Apple “LLM Siri” adlanan yeni nəsil süni intellekt əsaslı köməkçisini 2026-cı ilin əvvəlində istifadəyə verməyə hazırlaşır. Bu funksiya şirkət daxilində “cavab mühərriki” (answer engine) kimi tanınır və Siri-nin axtarış və məlumat əldə etmə imkanlarını ciddi şəkildə genişləndirməyi hədəfləyir.
Daha.az xəbər verir ki, yeni sistem daha çox veb axtarış mühərriki kimi fəaliyyət göstərəcək, istifadəçilərin verdiyi ümumi məlumat suallarına bir neçə mənbədən qısa, dəqiq və anlaşılan cavablar təqdim edəcək.
Qeyd edək ki, ilkin mərhələdə bu funksiya yalnız Siri vasitəsilə əlçatan olacaq, lakin gələcəkdə Spotlight axtarışına və Safari brauzerinə də inteqrasiya ediləcəyi gözlənilir. Bu texnologiyanın Google və OpenAI kimi şirkətlərin təqdim etdiyi süni intellektli axtarış sistemləri ilə oxşar şəkildə işləyəcəyi gözlənilir.
Xatırladaq ki, Apple 2024-cü ildə iPhone 16 təqdimatında Siri-yə süni intellekt xüsusiyyətləri əlavə ediləcəyini bildirsə də, bu yeniləmə təxirə salınmışdı. Mütəxəssislərin fikrincə, “LLM Siri” Apple-ın gələn il üçün planlaşdırdığı böyük Siri yeniləmələrinin ilkin mərhələsi olacaq. Əsas “tam Aİ Siri” versiyasının isə yalnız 2027-ci ildə, iOS 28 ilə birlikdə istifadəyə veriləcəyi ehtimal olunur.