Daha.az Aqşin Yeniseyin “Süni zəka və sənət” yazısını təqdim edir.
Süni zəka təbii zəkanı əvəz edə bilərmi, yaxud edəcəkmi?
Əvvəlcə ondan başlayaq ki, bu məlumat, data dəryasına “süni zəka” deməyimiz nə dərəcədə doğrudur?
Niyə onu “süni intellekt”dən daha çox süni zəka kimi təqdim edirik?
Sualın cavabı dərhal tələb edir ki, intellekt və zəkanın nə olduğunu ayırd edək. İnsan həm bilən, həm də bildiyini, eyni zamanda bilmək istədiyini düşünən varlıqdır. Zəka daha çox beynimizin bilmək istədiklərini araşdıran funksiyasıdır. İntellekt bildiklərimizdir, zəka düşündüklərimiz. Zəka bilgidən fikir yaratma bacarğıdır. Bilgi ölü informasiyadır, beynimiz ona özündən duyğu üfürərək can verir və bu zaman yaranan “mücərrəd məxluq” fikir, düşüncə adlanır. Yəni zəka intellektin fövqündə olan mücərrəd bir sinir şəbəkəsidir. Abstrakt xassəlidir. Yaradıcılıq zehni inkişafın zəka mərhələsində, abstrakt uzaqlıqda baş verir.
İntellekt təxəyyülə o zaman çevrilir ki, ona emosional qavrama bacarığı qoşulur və bu zaman ideya yaranır. İntellekt özü-özlüyündə ideyaya çevrilə bilməz. İntellekt öyrənmənin nəticəsidir. Təbii zəka öncə öyrənir, həm rasional, həm emosional alətləriylə. Öyrənmə zəkanın uşaqlıq mərhələsidir. Öyrənməyən beyin zəkaya sahib ola bilməz. Bilə bilər, amma düşünə bilməz. Əksər insanlar bilməklə kifayətlənir. Bilir, tətbiq edir, həyatını qazanır və ölüb gedir. Bilmək gələcəkdən məhrumdur. Öyrənmək o zaman zəkaya çevrilir ki, beyin öyrəndiyinin səbəb və nəticələrini də maraq edir. Zəka öyrənmək üçün verilən sualla deyil, öyrəniləni öyrənmək üçün verilən suallarla başlayır. İntellekt soruşur: “nə baş verib?”, zəka davam edir: “niyə baş verib?” Zəka cavab verə bilmədiyi suallardan yumorla qaçır. Onu intelletkdən fərqləndirən ən qabarıq özəlliyi də yumor yaradıcılığıdır.
Süni zəka (bundan sonra süni intellekt) öyrənmir, o, sadəcə, öyrənilib bilinəni bilir. Araşdırılanları araşdırır, danışılanları danşır. Elə bir bilgi yoxdur ki, onu yalnız süni intellekt bilsin. Süni intelletin bildiyini milyonlarla insan da bilir. Süni intellekt insanın bilmədiyi heç bir şeyi bilmir. Əvvəlcə insan bilməlidir ki, sonra süni intellekt onun bildiyini bilsin. Daha doğrusu, təqlid etsin, biləni yamsılasın. Süni intellekt bildiyini yaradıcılığa çevirmək üçün onu hiss və həyəcanla yoğurmalıdır. Onun belə bir özəlliyi yoxdur. Yaradıcılıqda orijinallıq bilgiylə bağlı deyil, duyğuyla bağlıdır.
Süni intellekt şairin şerə köçürdüyü hiss və duyğuları sözlərlə yamsılaya bilər, amma orijinal şeir yaza bilməz. Orijinallıqda gözlənilməzlik qəfləti var. Bu da yaradıcılığın şüurla deyil, altşüurla bağlı hadisə olduğundandır. Yaradıcılıq məzmun etibarilə şüuraltıdan qidalanır, forma etibarilə şüurla bağlıdır. Yaradıcılıq anı yaradıcının özü üçün də sirli bir prosesdir, çünki şüurla idarə olunmur.
Nitsşe bu anı belə ifadə edib: “yaradıcılığın üzə çıxması üçün şüur ölməlidir”. Yaradıcılıq aktı ideya olaraq birdən insanın ağlına gələndir. Yaradıcılıq prosesi dediyimiz məsələ isə bu qəfil ideyanın formaya yerləşdirilməsidir. Süni intellektdə heç nə birdən, qəflətən, bədahətən ola bilməz. Çünki onun şüuraltısı yoxdur. O, ağıla xitab edə bilər, amma başqalarının ağlına. Onun ağlı olsaydı indi kütləvi məzhəkə məkanı olan bütün sosial şəbəkələr süni intellekt vasitəsilə yaradılan mizahla dolu olardı. Amma o, həmişə bizim gülüb qurtardığımız lətifələrə “gülür”. Çünki zəka olmadığı üçün orijinal yumor yarada bilmir.
Təbii zəka hər şeydən əvvəl nə yaradacağını və bunu nə üçün yaradacağını hiss və təyin edir, sonra onu necə yaratmaq haqqında düşünür. Süni intellekt nə yaratdığını bilmir, onun sadəcə, necə yaradıldığını təqlid edir.
Təbi zəkanın ilham mənbəyi əksikliyi hiss etməsidir. Həyatımızda nəsə çatışmır, ətrafımızda bir şeylər əksikdir. Əksik olan nədir. Nə etmək lazımdır ki, həyat tamamlansın? Təbii zəka bu suala cavab vermək, əksik olanı yerinə qoymaq üçün alternativlər yaradır. Flober XIX əsr Fransa cəmiyyətinə baxır və deyir, burada nəsə çatmışmır. O çatışmayan şey nədir? Madam Bovari. Araşdırır və qərara gəlir.
Əgər Madam Bovari obrazını yaratsa, fransızın həyatındakı boşluq dolacaq, əksiklik aradan qalxacaq və Madam Bovarini yaradır. Süni intellektin əlinin altında daha çox bilgi olmasına baxmayaraq o, sakini olduğu bilgi dünyasında nə çatışmır, nə yaradım ki, bu əksiklik tamamlansın deyə bir suala mübtəla deyil. Məsələn, o elə bir əksiklik kəşf edə bilməz ki, biz ona baxıb deyək, bax bu, bizim ağlımıza gəlməmişdi. Təbii zəka yola əksikliyin kəşfiylə başlayır. Frans Kafka əksikliyi kəşf edir: insanı əzən gözəgörünməz bir nəzarət sistemi var və onun axtarışına çıxır. “Qəsr” bu axtarışın romanıdır. Əgər o gözəgörünməzin nə və necə olduğu tapılsa, məlum olsa, insan onu əzən böyük bir xurafatdan qurtulacaq.
Sənətdə, yaradıcılıqda orijinallıq da budur, yeni bir əksikliyi kəşf etmək və o əksik olanı tapıb yerinə qoymaq. Süni intellektin belə bir qayğısı yoxdur. O, nəyin burada olmalı olduğunu, amma hazırda burada olmadığını bilmir. Bəs təbii zəka əksik olanı necə kəşf edir? Sezgi yoluyla. Yaradıcılıq var olanı deyil, olmayanı sezmək, hiss etmək fitrətidir.
Süni intellekt sənət əsəri yarada bilməz fikri bizim üçün bayağıdır. Çünki hər bir sənət əsəri riyazi bir ölçü sistemi üzərində “bədənləşir”. Məsələn, musiqi qədim Yunanıstanda riyaziyyatın alt qolu hesab olunurdu. Musiqinin əsas anlayışlarından biri olan oktava – səkkizlik səs ölçüsünü qədim yunan riyaziyyatçısı Pifaqor kəşf etmişdi. Səsi pərdələrlə idarə etmək də ilk dəfə öz məktəbində diri-diri yandırılan Pifaqorun sazəndəliyi idi.
Rəvayətə görə, Pifaqor bir dəfə dəmirçilərin yanından keçəndə fikir verir ki, eyni zindana döyəcləyən dəmirçilərin çəkicindən ayrı səslər çıxır. Başlayır səbəbini düşünməyə və tapır ki, fərqli ağırlığı olan çəkiclər eyni zindandan fərqli səslər çıxarır. Sonra bunu eyni məftilə müxtəlif məsafələrdən toxunuşlarla sınaqdan çıxarır. Ortalığa indiki musiqi alətlərinin ifa mexanizmi çıxır.
Yaxud rəssamlığın, memarlığın, heykəltaraşlığın təməl anlayışları olan simmetriya və perspektiv anlayışları tamamilə riyazi, geometrik ölçülərdir. Modern sənət sahələri, demək olar ki, başdan-başa estetikləşdirilmiş dəqiq elmlərdir; kubizm, suprematizm, abstraksionizm və s. Bu gün hər rəssamın içində bir Laboçevski var. Yaxud Şərq ədəbiyyatının təməli sayılan əruz sistemi tamamilə riyazi bir ölçü sistemidir. Əruz şairi əlində olan əruz qəliblərini, yəni bəhrləri sözlərlə doldurur. Əruz şairləri bir-biriylə heç vaxt mənaya görə dalaşmazlar, amma əruzun bu riyazi ölçünü pozulduqda məsələ əlbəyaxa davaya, hətta bıçaqlaşmaya qədər gedib çıxa bilər. Əruzda riyazi ölçünü “sındırmaq” ana söyüşündən daha ağır qələt hesab olunur.
Süni intellekt bütünlüklə riyazi ölçülərə əsaslandığı üçün onun hər hansı sənət əsərini yaratmaqda çətinlik çəkməyəcəyi aydındır. Yetər ki, sənətin riyazi təməlini yamsılasın. Amma əsas məsələ budur hazır riyazi ölçülərin içini söz və rənglə doldurmaq hər zamanmı sənət əsəri ola bilir? Əlbəttə ki, xeyr! Sənət zəkanın içini sözlə, rənglə doldurduğu riyazi ölçülərə orijinal məna yükləyə bildikdə ortaya çıxandır. Hətta təbii zəka belə orijinal əsərin eynisini yarada bilməz. Orijinal əsərin yalnız üzünü köçürmək mümkündür. Süni intellektin bacardığı da budur ki, sənətdə buna plagiat deyilir. Süni intellekt təbii zəkanı yalnız plagiat yoluyla təkrarlaya bilər.
Süni intellekt yaratmaq insanın ta cənnətdən qovulandan bəri xəyal etdiyi bir arzudur. Materialistlərə görə, insanı əmək yaradıb, idelaistlərə görə isə əmək bu dünyada insana verilən cəzadır. İnsan yarandığı gün təbiəti qarşısında düşmən kimi görüb, həmişə ondan qaçıb, qaça bilməyəndə gizlənib. Bütün canlılar təbiəti yeyir. Şir parçaladığının başqa bir canlı, yəni ceyran adlı bir varlıq olduğunu bilmir. Şirin parçaladığı təbiətdir. Çeyran da şir adlı bir qənimindən qaçmır, onu yemək istəyən təbiərdən qaçır. İnsanın belə bir üstünlükləri olmadığı üçün özünü həmişə qüsurlu sanıb və yaradıcılıq yoluyla bu qüsurların ağır nəticələrini aradan qaldırmağa çalışıb. Ağıl insanın təbii qüsurlarının yerinə doldurduğu şeydir. Ağılın özü varlığın süni, qondarılmış bir uzantısıdır. Varlığın bütünü ağılsızdır.
Əmək təbiətin bu amansız düşmənçiliyinə qarşı insanın apardığı savaşın adıdır. İlk əmək aləti insanın təbiətlə döyüşmək üçün hazırladığı silah idi. İnsan ilk silahı təbiətə qarşı yaradıb. İnsan təbiətlə savaşda həmişə öz yerinə döyüşən və ölən birilərini yaratmaq düşüncəsi ilə yaşayıb. Heyvanları buna görə əhliləşdirib. Məqsədi fiziki əməyi insansızlaşdırmaq, cəzasını başqalarına yükləmək olub. Bu gün hər bir sahədə insanın təbiətdən əsir götürüb kölələşdirdiyi cansız varlıqlar iş başındadır. Zavodlar, fabriklər, tarlalar bu cansız kölələrin işlədildiyi əsir düşərgələridir. İnsanın cəzası təkcə fiziki əmək deyil, daha əzablısı da var: zehni əmək, gecə-gündüz davam edən düşünmək əziyyəti. Son yüz əlli ildə insan öz yerinə zehni əməklə məşğul ola bilən varlıqlar yaratmaq iddiasıyla yaşayırdı.
Bu gün o varlığı yaradıb: Süni intellekt. İntellektual kölə. Amma bu kölə özüylə yeni bir qorxu da gətirib: insana ağa olmaq ehtimalını. Çünki insan öz təcrübəsindən bilir ki, ağalıq ağılın verdiyi üstünlükdür. Süni intellekt gələcəkdə daha ağıllı ola biləcəksə, insanın özünü kölələşdirəcək. Bu gün isə o, sadəcə, məlumat bazasına sahibdir. Məlumatdan, datadan ağıl yaratmaq üçün işin içinə duyğu, emosiya da girməlidir. Cansız aləm isə duyğudan məhrumdur. Cansız varlığa məlumat yükləmək, proqramlar vasitəsilə bu məlumatları səbəb-nəticə qanunlarıyla emal etmək olar, amma onlarda duyğu yaratmaq mümkünsüzdür. Duyğu üçün varlığın taleyi olmalıdır. Süni intellektin isə taleyi yoxdur. O ağlaya bilər, amma göz yaşları yenə insanın olacaq. Əgər o, özü-özünə tale yarada bilsə, biz homo-sapienslər gələcəkdə neandertalların aqibəti ilə üzləşəcəyik. Hələlik isə süni intellekt insanın yerinə düşünə bilmir, insanın düşünmək istədiklərini datalar əsasında sistemləşdirməyi bacarır.
Natural təsərrüfatdan birinci sənaye cəmiyyətinə keçid təxminən 5000 il vaxt aldı. Birincidən ikinci sənaye inqilabına keçmək üçün 200-300 il vaxt bəs etdi. Üçüncü sənaye inqilabı isə cəmi 80-100 ildən sonra baş verdi. 30-40 il keçmədi ki, Dördüncü sənaye inqilabanın səsi eşidildi. Artıq Beşinci inqilabın hazırlıqları başlayıb. Natural təsərrüfat cəmiyyətində torpaq sahibləri, sənaye cəmiyyətində sahibkarlar, informasiya cəmiyyətində rəqəmsal investorlar əhəmiyyətli qazanc və güc əldə etdilər. Hazırda beşinci sənaye cəmiyyətini təsvir və təsəvvür etmək çətin məsələdir. Gələcək kimlərin olacaq: bilgidən fikir yarada biləcək süni intelletklərin, yoxsa süni intellektdən istədiyi kimi istifadə edə bilən “müdrik bələdçilərin?”
Yuxarıda qeyd etdik ki, süni intellekt istedad deyil, istedadın təqlididir. Süni intellektin xammalı datadır. Data özü-özlüyündə heç bir mənası olmayan, heç bir emal prosesinə məruz qalmadan müşahidə və ya ölçmə yolu ilə əldə edilən xam informasiyadır. Süni intellekt bu xam informasiya ilə çalışır. Uzun yaddaşı, kodlaşdırılmış məlumat bazası və bu məlumatları sürətli alqoritmlər vasitəsilə əlaqələndirməklə təkcə beyinin rəqəmsal fəaliyyətlərini deyil, eyni zamanda emosional fəaliyyətlərini də təqlid edə, mətn, şəkil və audio kimi müxtəlif sahələrdəki məlumatları emal və təhlil edib mənalı nəticələr çıxara bilir.
Təbii zəka bilgidən fikir yarada bilən zehni funksionallıqdır. Süni intellekt insan zəkasının yaratdığı fikirləri də bilgi olaraq kodlaşdırır ki, bu da ona fikirdən fikir yaratmaq üstünlüyü qazandırır. Yəni süni intellekt Motsartı eşidir, Motsartın eşitdiyini isə eşitmir. Süni intellekt Motsartı təqlid edərək onu əvəzləyə bilir. Bu bacarığı onun insanı əvəz edəcəyi əndişəsini yaradır. Qlobal əndişə bundan ibarətdir ki, insanın daha gələcəyi olmayacaq, insan buraya qədərmiş. Gələcək tamamilə süni intelletin gələcəyi olacaq. Süni intellekt qısa müddətdə insanı fəaliyyət zonalarından sıxışdırıb çıxaracaq. Hətta insanın özünü də özü üçün yararsız hala gətirəcək. Artıq bu gün insanlar hər hansı bir seçim edərkən öz zəkalarına deyil, süni intellektin seçimlərinə müraciət edir, onun rəhbərliyi altında hərəkətə keçirlər.
Chatbotlar sayəsində artıq seçimlərimizi süni intellektə təhvil vermişik. Süni intellekt mühəndisi Cefri Hinton süni intellektin bir deyil, minlərlə bir-biriylə əlaqələmdirilmiş zəkadan ibarət olduğunu deyir. Yəni bir süni intellekt bir deyil, minlərlə insanın sahib olduğu bilgiyə sahibdir. Süni intellekt, bir növ, zəkalar fabrikdir. Amma bir şeyi unutmayaq ki, o, bu işlərin hamısını minlərlə təbii zəkadan köçürərək edir. Yəni bizə kömək edən yad bir varlıq deyil, bizim intellektual sərmayəmizi özümüzə xərcləyən bir yaddaş sistemidir. Nitsşe üstinsana belə bir tərif verirdi: yaddaşı ən uzun olan insan. Süni intellekt artıq üstinsanın fərz edilən bu özəlliyinə sahibdir.
Yaradıcılıq isə yaddaşın dirilməsidir.




