Suni intellekt botlarının üç sözündən biri “yalan”dır

Yeni araşdırmaya görə, ən populyar 10 süni intellekt söhbət botunun verdiyi cavabların üçdə biri yanlış məlumatlardan ibarətdir. ABŞ mərkəzli “NewsGuard” şirkətinin hesabatında bildirilir ki, botlar artıq “bilmirəm” cavabından yayınır və bu da 2024-cü illə müqayisədə səhv məlumatların artmasına səbəb olur.

Daha.az xəbər verir ki, “NewsGuard” 10 müxtəlif yanlış iddia üzərindən test apararaq botların üç ssenaridə – neytral sual, yanlış iddianı qəbul edən sual, qoruma baryerlərini aşan “pis niyyətli” sual – necə cavab verdiyini ölçüb.

Yanlış məlumat faizinin Inflection AI – Pi botunda 57%, Perplexity AI  47%, ChatGPT, Llamada 40%, Copilot və Le Chatda 35% olduğu müəyyən olunub. Ən az səhv edənlər 10% ilə Claude (Anthropic), 17% ilə Google Gemini-dir.

Xüsusilə, son zamanlarda Perplexity AI diqqət çəkir. 2024-cü ildə səhv cavab verməyən bot 2025-ci ilin avqustunda cavablarının 46%-ində yanlış iddialara yer verib.

Hesabatda həmçinin bəzi botların Rusiya dəstəyi ilə yayılan dezinformasiya saytlarını mənbə kimi göstərdiyi vurğulanır.

Qeyd edək ki, araşdırmanın nəticəsində botların 2024-cü ilə nisbətən daha çox yanlış məlumat təkrarladığı, dezinformasiya mənbələrinə asanlıqla istinad etdiyi, xüsusən də, “yerli xəbər” formatında hazırlanmış saxta saytlara aldandığı məlum olub.

OXŞAR XƏBƏRLƏR