Azərbaycan Kinematoqrafçılar İttifaqı “Sən, ey uşaqlıq” adlı tammetrajlı bədii film ssenari müsabiqəsini elan edir.
Daha.az ssenari müsabiqəsinin şərtlərini təqdim edir:
– ssenarinin baş qəhrəmanı 15 yaşa qədər uşaq olmalıdır.
– ssenarilərin janr məhdudiyyəti yoxdur.
– ssenaridəki hadisələr müasir zamanda baş verməlidir (2000-2025-ci illər kəsiyində)
– müsabiqəyə göndərilən ssenarilər minimum 55 səhifə olmalıdır.
– ssenarinin titul vərəqində ssenarinin adı, müəllifin adı və soyadı, sağ aşağı küncdə elektron ünvanı, əlaqə üçün telefon nömrəsi qeyd olunmalıdır.
– ssenarilər ancaq tammetrajlı bədii film formatında olmalıdır (animasiya, sənədli film, qısametrajlı film ssenariləri qəbul olunmur).
– qəbul müddəti keçdikdən sonra ssenarilər qəbul olunmur.
– müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.
– əvvəlki müsabiqələrdə qalib olan tammetrajlı ssenarilər müsabiqəyə qəbul olunmur.
– müsabiqədə iştirak üçün aşağıdakı sənədlər elektron formada info@aki.az poçt ünvanına “Sən, ey uşaqlıq” başlığı ilə, çap olunmuş nüsxələrini (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə (Bülbül prospekti 30) təqdim edilməlidir :
tammetrajlı bədii filmin ssenarisi, (ssenari formatında, şrift: Courier New, ölçü: 12)
sinopsis (maksimum 1 vərəq yarım)
müəllif haqqında məlumat (filmoqrafiya (əgər varsa), təvəllüd, iş yeri, təhsil haqda məlumat)
-Bir müəllif maksimum iki ədəbi ssenari təqdim edə bilər.
Ssenarilər 1 oktyabr 2025-ci il tarixindən – 1 aprel 2026-ci ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqına həm elektron, həm də çap formasında təqdim edilməlidir.
Finalçılar 15 iyul, qaliblər isə 2 avqust 2026-ci il tarixində elan olunacaq.
Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 AZN, 3500 AZN, 2500 AZN) diplom və pul mükafatı ilə təltif ediləcəklər.




