İsveçin paytaxtı Stokholmun mərkəzində yerləşən məşhur və sevilən məkanlardan birində Azərbaycanın mədəniyyətinə, incəsənətinə, müstəqillik əldə etdikdən sonra qazandığı uğurlara həsr edilmiş möhtəşəm və məzmunlu təqdimat mərasimi keçirilib.
Daha.az xəbər verir ki, tədbir İsveç-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (SAF) sədri Sevda Dadaşova tərəfindən təşkil olunub.
Qonaqlar arasında müxtəlif təşkilatların nümayəndələri ilə yanaşı, ABŞ-ın “Rotary” cəmiyyətinin üzvləri də yer alıb.
Təqdimat zamanı Azərbaycanın zəngin tarixi, coğrafiyası, mədəniyyəti, kulinariyası və idman nailiyyətlərini əks etdirən videomateriallar nümayiş etdirilib.
Tədbir çərçivəsində İsveç bazarında satışa çıxarılan “Vikinqlərin bayramı” adlı Azərbaycan şərabının da təqdimatı olub. Şərabın bu adla adlandırılmasının səbəbini SAF üzvü, gənc şairə Nərgiz Mələk izah edib. O, dəfələrlə Azərbaycana səfər etmiş və Qobustanda tədqiqat aparmış norveçli alim Tur Heyerdalın araşdırmalarından bəhs edərək vikinqlərin Azərbaycanla tarixi bağlılığını elmi əsaslarla açıqlayıb.
Tədbirin yekununda “Rotary” cəmiyyətinin prezidenti Björn Vesterberq Azərbaycana dair bu əhəmiyyətli təqdimatın yüksək səviyyədə təşkilinə görə Sevda Dadaşovaya təşəkkürnamə təqdim edib.




