DAHA Cavid Fərzəlinin “Uşaq filosof” yazısını təqdim edir.
Hər hansı fəlsəfi mülahizənin, hər bir dərin fikrin arxasında emosiyadan çox, sarsılmaz dəlillər və soyuq istinadlar dayanır. İnkarı, məmnunluğu və yaxud ruhun başqa bir halını izah etmək istəyiriksə, hisslərin dumanına yox, qeyri-düşüncənin işığına söykənməliyik. Məqsədi dərk etmək sənəti, sadəcə, rəng yığını olmaqdan, fəlsəfəni isə kitab rəflərində əli çənəsində donub qalmış bir heykəl obrazından xilas edir.
Aforizmlərin kölgəsində gizlənib özümüzdən yalançı yazıçı obrazı yarada bilərik, amma niyyətimiz bu deyil. Sözü uzadıb oxucunun diqqətini dumanlı cığırlara çəkmək də olar, amma bu, bizim gördüyümüz gerçəkliyi göstərməyəcək. Çünki hər səhər eyni yolla işə getmək hərəkətin eyniliyi olsa da, bu yol hər dəfə eyni mənaya aparmır. İnsan eyni mənzərəyə baxa-baxa ayrı-ayrı dünyalar görə bilər.
Əslində, uşaqlığımızda, gəncliyimizdə və qocalığımızda apardığımız mübarizənin mahiyyəti dəyişmir. Uşaq olsaydım və kimsə topumu əlimdən alsaydı, onu geri qaytarmaq üçün sonuna qədər dirəniş göstərərdim. Gəncliyimdə marşrutda mənə əxlaq dərsi keçmək istəyən bir boşboğazla üz-üzə gəlməkdən çəkinməzdim. İndi isə bilmirəm qocala biləcəyəm ya yox. Əgər qocala bilsəm, dünyadan əliboş getməmək üçün adi, bəlkə də gərəksiz bir əşyanın üstündə eyni uşaq inadı ilə dayanacağımı hiss edirəm.
Bütün bunları cəmləyəndə adına təcrübə deyirik. Amma bu yaşantıları sistemləşdirdiyim an onlar cansız bir nəzəriyyəyə oxşayacaq və mən onlardan uzaqlaşıram. Çünki rəfdəki o məşhur filosof əlini bircə dəfə tərpətsə, bütün bu mülahizələr otağın künclərində, süpürkənin arxasında öz atılmağını gözləyəcək.
Bəzən sənətə o qədər sadə, o qədər rəngsiz baxıram ki, onu uşaqlarımı bərbərə apardığım günün sıravi bir əhvalatı kimi dərk edirəm. Bərbərdən qayıdandan sonra öz yorğunluğumun və hərəkətsizliyimin əsiri olub divana uzanmışdım. Birdən gördüm ki, Özgürlə Vaqif bərbərin hərəkətlərini təqlid edir, onun obrazını oynayırlar. Əvvəlcə özümü görməzliyə vurdum, marağımı büruzə vermədim. Amma içimdə bir yerdə fərəh sakitcə ayağa qalxmışdı. Uşaqların gözlərinin altındakı alayarımçıq kölgələr sürünürdü.
Mən bərbərin gördüyü işə hökm vermirəm. Onun öz əməyindən nə qədər zövq aldığı yalnız ona bəllidir. Ola bilsin ki, o, bu işi həyatın tələbi, maddi dünyanın ağırlığı ilə görür. Amma eyni hərəkət uşaqların əlində başqa bir məna qazanır. Onlar nə qazanc düşünür, nə nəticə gözləyir, nə də fayda hesablayırlar. Sadəcə, yamsılayırlar və bu yamsılama içində saf bir sevinc tapırlar. Hərəkət məqsəddən azad olanda, həyatın ağırlığından qopanda sənətə can atır. Bərbər həyatını davam etdirir, uşaqlar isə hərəkəti oyunda tapır.
Yolda maşınların olmadığı yerlərdən keçəndə uşaqların əllərindən tutub qollarımı irəli atıb qaçırdım, havada onların gülüşlərinin bir-birini qucaqladığını görmək məni qeyri-düşüncənin mövcudluğunu böyütməyə həvəsləndirir və daha da doğru yolda olduğumu anlayırdım.
Həyatı və sənəti tərəziyə qoyduqda aydın olur ki, sənət insanı xoşbəxtliyə yaxınlaşdıra bilən nadir və möcüzəvi bir gücdür. Öyrəndiyim tək bir həqiqət var: həyatın özü mürəkkəb və yorucudur. Amma biz onu yamsılayanda, onu oyunun və əyləncənin içinə daşıyanda, həqiqi xilas da elə oradan başlayır. Heç bir həyat filosofun mahiyyətdən kənar ola bilməz deyə bildiyim məqamlarda, gərək bundan yaxşı oyun qurmaq, bundan yaxşı həyat yaratmaq anlamını göstərim…




