Fransa parlamentinin deputatı Artur Delaporte istifadəçilərin həyatını təhlükəyə atdığını əsas göstərərək TikTok platformasına qarşı rəsmi şikayət təqdim edib.
Daha.az xəbər verir ki, Delaporte TikTok-un, xüsusilə, uşaqlar üzərində psixoloji təsirlərini araşdıran parlament komissiyasına rəhbərlik edir. O, X platformasında paylaşdığı açıqlamada TikTok-un bitərəf platforma olmadığını vurğulayıb.
Millət vəkili TikTok-u “istifadəçiləri nəzarətsiz və zərərli məzmuna yönəldən, diqqəti cəlb etmək və qazanc əldə etmək məqsədilə hazırlanmış təhlükəli alqoritm maşını” adlandırıb. Platformanın təhlükələrdən xəbərdar olmasına baxmayaraq tədbir görmədiyini deyib. O, 18 yaşdan kiçiklər üçün canlı yayımın və fərdi alqoritmlərin qadağan olunmasını, eləcə də platformanın istifadəçilərin ruhi sağlamlığına vurduğu ziyana görə məsuliyyət daşımasını təklif edib.
Qeyd edək ki, parlament komissiyasının yeni hesabatında 15 yaşdan kiçiklər üçün sosial şəbəkələrin tam qadağan olunması, 15–18 yaşlıların isə gecə saat 22:00-dan səhər 08:00-a qədər bu platformalara girişinin məhdudlaşdırılması kimi təkliflər yer alıb.




