Daha.az Rahid Uluselin “Sürrealizmin dürləri” yazısını təqdim edir.
(esse-karikatura)
Azərbaycanda realizm qarabasmasında sürrealizm belə dürlənir:
sürrealizm: omonim kimi iki mənada – (1) absurdlara inandırma yolu; (2) hər şeyi sürmək – həyatı, atı, arabanı, xarabanı – ki, “harda qırıldı qırıldı” fəlsəfəsinə söykənir;
hürrealizm: yenə omonim kimi iki mənada – (1) hürriyyət, azadlıq idealları ilə hər yerə dırmaşıb başını yardıranların yolu; (2) təlimatla sağa, sola, aşağı, yuxarı və qayıdıb özünə hürənlərin sənəti;
nurrealizm: gözlərə və ağıllara işıq verənlərlə gözlərdən və ağıllardan işıq alanların dava meydanı;
hurrealizm: “hurrey!” deyib çəpik çalanların iyerarxiyada yüksəlməsini vəsf edən və onların haçansa oradan aşağı yuvarlandırılmasına züy çalıb ağı deyən realizm;
qurrealizm: ayə kimi deyilənləri qurbağa gölünün vətəndaşları statusunda təsdiq və təkzib edir;
şurrealizm: taqətdən düşmüş insanları coşdurub eyforiyada uçurur; emosiyalardan radikallığa, cındırlıqdan krallığa transformasiyalar yapır;
surrealizm: Budda bütləri kimi heç nə etmir, meditasiyaya dalıb susur, Məhşər günündə İsrafilin sur çalmasını, Kissincer, Rotşild və Rokfellerin Kəbə, Məşhəd və Təzə Pir məscidlərindəki minarələrdən azan verməsini, bəşəriyyətin hoppadan xortlamasını səbrlə gözləyir;
vurrealizm: ədəbi qoçuların yaraqlı (əsas silahı – fit) cərəyanıdır, Baş Qərargahı Parisdə, Keyptaunda və Maştağada yerləşir;
torrealizm: xamlara, həriflərə tor qurub öz tərəfinə çəkən sıyıq ədəbiyyatçıların, pulla özünə əsər yazdıran, çevrəsində xudmani ədəbi-tənqidi mühit düzənləyən işbazların doktrinasıdır;
korrealizm: ədəbiyyatda optika dükanları açıb zülmət fəlsəfəsini, korluq mistikasını, təpəgözlük məfkurəsini yayır;
qorrealizm: dağın başından dərənin dibindəkilərə qor, qığılcım, çınqı sıçradır, bütün qələmlər şam kimi od tutub yanır, zəmanəmiz Füzulinin yuxusuna girir, kondisionerlər sərin aaah buraxır;
zorrealizm: bu dünyada hər şeyin zorla mümkün olduğunu dəmir alın, keçəl praktikası ilə sübut edir, ədəbiyyatın zorlanmasından doğulan bicbalaların çilçıraqlı səltənətini, kübar-epoletli əyanlığını seyrəngahlayır;
şorrealizm: duzlu şoru milli mentalitetimizin simvolu kimi bəh-bəhləyir; neftdən sonra gora getməmək üçün yalnız şora güvəndirir, şit həyatı duzlayıb-məzələndirir;
hörrealizm: müasir sofistikanın ocağında binə tutub – yalanı həqiqətə, həqiqəti yalana hörə-hörə, haramı halala, halalı harama qata-qata qəsrlər ucaldır;
kirrealizm: ədəbiyyatda kirli söhbətlərin şou-qalereyasıdır; ikinci iş yeri hamamdır – kisə çəkib çıxartdığı kiri estetikaya, zərif sənətlərə tətbiq edir;
tirrealizm: uzundraz adamların zürafə həyatına hündürdən baxır, ədəbiyyata Salvador Dalini taxır;
birrealizm: sənətdə bir yoldan başqa heç nəyi qəbul etmir; ədəbiyyatda dinastiya və monarxiyanın qalasıdır, Kim Çen İrin, Qəddafinin, Bəşər Əsədin birgə törəməsidir: qalanı qalanları üçün yox, özü üçün tikir;
sirrrealizm: “tamamilə məxfi” tezisi ilə işləyir, dünyanın bütün sirlərini açıb-bələyir;
hırrealizm: mövcudluğumuzun əsas sənət cərəyanıdır, milləti gecə-gündüz güldürüb-əyləndirməklə, dingildədib-oynatmaqla məşğuldur; Baxtinin “gülüş mədəniyyəti” konsepsiyasını ciddi saymır, nəzəri və praktiki səviyyədə qəbul etmir;
şırrealizm: hərcayılığın bolluğu, yolsuzluğun vakxanaliyasıdır, bir yerdə qalmır, axıb gedir, arada gəlib qəlbə də dürtülür, Apollon və Dionisdən güc alır;
qırrealizm: köhnə Bakının nostalgiyası ilə yaşayır, evlərin damlarına qır yaxanlar onun personajları, persona qratasıdır; göylə gedənlər məhz burada hərdən qıra batıb mıxlanırlar;
cırrealizm: özü cırlaşan, iddiaları yekələn ədəbi nəslin platformasıdır; körükləmək və körüklənmək peşəsində mahirdir;
pırrealizm: ədəbiyyatın balacalarını sərçələrin, irilərini leyləklərin ayağına bağlayıb göylərdə uçurur, yerə düşənləri ayətullahların və papaların duası altında kəmali-ədəblə dəfn edib çırtıq çalır;
zırrealizm: zırrama həyat tərzindən rasional dəyərlər, obrazlar darayır;
xırrealizm: bütün boş xırları bərkidib, saz təyyarələrlə qaz kimi kontinentdən kontinentə uçur;
tərrealizm: hələ təzə “bismillah” eləyənlərin qartımış fəlsəfəsidir;
hərrealizm: hər şeydən yazır, yazılmalı şeylərdən başqa;
nərrealizm: ədəbiyyatın klassik, korifey və patriarxlarının dəvə bioqrafiyasını əjdaha bioqrafiyasına çevirib mifləşdirir;
zərrealizm: “hər kəlmə qızıldır” təriqəti ilə gedib, mədhiyyədən altun yolur;
şərrealizm: erkəklə dişinin, tənqidlə ədəbiyyatın arasını vurub dolanır;
xərrealizm: eşşək zəhmətkeşliyini sivilizasiyaya örnək sayır, eşşək hüquqlarını əvvəl qatır, sonra at hüquqlarına çatdırmaq məqsədlərini sürüyür; and yeri – uzunqulağın çulu və kirpikləri;
varrealizm: yoxsulluq fəlsəfəsinə “yox!” deyir, gizli milyarderlərin aşkar zənginliyini, kitabla qan düşmənçiliyini tərənnüm edir, varlı adamların intim şəkilləri əsasında ssenari-seriallar yazır;
karrealizm: dünyadan gələn “ayıl, oyan, gözlərini aç!” səslərinə qafasını bağlayıb, öz kal bildiklərini bariton səslə dünyanın qulağına gurladır;
tarrealizm: günün günorta çağı altdan yuxarı banlayaraq, tar üstündəki qart-mühafizəkar xoruzlara meydan oxuyan beçələrin platformasıdır;
qarrealizm: zifaf gecəsindəki bakirəlikdən çırpıntılarla vidalaşma yaşantılarını poetik qar saflığı ilə bir neçə dəfə tikdirib ərə getmiş ləçərlərin tale linzasına həkk edir;
zarrealizm: Xəstə Qasımı postmodernizə edir, Molla Pənah Vaqif və Molla Cümə erotikasını Avropanın sinəsinə dağ kimi çəkir, homoseksuallarla lezbianlar arasında spiritual intertekstuallıq axtarır;
xarrealizm: yeraltı sərvətlərimizin ən üst qatındakı turpun və öz milli potensialını hələ gizli saxlayan xar qarpızın bizi böhran çağlarında xar etməyəcəyini bəyan edir; min illər hücrəsinə çəkilmiş xarizmatik zahidləri pop-musiqi, rep altında küçələrə çıxarıb bohema-zahidələrin qarşısında reverans etdirir;
narrealizm: bu – sırf milli realizmdir, nar kimi şirəli, şipşirin, turş, mələz…




