Daha.az Qismət Rüstəmovun “Sosial şəbəkələrdə və biz” essesini təqdim edir.
Dünyada sosial şəbəkələrin aktivliyini, istifadəçi sayı ilə bağlı statistikalar aparan “We Are Social”-ın hesabatına görə, dünyada sosial şəbəkə istifadəçilərinin sayı 4 milyarda çatıb. Bu statistika onu göstərir ki, artıq sosial şəbəkələr planetimizin ən başlıca media vasitəsinə çevrilib. Bu gün sosial şəbəkədə olmaq ictimai həyatın mərkəzində olmaq, sosial şəbəkələrdən tamam uzaq olmaq isə, az qala, düşüncə dünyasının ucqarına çəkilməklə eyni mənaya gəlməkdədir.
Bu gün Facebook sosial şəbəkəsində 3 milyardan çox istifadəçi var, onun ardınca 2 milyard istifadəçi ilə yutub, 1,6 milyard istifadəçi ilə vatsap gəlir. Rəqəmlərdən də göründüyü kimi, bəşər tarixində indiyə qədər heç bir media şəbəkəsi bu dərəcədə geniş miqyası əhatə etməyib. Bu miqyas avtomatik şəkildə öz qaydalarını, öz qrammatikasını, öz eko-sistemini formalaşdırmaqdadır, belə ki, artıq bu virtual dünyada ənənəvi medianın qanunları ya keçərli deyil, yaxud anaxronizm kimi görünür. Birbaşa, mərkəzsiz, informasiyanın həm emalı, həm qəbulu bir düymə uzaqlıqda olan bu sistemin yenilikləri, bütövlükdə incəsənətə, xüsusilə də, ədəbiyyata təsir etməkdədir.
Belə ki, xarakteri etibarilə audio-vizual paylaşımlara geniş imkan yaradan sosial şəbəkələrin, internetin dünyası, görkəmli italyan yazıçısı Umberto Ekonun dediyi kimi, bizi klaviatura vasitəsilə əlifba dövrünə qaytardığı üçün, əvvəllər yazıyla münasibəti bu qədər intensiv olmayan insanlar da hər gün nəsə yazmağa başladılar. Bununla yanaşı, sosial mediada aktiv istifadə edilən emojilər də ayrıca bir dil formalaşdırmaqdadır. Emojilərin intensiv istifadəsi bir yandan şəkli yazıya oxşasa da, digər tərəfdən dilə əlavə olunaraq özünəməxsus, hibrid qarışıq bir ifadə tərzi yaradır. Bu yeni yarı hərflərdən, yarı emojilərdən ibarət dil ədəbiyyata da təsir edir, belə ki, artıq ədəbiyyatda eksperimental hekayə kimi, sözlərin minimallaşıb emojilərin maksimallaşdığı mətnlər də yazılmaqdadır.
Sosial media populyar mədəniyyətinin geniş kütlələrə çatmasına, hər yazılanın anındaca paylaşılmasına və rəylərə açıq olmasına rəvac verdiyi üçün, bəzən bu küyün içində sənətə aid ciddi kontentlər gözdən qaçsa da, bacarığı, talantı olanlar burada kimsənin dəstəyi olmadan özlərini göstərə bilirlər. Bu mənada dünya humanitar fikrində tənqidçilər iki yerə bölünüb. Birinci cəbhə sözügedən bu reallığı hədsiz pessimistcəsinə şərh edərək deyir ki, artıq ciddi sənət əsəri yaransa da, onun layiqli dəyərini alması qeyri-mümkündür, çünki biz post-sənət erasına qədəm qoymuşuq. Daha optimist cəbhə isə deyir ki, bu müvəqqəti etapdır, ədəbiyyat, böyük sənət yenə öz yolunu tapacaq, çünki indi “sənət” adına təqdim edilənlər birdəfəlik istifadəyə yararlı şeylərdir, ömürləri növbəti statusa, tvitə qədərdir.
Ancaq bəlkə də sənət elə bu iki qütb arasındakı gərginlik sahəsində, qarşıdurmada, konflikt vəziyyətində özünü ifadə imkanı tapır.
Çağdaş Amerika yazıçısı Conatan Safran Foyer “Facebook və kitab” adlı çox maraqlı essesində yazır: “Hamamda uşaqlarımı yuyunduranda özümü elektron poçtumu yoxlayan yerdə tuturam, yaxud yazı yazarkən, bir cümlə, yaxud fikir rahatlıqla ağlıma gəlməyəndə əlim tezcə internetə gedir. Gözəl bir bahar günü telefonumun ekranını yaxşı görmək üçün özüm kölgəlik axtaran yerdə tuturam. Sizdə heç belə olmur?”
Bütün paradoksal cəhətlərinə baxmayaraq, sosial şəbəkələr yeni əsrin reallığı kimi artıq həyatımızın, informasiya resurslarımızın ayrılmaz hissəsidir. Sosial şəbəkələr bir yandan insanlarda qəribə asılılıqlar, yeni patologiyalar yaradır, bir yandan möhtəşəm imkanları vasitəsilə məsafədən ünsiyyət qurmağa, kommunikasiya qrupları yaratmağa, informasiyanı əlçatan etməyə gözəl şərait yaradır. Belə ki, tutalım, çağdaş dövrdə artıq psixologiyanın yeni araşdırma predmeti kimi daxil olan “nomofobiya” anlayışı maraqlıdır.
Bu anlayış “no mobil fobiya” sözlərindən yaranıb və mobil telefondan asılılığı, onu itirmək, ondan aralı qalmaq qorxusunu ifadə edir. Digər tərəfdən yeni texnologiyalar, o cümlədən, sosial şəbəkələr bütün dünyada olduğu kimi, ölkəmizdə də çox maraqlı kitab, sənət bloqlarının, kitab səhifələrinin yaranmasına imkan yaradıb.Bu gün artıq internet dünyası növbəti mərhələyə, metaverse deyilən yeni etapa qədəm qoymaqdadır. Çağdaş texnologiyaların artıq ildən ilə yox, az qala, aybaay yenilənir, Metaverse, NFT, blockchain texnologiyaları bu yeni reallığın hələlik ən sonuncu mərhələsidir.