Səttar Bəhlulzadə kimdir?

Bu gün Səttar Bəhlulzadənin anım günüdür.
Daha.az məşhur boyakarın həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Səttar Bəhlulzadə 1909-cu il dekabrın Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V.A.Favorskinin və Q.M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib.

Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunub.

Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır.

Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri (“Babək üsyanı”, “Fətəli xan”, “Xəttat Mir Əli” və s. əsas yer tutub. Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaradıb. Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənib, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayıb. 1946-1947-ci illərdə Respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri (“Buzovna neft mədənləri”, “Əmircan” və s.) nümayiş etdirilib.

“Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir”. Bu Səttar Bəhlulzadənin yaradıcılığını səciyyələndirən və doğma Azərbaycan torpağına sevgisini əks etdirən öz sözləridir.

“Toğrul Nərimanbəyov” (film, 1966), “Bu,Səttar Bəhlulzadədir” (film, 1969), “Üç hekayə” (film, 1974), “Səttar Bəhlulzadə” (film, 1988), “Sonuncu dərviş” (film, 2009) filmlərində böyük sənətkar həm müsahibə verib, həm də ondan bəhs edilib.

Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı” , “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan”, “Axşamçağı Ordubad bağlarında”, “Vətənimin baharı”, “Bakıda atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol”, “Suraxanı atəşgahı”,”Əmircan”, “Neft daşları”, “Şamaxı üzümlükləri” və s. əsərləri əsas yer tutur.

Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir.Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilib.Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.

Səttar Bəhlulzadə 1974-cü il oktyabrın 14-də Moskvada vəfat edib. Əmircan kəndində dəfn olunub, qəbri üstündə ona abidə ucaldılıb.

OXŞAR XƏBƏRLƏR