Nizami Kino Mərkəzində “Tağıyev: Sona” bədii filminin təqdimat mərasimi keçirilib.
Daha.az xəbər verir ki, “Tağıyev: Sona” filmi məşhur neft milyonçusu və böyük xeyriyyəçinin həyat hekayəsinə həsr edilən “Tağıyev” filminin üçüncü bölümüdür.
Kinolent Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, “Neqsol Holding”, “Kapital Bank”, “Bakcell” və “Norm” şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
Təqdimatda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, rəsmilər, mədəniyyət xadimləri iştirak ediblər.
Filmdə XIX əsrin sonu XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.
Qeyd edək ki, Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.




