, kimsə beysbol oyunu ilə maraqlanırdı. Artıq günortadan keçirdi. Ned maşınların arasından sivişib Eylvays–Leynə çıxdı. Çimərlik paltarı ilə şoseyə çıxmaq istəmirdi, lakin yolda heç kim yox idi. Bir neçə dəqiqədən sonra Levilərin mülkünə çatdı. Xüsusi mülkiyyət nişanəsi ilə işarələnmiş evin qarşısında “Nyu York Tayms” üçün yaşıl poçt qutusu vurulmuşdu, bütün qapı və pəncərələr açıq idi, ancaq heç bir həyat əlaməti nəzərə çarpmırdı, heç it də hürmürdü. Evi dolanıb hovuzun yanına gəldi, Levilər evdən təzə çıxmışdılar; hovuzun o tayında yapon fanarları ilə bəzədilmiş şüşəbəndin  və ya vanna otağının yanında qurulmuş stolun üstündə şüşə, stəkan və çərəz qabları hələ də qalırdı. Hovuzu üzüb keçdi, özünə içki süzdü. Dörd və ya beşinci dəfə idi ki, içirdi. Lüsindanı artıq yarılamışdı. Özünü yorğun, təmiz və həmin an yalnız olduğuna görə, –  ümumiyyətlə, hər şeyə görə xoşbəxt sayırdı.

Tufan qopacaqdı. Səhər gördüyü şəhər böyüyüb qaralmışdı, yenidən göy guruldadı. Təlimçi təyyarə hələ də dövrə vururdu. Ned sanki yarıqaranlıq səmada fırlanan pilotun sevinc dolu gülüşünü eşitdi; lakin bir də ildırım çaxdı və təyyarə evə yollandı. Hardasa qatar fit verdi və onu vaxt haqqında düşünməyə vadar etdi. Görəsən, saat neçədir? Dörd? Beş?

Yerli dəmir yol stansiyasını təsəvvürünə gətirdi.
Plaşının altından smokinqi görünən masa xidmətçisi, əlində qəzetə bükülmüş gül tutan liliput və ağlamaqdan gözləri qızarmış qadın elektrik qatarını gözləyir…

Birdən hava qaraldı. Tufanın yaxınlaşdığını hiss edən quşlar artıq öz konsertlərinə başlamışdılar və budur, onun arxasındakı palıd ağacının təpəsindən sel kimi axan suyun səsi eşidildi, elə bil kimsə kranı açdı. Sonra bu şırıltı bütün hündür ağacların təpələrindən gəlməyə başladı. Niyə tufanı bu qədər sevirdi? Yağışnəfəsli külək hər dəfə giriş qapılarını taybatay açıb pilləkənlə yuxarı qalxanda, onu bürüyən həyəcanın səbəbi nə idi, niyə köhnə bir  evin pəncərələrini örtmək kimi sadə bir iş birdən-birə belə lazımlı və vacib olurdu?  Niyə tufanın ilk əlamətləri ona hansısa şad xəbərin, sevinc və xoşbəxtliyin müjdəçisi kimi görünürdü? Gurultu qopdu, barıt iyi gəldi və yağış yapon fanarlarını qamçılamağa başladı. Miss Levi onları Yaponiyadan bir il bundan əvvəl almışdı. Ya iki il əvvəl?

Tufan səngiyənədək şüşəbənddə qaldı. Yağış havanı soyutmuşdu, Ned titrəyirdi. Ağcaqayın ağacının sarı və qırmızı yarpaqları ətrafa səpələnmişdi. “Yəqin, ağaclardan hansısa vaxtından əvvəl quruyub” Ned düşündü. Lakin yayın ortasındakı payız əlamətləri onu kədərləndirdi. Əllərini çiynində gəzdirdi, stəkanı boşaltdı və Uelçerlərin hovuzuna yollandı. Ora çatmaq üçün Lindleylərə məxsus at meydançasından keçmək lazım idi. Lakin meydançanı ot basmışdı, maneələr isə yığışdırılmışdı. Ev sahibləri ya evlərini satıblar, ya da yay istirahətinə çıxıblar, atlarını da pul müqabilində harasa qoyublar. Deyəsən, Lindleylər və atları haqqında nə isə eşitmişdi, amma yadına sala bilmədi. Neddi otluqdan keçib hovuzun yanına gəldi. Hovuz boş idi.

Hovuzların sırasının pozulmasına dilxor oldu, səyyah zəngin su hövzəsinin yerinə, qurumuş çay yatağı tapmışdı. Həm kefi pozulmuşdu, həm də pərt olmuşdu. Çox adam yayda tətilə çıxırdı, ancaq heç kim hovuzun suyunu boşaltmırdı, şübhəsiz, Uelçerlər həmişəlik köçmüşdülər; mebelləri bir kənara yığıb üstünü brezentlə örtmüşdülər. Vanna otağının qapısı qıfıllı idi. Evin bütün pəncərələri möhkəm bağlanmışdı. Dalana tərəf getdi və ağaca mismarlanmış üstündə  “Satılır” sözləri yazılan  lövhəciyi  gördü. Axırıncı dəfə nə vaxt Uelçerlərdən xəbər almışdı, daha doğrusu, Lüsinda və Ned axırıncı dəfə nə vaxt onların nahar dəvətlərini rədd etmişdilər? Bir həftə, ya da bir az ondan çox olardı. Yaddaşı korlanırdı? Bəlkə də, xoşuna gəlməyən xatirələri hafizəsindən silməyə adət etdiyindən, artıq həqiqəti də görə bilmirdi. Birdən uzaqdan tennis zərbələrinin səsi eşidildi. Bu, onu ruhlandırdı və qara fikirlərdən xilas etdi. Artıq nə soyuq külək, nə də tutqun səma onu qorxudurdu. Bu gün böyük gün idi. Və səyahətinin ən çətin maneəsini də aşmaq üçün yola düşdü.

Həmin bazar günü 124 nömrəli şosedən keçsəydiniz, bəlkə də, yolu keçmək üçün fürsət gözləyən yarıçılpaq Neddi Merrili yolun kənarında görə bilərdiniz. Və başlayardınız fikirləşməyə, görəsən, onu soyublar, maşını xarab olub, ya sadəcə, axmaqdır? Yol kənarındakı tullantıları – pivə qutularının, köhnə təkər qalıqlarının, cır-cındırın arasında ayaqyalın dayanan, gülüş hədəfinə çevrilən Nedin çox mağmın görkəmi var idi. Əvvəlcədən bilirdi ki, bu yoldan keçməli olacaq, lakin gün işığında parlayan sonsuz maşın axını ilə qarşılaşa biləcəyini hesablamamışdı. Ona gülür, onu ələ salırdılar, kimsə üstünə pivə dolu parç atdı. Onun isə bu vəziyyətə dözmək üçün nə ləyaqət, nə də yumor hissi var idi. O, Uesterheyzgilə – hələ də günün altında istirahət edən Lüsindanın yanına qayıda bilərdi. Heç nəyə qol çəkməmişdi, and içməmişdi, heç kimə söz verməmişdi, hətta özünə də. Bəs niyə ağlın hər cür inadkarlıqdan üstün olduğunu bilə-bilə geri qayıda bilmirdi? Niyə həyatının təhlükəyə atmaq bahasına da olsa, inadla səyahətini tamamlamaq istəyirdi? Bu zarafat, bu dəcəllik , bu ağılsız təşəbbüs nə vaxt belə vacib bir məsələyə çevrilmişdi. O, geriyə qayıda bilmirdi, hətta Uesterheyzlərin şəffaf suyunu, həddən artıq içdiyini təkrarlayan dostlarının  qayğısız səslərini xatırlamaq da müşkül bir işə çevrilmişdi. Bircə saat, ya da ondan bir az artlq bir müddətdə keçdiyi yolu geri qayıtmaq qeyri-mümkün olmuşdu. Saatda 15 mil sürətlə gedən bir qoca ona yolun ortasındakı otluq sahəyə keçməyə imkan verdi. İndi ona cənuba tərəf gedənlər gülürdülər, lakin 10-15 dəqiqədən sonra bu maneəni də keçdi. Buradan da Lankester istirahət mərkəzinə…. Həndbol meydançaları və ictimai hovuza çatmaq üçün bir neçə addım…

Suya toxunub qayıdan səslər, həyəcan və təmtəraq illüziyası – hər şey Bankerlərdəki səmimi qarşılamanı xatırladırdı, burada səslər daha gur, daha kobud idi, camaat arasına qarışan kimi, ictimai qaydalarla üzləşməli oldu:

“BÜTÜN ÜZGÜÇÜLƏR HOVUZA GİRMƏZDƏN ƏVVƏL DUŞ QƏBUL ETMƏLİDİRLƏR. BÜTÜN ÜZGÜÇÜLƏR AYAQLARINI SANİTAR TƏMİZLƏMƏDƏN KEÇİRMƏLİDİRLƏR. BÜTÜN ÜZGÜÇÜLƏRİN FƏRQLƏNDİRİCİ NİŞANI OLMALIDIR.” O duşa girdi, südrəngli, aşındırıcı məhlulda ayaqlarını yudu. Xlor iyi verən maye ona zibil çanağını xatırladırdı. İki xilasedici iki qüllə üzərindən müntəzəm fasilələrlə fit verir, meqafonla üzgüçüləri danlayırdı. Neddi həsrətlə Bankerlərin hovuzundakı açıq-mavi rəngli suyu xatırladı və düşündü ki, bu horranın içində üzməklə öz şəxsiyyətinə, sərvətinə, cazibədarlığına xələl gətirir, lakin özünə xatırlatdı ki, o, səyyahdır, böyük ixtiraçıdır, bura isə sadəcə, Lüsinda çayının ölü döngəsidir. O, iyrənə-iyrənə  xlorlu suya daldı, başını suyun üstündə saxlamağa, heç kimlə toqquşmamağa çalışırdı, amma o dəqiqə üstünə su sıçradıb, hər tərəfdən itələməyə başladılar. Hovuzun qurtaracağına çatanda, hər iki xilasedici qışqırdı: “Ey sən, fərqləndirici nişanını taxmayan, sudan çıx”, lakin onu təqib edən olmadı, xlor və günəş kreminin  iyindən xilas olub, qasırğadan qorunmaq üçün çəkilmiş çəpəri, həndbol meydançalarını və yolu keçib, Helloranların kiçik meşəliyinə çatdı. Meşə baxımsız olduğundan, burada ayaqyalın yerimək nəinki çətin, həm də təhlükəli idi.  Nəhayət, çəmənliyi və hovuzu əhatələyən budanmış fıstıq ağaclarını gördü.

Son dərəcə varlı və qoca Helloronlar onun dostları idilər, kommunist olduqlarından şübhələnə-şübhələnə məmnuniyyətlə günəş vannası qəbul edirdilər. Onlar hər cür islahatın çılğın tərəfdarı idilər, amma kommunist deyildilər, kommunizmə rəğbət bəsləməkdə günahlandırılmaq – bəzən belə hallar olurdu – onlara iltifat kimi görünürdü, sevinir, həyəcanlanırdılar. Onları qəfil gəlişindən xəbərdar etmək üçün “Salam, salam” qışqırdı. Ned səbəbini bilmirdi, ancaq Helloronlar həmişə çılpaq üzürdülər, görünür, bu da onların sönməz islahat coşğusunun bir parçası idi, buna görə də onların hovuzunda peyda olmazdan əvvəl nəzakətli görünmək üçün üzgüçü tumanını çıxartdı.

Missis Helloran – şışman, ağsaçlı, dincsimalı qadın “Tayms” qəzetini oxuyurdu. Mister Helloran çalovla hovuzun içinə düşən yarpaqları təmizləyirdi. Elə bil Nedin gəlişinin onlara heç dəxli yox idi.  Qocaların hovuzu, bəlkə də, dairənin ən köhnə hovuzu idi, yonulmamaş daşlardan təşkil olunmuşdu, heç bir filtr və ya nasos olmadan, təbii çay suyu ilə doldurulurdu, ona görə də suyu tünd sarı rəngdə idi.

–  Su yolu ilə dairəni dolanıram. – Ned dedi.

–  Heç ağlıma da gəlməzdi ki, bu mümkündür, – Missis Helloran ucadan dilləndi.

–  Uesterheyzlərdən başlamışam, dörd mil olar.

Ned onlara tərəf üzdü. Sudan çıxanda, missis Helloranın səsini eşitdi:

–   Başınıza gələnlərə görə çox təəssüflənirik, Neddi!

–   Başıma gələnlər? – Ned soruşdu. – Bilmirəm, nəyi nəzərdə  tutursunuz.

–   Axı, eşitdik ki, evi satmalı olmusunuz, yazıq uşaqlar…

–   Nə isə evi satdığım yadıma gəlmir. Qızlar da indi evdədirlər.

–   Hə, – Missis Helloran ah çəkdi… – hə…. –  qəmli-qəmli dedi. Ned tez onun sözünü kəsdi.

–    Suya görə sağ olun.

–    Yaxşı yol, – Miss Helloran vidalaşdı.

Hasarı keçəndən sonra tumanını geyindi, əyninə gen idi, heyrətləndi, yarım günə bu qədər arıqlamaq olar?  O, yorulmuşdu, üşüyürdü, çılpaq Helloronlar və onların tünd sulu hovuzu Nedi ruhdan salmışdı, səyahətini tamamlamağa gücü çatmırdı. Bu səhər məhəccərdən sürüşdüyü üçün, ya da Uesterheyzlərgildə günün altında uzandığına görə əlləri və ayaqları sanki rezinləşmişdi, oynaqları ağrıyırdı. Ən pisi isə o idi ki, iliklərinəcən donmuşdu və  bir də heç vaxt isinməyəcəkdi. Ayağının altında saralmış yarpaqlar xışıldayırdı, yanmış odun iyi gəlirdi. İlin bu vaxtında kim tonqal qalamışdı?

İçmək istəyirdi. Viski onu isidər, gümrahlaşdırar, yolun qalanını da keçmək üçün güc verərdi, ona heç kimə bənzəmədiyini, şanlı səfərə çıxdığını xatırladardı. La-Manşı keçən üzgüçülərə konyak verirlər, ona da belə bir stimul lazım idi. Helloranların çəmənliyini keçib aşağı düşdü və onların yeganə qızları Elen və əri Erik Saks üçün tikdirdikləri evə çatdı. Saksların hovuzu kiçik idi, Elen və Erik onun yanında idilər.

– O, Neddi, – Elen dedi, – anamgildə nahar yeməyində idiniz?

– Düzü, yox. Elə-belə baş çəkmişdim.

– Evinizə bu cür soxulduğuma görə, üzr istəyirəm, amma yaman üşüyürəm, azca viskiyə etiraz etməzdim.

– Çox istərdim, amma Erik cərrahiyə əməliyyatı keçirəndən bəri bizdə içki olmur. Artıq üç ildir.

Yaddaşını itirir? Bəlkə, xoşagəlməz hadisələri yaddaşından silmək bacarığı ona evini satdığını, qızlarının başına gələn müsibətləri, dostunun bərk xəstə olduğunu unutdurub? Onun qarnında üç solğun tikiş izi var idi, onlardan ikisi, az qala, 30 sm uzunluğunda idi. Göbək yoxa çıxmışdı. Görəsən gecə saat üçdə çarpayısında uzanan Erik  əlini qeyri-ixtiyari bədənində gəzdirib, təbiətin ona bəxş etdiyi göbəyin yerində olmadığını görəndə, hansı hissləri keçirir?

– Amma Bisvengerlərdə içməyə bir şey tapılar. – Elen dedi, – İndi orada qonaqlıqdır, səsləri buradan da eşidilir.

Elen başını qaldırdı, yolları, meşələri və çölləri keçib gələn səsləri eşitdi.

– Yaxşı, gedim bir az da islanım, – Ned dedi. Və yenə də başqa yolunun olmadığını hiss etdi. O, üzməli idi. Saksların soyuq sularına baş vurdu, təngnəfəs halda hovuzun bu başından o biri başına üzdü.

–  Lüsinda və mən sizi evimizdə görməyi çox istərdik! – artıq Bisvengerlərə tərəf çevrilmiş Ned dedi. – Heyif ki, çoxdandır görüşmürük, amma tezliklə sizə dəvətnamə göndərəcəyik.

O, boş sahə ilə Bisvengerlərin malikanəsinə tərəf yeriyirdi. Nəhayət, onlar Nedi qonaq etmək şərəfinə nail olacaqlar. Əllərinə belə bir fürsət düşdüyü üçün sevinəcəklər, bəli, lap xoşbəxt olacaqlar. Bisvengerlər Lüsinda ilə onu ildə dörd dəfə nahara dəvət edirdilər. Merillər onlara heç cavab da vermirdilər, lakin onlar inadla dəvətnamə göndərirdilər. Bisvengerlər elə adamlar idilər ki, kokteyl içəndə qiymətlərdən danışır, nahar vaxtı  işgüzar məsləhətlər verir, yeməkdən sonra isə müxtəlif təbəqələrdən ibarət kampaniyaya ədəbsiz lətifələr danışırdılar. Nedin onlarla dostluq münasibətləri yox idi, hətta Lüsindanın Milad bayramında açıqca göndərdiyi adamların siyahısına da daxil deyildilər.  Ned laqeydliklə və minnətlə onların hovuzuna tərəf gedirdi, bir az da narahat idi, çünki hava qaralırdı, halbuki bu gün ilin ən uzun günlərindən biri idi. Bisvengerlərin qonaqlığında çoxlu adam və səs-küy var idi. Qreys Bisvenger elə adam idi ki, qonaqlığa hamını – optiki, baytarı, daşınmaz əmlak satıcısını dəvət edirdi. Hovuzda heç kim yox idi, bara tərəf getdi. Ev sahibəsi Nedi tanıyıb, ona yaxınlaşdı, amma  gözlədiyi kimi, sevinclə yox, düşməncəsinə:

– Bəli, məclismiz düzəldi, çağrılmamış qonaq da gəldi! –  ucadan dedi.

Qreys onu təhqir edə bilməzdi. Nedin bu cəmiyyətdəki yeri ondan dəfələrlə yüksəkdə idi.

– Çağrılmamış qonaqlara içki düşür? –  o, nəzakətlə soruşdu.

– Nə istəyirsən, et. Axı siz dəvətlərə bir o qədər də əhəmiyyət vermirsiniz.

Üzünü çevirib, başqa qonaqlarla danışmağa başladı. O isə bara yaxınlaşdı və viski sifariş etdi. Barmen ona xidmət etdi, amma lazımi qədər nəzakətli deyildi. Ned aid olduğu dünyaya bələd idi. Burada insanın nüfuzu xidmətçilərin rəftarı ilə müəyyən edilirdi. Və əgər müvəqqəti işə götürülmüş bu barmen onunla kobud rəftar edirdisə, deməli,  nüfuzuna əməlli-başlı xələl gəlmişdi. Bəlkə də,  bu oğlan hələ təzə olduğuna görə qarşısında dayanan adamın kim olduğundan xəbəri yoxdur. Qreys kiminləsə danışırdı:

– Bunlar müflis oldular. Maaşdan başqa heç nə… Bir dəfə bazar günü sərxoş vəziyyətdə min dollar borc istədi…

“Həmişə puldan danışır”- Ned fikirləşdi və suya tullandı, üzüb gözdən itdi.

Siyahısında yalnız üç ev qalırdı. Növbəti hovuz onun köhnə məşuqəsi Şirli Adamsa məxsus idi. Şirli ona Bisvengerlərdə başına gələnləri unutduracaq. Məhəbbət, daha doğrusu, seksual meyl – budur, bütün dərdlərin məlhəmi… bu çəhrayı rəngli  ağrıkəsici həb onun yerişinə yaz enerjisini, qəlbinə həyat sevincini qaytaracaq. Onların arasında keçən həftə…. keçən ay…. ya da keçən il eşq macərası olmuşdu. Və əlbəttə, Ned onu tərk etmişdi. Ned özündən əmin hovuza tərəf getdi. Sanki hovuz onun idi, axı məşuqlar, xüsusilə, gizli məşuqlar sevgililərinin əmlakı üzərində qanuni ərlərin heç vaxt əldə edə bilməyəcəyi hakimiyyətə malikdirlər. Şirli  hovuzun kənarında idi. Lakin  qızın nə bədəni, nə də gümüşü rəngli saçları ona heç nə xatırlatmadı. Onların arasında ciddi heç nə yox idi, amma Şirli ayrılıq vaxtı xeyli göz yaşı tökmüşdü. Deyəsən, Nedin gəlişi onu həyacanlandırdı, bəlkə, hələ də əzab çəkir?Allah eləməsin, birdən yenə ağlayar.

–   Nə istəyirsən?

–   Bütün mahalı üzürəm.

–   Aman Allah! Nə vaxtsa böyüyəcəksən?

–   Nə olub?

–   Əgər pul üçün gəlmisənsə, daha bir sent də verən deyiləm.

–   İçməyə necə bir şey verərsən?

–    Verərdim, amma tək deyiləm.

–    Yaxşı, getdim.

Suya atıldı. Hovuzdan çıxmaq istəyəndə hiss elədi ki, gücü tükənib. Nərdivana tərəf çapalamağa başladı. Sudan çıxıb geriyə baxdı, işıqlandırılmış vanna otağında cavan oğlan var idi. Kəskin xarizantema və gülünbahar qoxusu – payız ətri duydu. Başını qaldırıb yuxarı baxdı, ulduzlar çıxmışdı. Bəs niyə Andromeda, Sefey və Kasiopeyanı görürdü? İyun ayının bürcləri harada idi? Ağlamağa başladı.

Uşaqlığından bəri birinci dəfə idi ki, ağlayırdı. Əlbəttə, ilk dəfə idi ki, özünü belə yorğun, köməksiz və atılmış hiss edirdi. Barmenin, nə vaxtsa onun yanına sürünə-sürünə gəlib şalvarını göz yaşları ilə isladan Şirlinin kobudluğuna məna verə bilmirdi. Ona yalnız içki, quru paltar və dost münasibəti lazım idi. Gilmartinlərin hovuzuna yollandı. Burada həyatında ilk dəfə suya atılmadı, pilləkənlə buz kimi suyun içinə endi, axsaya-axsaya yanı üstə üzdü. Təzə-təzə üzmək öyrənəndə də belə üzürdü. Yorğunluqdan üzülə-üzülə Klaydların hovuzuna çatdı. Bir əli ilə hovuzun kənarından yapışıb, o biri ilə üzürdü. Səndələyə-səndələyə pilləkəni çıxdı. Bircə evə çata bilsəydi… Məqsədinə nail olmuşdu, amma yorğunluq ağlına və duyğularına üstün gəlmişdi, qələbəsi də ona şübhəli görünürdü. Beli bükülmüş halda darvazadan yapışa- yapışa evinə tərəf qalxırdı.

Qaranlıq idi. Yəni elə gecdir ki, hamı yatıb? Bəlkə, Lüsinda Useterheyzlərdə şam yeməyinə qalıb. Qızlar da onun yanına, ya da başqa bir yerə gediblər. Bazar günü evdə qalmaq adətlərinə xilaf çıxıb hansısa dəvəti qəbul ediblər? Maşınları yoxlamaq üçün qarajın qapısını açmaq istədi, amma qıfıllı idi. Qapı dəstəyinin pası əlinə çıxmışdı. Evə yaxınlaşanda gördü ki, tufan su borusunu qoparıb. Amma onu sabah asanlıqla təmir etmək olardı. Evin qapısı bağlı idi. Düşündü ki, yəqin, səfeh xidmətçi və ya səfeh aşbaz bütün qapıları bağlayıblar. Onda yadına düşdü ki, artıq uzun müddətdir onların nə aşbazları, nə də xidmətçiləri var. Qışqırdı, qapını silkələdi… və pəncərədən gördü ki, ev bomboşdur.

İngilis dilindən çevirəni: Ülkər Nəsibbəyli

OXŞAR XƏBƏRLƏR