Yer kürəsində iki yeni mövsüm yaranıb: “haze” – sis mövsümü və “trash” – zibil mövsümü. Bu qeyri-təbii mövsümlər ekosistemləri dəyişdirir, bəzən isə ənənəvi fəsilləri tamamilə sıradan çıxarır.
Daha.az xəbər verir ki, bu yeni fəsillər artıq planetin illik iqlim ritminin daimi hissəsinə çevrilib və təkcə təbiətə deyil, insan sağlamlığına və qlobal ekosistemlərə də ciddi ziyan vurur.
Sis mövsümü hər il Cənub-Şərqi Asiyada, xüsusilə, İndoneziya və Malayziyada başlayır. Geniş meşə yanğınları nəticəsində bölgə sıx tüstü təbəqəsi ilə örtülür. Bu, havanın keyfiyyətini xeyli aşağı salır və insanların sağlamlığını təhdid edir.
Oxşar vəziyyət ABŞ-də də müşahidə olunur. Kaliforniyada əvvəllər yay aylarında baş verən yanğın mövsümü artıq yazın əvvəlindən başlayaraq dekabra qədər davam edir.
Zibil mövsümü hər il dekabrdan mart ayına qədər davam edir. İndoneziyanın turistik Bali adasında dəniz axınları musson küləklərinin təsiri ilə tonlarla plastik tullantını sahillərə çıxarır. Yerli əhali bu “zibil mövsümünü” artıq təqvimlə proqnozlaşdıra bilir.
Eyni hal Filippin, Tailand və hətta ABŞ-in şərq sahillərində də qeydə alınır.
Yeni araşdırmalar göstərir ki, bəzi ənənəvi fəsillər artıq mövcud deyil. And və Rokki dağlarında əvvəllər sabit olan qış idman mövsümü qarın azalması səbəbindən yoxa çıxmaqdadır. Böyük Britaniyanın şimal-şərqində isə bəzi dəniz quşları əvvəlki kimi hər il eyni vaxtda yuva salmağa qayıtmır.
Alimlər qeyd edir ki, yaz artıq daha erkən gəlir, yay isə əvvəlkindən daha uzun çəkir.