Rumıniyanın paytaxtı Buxarestdə sərgilənən və avanqardist sənətkar Kazimir Maleviçə aid olduğu iddia olunan üç yeni rəsm əsəri böyük müzakirələrə səbəb olub. Əgər orijinallığı təsdiqlənsə, bu əsərlərin dəyəri 100 milyon funt sterlinqdən çox ola bilər.
Daha.az xəbər verir ki, rəsm əsərləri İsraildə yaşayan təqaüdçü Eva Levandonun evindən – döşəyin altından tapılıb. Nəvəsinin əri, yəhudi əsilli iş adamı Yaniv Kohen əsərlərin qayınanası tərəfindən ona verildiyini bildirib. Əsərlər “Yaşıl və Qara Düzbucaqlı ilə Suprematist kompozisiya” (1918), “Kubo-futurist kompozisiya” (1912–13) və “Qırmızı Kvadrat və Yaşıl Üçbucaq ilə Suprematist kompozisiya” (1915–16) adlanır.
Sənətşünas Konstantin Akinşa BBC-yə bildirib ki, bu əsərlərin Maleviçin studiyasından gəldiyini sübut edən sənədlər natamamdır, bu rəsmlər nə sənədlərdə qeyd olunub, nə də rəssamın yaşadığı dövrdə nümayiş olunub.
Kohen isə bu şübhəni Stalinin dövründə modernist sənətə olan təzyiqlərlə izah edir. O, əsərlərin orijinallığını sübut etmək üçün ukraynalı sənətşünas Dmitro Horbaçovun rəylərini təqdim edib. Horbaçov rəsmləri “birinci dərəcəli nümunələr” adlandırsa da, onun əvvəllər saxta əsərləri təsdiqlədiyi hallar da məlumdur.
Qeyd edək ki, texniki analizlər rəsmlərdə istifadə olunan piqmentlərin Maleviçin dövrünə aid olduğunu göstərsə də, bu testlər müəllifi təsdiqləmir. Hətta eyni laboratoriyaların daha əvvəl saxta əsərlərə dair bənzər hesabatlar verdiyi də məlum olub.