İstanbulun tarixi simvollarından olan Heydərpaşa Dəmiryolu Vağzalı yenidən canlanır.
Daha.az xəbər verir ki, Sultan II Əbdülhəmidin əmri ilə 117 il əvvəl inşa edilən vağzal “Heydərpaşa və Sirkəçi: Boğazın Birləşdirici Gücü – Dəmiryolu, Mədəniyyət və Sənət Layihəsi” çərçivəsində həm nəqliyyat, həm də mədəniyyət mərkəzinə çevriləcək.
Xatırladaq ki, 1906-cı ildə tikintisinə başlanan və 1908-ci ildə istifadəyə verilən Heydərpaşa Vağzalı alman memarları tərəfindən inşa edilib. Vağzal Osmanlı dövründə mühüm nəqliyyat qovşağı olmaqla yanaşı, Birinci Dünya Müharibəsi zamanı cəbbəxana kimi istifadə olunub və 1917-ci ildə baş verən partlayış nəticəsində ciddi zərər görüb. Müəyyən vaxtlarda təmir olunan vağzal 2010-cu ildə baş verən yanğından sonra genişmiqyaslı bərpa işlərinə cəlb edilib.
Yeni layihə ilə tarixi bina öz nəqliyyat funksiyasını qorumaqla yanaşı, mədəni və ictimai həyata da inteqrasiya edəcək. Vağzal ərazisində performans sənətləri mərkəzi, kitabxana, sərgi salonları, sənət emalatxanaları və tematik muzey fəaliyyət göstərəcək. Eyni zamanda, ərazidə yerləşən tarixi məscid də bərpa ediləcək. 2018-ci ildən bəri ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində tapılan artefaktlar üçün isə xüsusi Arxeoloji muzey yaradılacaq. Bu da Heydərpaşanı arxeoloji və tarixi baxımdan da cəzbedici məkana çevirəcək.
Qeyd edək ki, layihənin ilk mərhələsinin 2026-cı ildə tamamlanması planlaşdırılır.