DAHA.az Aqşin Yeniseyin “Sevginin əhvalatı” essesinin birinci hissəsini təqdim edir.
Rəvayətə görə, dənizlərdə yaşayan Albatros quşlarının (şərqlilər onlara “Divanə quşu” deyirlər) erkəkləri yalnız bir dəfə aşiq olurlar və dişiləri öldükdə erkək albatroslar xırda daşları udaraq intihar edirlər.
Antik mimesis praktikası bizə deyir ki, dində və onun “instrumental alt qatı” olan sənətdə tanrıya və insana aid edilən müxtəlif anlayışlar kimi divanəlik də təbiətin təqlidindən, yəni mədəsi xırda çınqıllarla dolu erkək albatrosların nakam aqibətindən törəyib. Məcnun da səhrada yaşayan albatrosdur. Dişisinin yoxluğunda daş udub intihar etmək – əgər albatroslar həqiqətən belə bir təbii sədaqət hissinə sahibdilərsə – erkək albatrosun genetik yaddaşından gəlir. Yəni anadangəlmə divanəliklə “lənətlənmiş” bu dənizlər şahzadəsi aşiq olmazdan öncə varlığında öz eşqinə fəda olmaq istedadı daşıyır. Qabığını içəridən dəldiyi yumurtadan sevda yolunda üzləşəcəyi ölümüylə birgə çıxır işıqlı dünyaya. Nədən aşiqliyin belə bir ağır cəzası olsun ki, sevgi günahdırmı? Bəlkə də, günahdır, amma azad günahdır, cəzası isə könüllü seçimdir.
İnsan həyatında da belədir; sevgi ayrılıq qorxusuyla birgə gəlir ömrümüzə. Aşiq həmişə xəyalında sevdiyini canlandıran yumulu bir gözüylə sevir, digər gözünü isə həmişə ayrılıq səksəkəsində ağlamaq üçün açıq saxlayır. Gözələ vurulmaq özüylə dərhal onu itirmək qorxusunu da gətirir. Sevgi və onun əzabı siam əkizləri kimi yapışıq doğulur. Bəlkə də, bu, ona görədir ki, insanlıq özü bir ayrılıq hadisəsidir. Qovulma – Cənnətdən ayrılma! Doğuş – bətndən ayrılma! Ölüm – həyatdan ayrılma! Geri dönüşü olmayan üç əbədi ayrılıq…
İnsanın sosial, mədəni, dini və s. kimliklərindən fərqli olaraq, cinsi kimliyi kənar müdaxilələrin təsiriylə deyil, bədənin daxili təkamülünün təsiriylə ortaya çıxır. Bədən özünü kəşf edincə insan kişi, yoxsa qadın olduğunu anlayır, insanlıq halı kişi və qadının keçmişində qalır. Hətta bir çox kişi və qadın cinsi kimliyin bədən üzərində hökmranlıq etdiyi dövrdə insan olduğunu unudur, ta o vaxta qədər ki, kişi qadının, qadın kişinin xatirəsinə çevrilir. Necə ki, ağac özü-özünü tozlandırıb bar verdikdən sonra meyvəsinin adını daşımağa başlayır və ağaclığını keçmişə buraxır. İnsan da keçmişindən sevgi hissinin çiçəkləməsiylə ayrılır, gələcəyə cinsi kimliyi ilə daxil olur. Cənnətə insan adıyla göndərilən Adəm və Həvva oranı kişi və qadın olaraq tərk edirlər. Günaha batan iki insan deyil, biri kişi, digəri qadındır, Adəm və Həvvadır. Ayrılıq kişi və qadının başına gələn hüznlü bir çarəsizlikdir. Ayrılmaq istəməyənlər bir-birilərini kişi və qadın kimi deyil, insan kimi sevməyə məhkumdular.
Cinsi kimliyimiz banisi özümüz olduğumuz yeganə kimliyimizdir və batinidir. Qalan bütün kimliklərimiz zahiridir və müəllifləri başqalarıdır. Cinsi kimliyimiz yarımçıq doğulur: “kişi”, yaxud “qadın” demək “yarım adam” deməkdir. Onda uşaqlığımıza dediyimiz səssiz “əlvida”nın kədəri ilə onu tamamlayacaq olan yeni və tanımadığımız birini tapmaq ümidi bir-birinə qarışır. Cinsi kimlik axtardığına rast gəlincə qabığından çıxır və ikincini kəşf etməklə, ilk növbədə, artıq içində yeri boş qalan uşaqlığının yerini doldurur. Qadın sevdiyi kişiylə, kişi sevdiyi qadınla uşaqlaşır; sevgi hansı yaşda yaşanırsa yaşansın sevəni məsumlaşdırır. Aşiq və məşuq məsumluqlarıyla özlərini ifşa edirlər. Adəm və Həvva məsumluqların ucbatından günaha batırlar. Məsumluq günahın bakirəliyidir.
Cinsi kimlik yola cinsi istək olmadan çıxır: heç bir yeniyetmə ilk sevgilisini özüylə yataqda təsəvvür edərək arzulamır, axtarmır, hətta ilk dəfə aşiq olan oğlanlar üçün bu pornoqrafik təsəvvür sevdiklərini alçaldan əxlaqsız bir görüntü kimi rədd edilir. Aşiq üçün məşuq toxunulmaz bir bütündür, aşiq onu özünə də qadağan edən bir sirr örtüyü ilə gizləməyə çalışır. Aşiqlər atası Zünnün ölüm ayağında divanəsi olduğu tanrıya üz tutaraq deyir: “Sənin zatına olan bağlılığımı ifşa edə bilmərəm. Sənin sevgindən qabırğalarımın arasından anidən zühur edən ən kiçik bir görüntünü belə nə bir tanışıma, nə də bir dostuma göstərmərəm”. Yəhudi filosofu Qerşom Şolem Tövrat mətni ilə onu oxuyanı aşiq və məşuqa bənzədir. Tövrat saraydakı öz otağında gizlənən gözəl və nəcib tərbiyə edilmiş bir məşuq kimidir. Heç kimin tanımadığı gizli bir sevgilisi var. Bu sevgili onun evinin ətrafında dolaşır, gözləri hər yerdə onu axtarır. Məşuq sevgilisinin onun evinin ətrafında dolaşdığını bilir. Bəs o nə edir? Gizli otağının pəncərəsindən, sadəcə, pərdəni aralayır. Bu aradan bir anlıq üzünü sevgilisinə göstərir və qəfildən geri çəkilir. Bu qayda sevginin tabusudur; aşiq özü də məşuqun bütününü görməkdən imtina edir. Bütün görünərsə, sehr dağılacaq, həyəcan itəcək.
Pornoqrafiya toxunulmaz olan bu bütünlük hissinin yoxa çıxmasıyla başlayır. Məşuq aşiq üçün şəhvət siqaretlərini söndürdüyü bir kulqabı deyil, ta o vaxta qədər ki, sehr dağılır və bütün hissələrə ayrılır. Gözəl hər yeriylə, yəni bütünüylə gözəl olandır. Bir yeri ilə gözəl olan, yaxud olmaq istəyən çirkindir. Çirkin hər yeriylə görünmək istər. Fransız filosofu Jorj Batay yazırdı ki, sərhədləri aşmaq və azad olmaq çirkinin arzusu və yanğısıdır. Çirkin ifrata varandır. Gözəlin belə bir ehtiyacı və niyyəti olmaz. Çirkin azad olmaq istəyər, aşiq olmağı bacarmaz. Çünki aşiqlikdə təslimlik var, azadlıq yoxdur. Aşiqin azadlığı sevdiyində itkin düşmək, yoxa çıxmaqdır. Aşiq özünü sevdiyində itirəndir. Gözəl və çirkinin fərqi özündən sonra tərəf müqabilində yaşatdığı təəssüratında üzə çıxır. Gözəl özü olmayanda da gözəl xatırlanandır. Çirkin xatırlanmaz, özüylə başlayıb özüylə başa çatar. Çirkinin sonrası yoxdur. Gözəl ofsunlayıb yaxınlaşdırır, çirkin reklam edib çağırır. Qədim “məbəd fahişələri” inanclarına say çoxluğu üçün qatmaq istədikləri kişiləri bədənləri ilə çağırırdılar, amma onları ofsunlamaq üçün də mahnı, şeir oxumaq, musiqi aləti çalmaq kimi əlavə bacarıqlara yiyələnirdilər. Çirkin gözaltı etdiyini özünə bağlamaq üçün gözəli təqlid etməlidir, onun dublyoru olmalıdır. Çağımızın sevgilərinin ucuzluğunun və uğursuzluğunun səbəbi gözəlin rolunda dublyorunun iştirak etməsidir. Çirkin dəbdir, gözəl dəyərdir. Gözəl olan dəyəri bilinmədikdə qəsrə qapanır və özünü öz dəyərini qorumaqla “cəzalandırır”. Çünki gözəl və aşiq kollektiv həyatın qürbətində olandır, aşiq öz sevgisi, gözəl öz gözəlliyi ilə kollektivdən ayrılır. Gözəlliyin heç kimdə olmayan bir qürbət görüntüsü var. Aşiq zatən həmişə qürbətdən sevir. Sevgi və gözəllik kollektivə bulaşmağı sevməz! Bulaşa və yoluxa bilirsə, çirkindir.

Qədim mətnlərdə sevgi dini, siyasi, iqtisadi, sinfi öhdəliklərin fövqündə yaşanan duyğu dirənişidir. Dini doqmalara üsyan edən yeganə duyğu sevgidir! Siniflərarası heç bir sərhəd tanımayan yeganə duyğu sevgidir! Özünü siyasi düşmənliyin oduna atan yeganə duyğu sevgidir! Bu gün isə vaxtilə fövqündə olduğu, baş qaldırdığı bütün tabuların köləsidir o. Yenidən dizayn edilmiş kollektiv şərtlər insanlara sevgini kütləvi duyğuların fövqünə yükslətməkdənsə, onu öz ayaqlarına endirməyi hökm edir və bunu ağlın üstünlüyü ilə əsaslandırır. Sevgi ağılla təhqir olunur. Ağlı və duyğunu qarşı-qarşıya qoymaq böyük bəşəri səhvdir. Ağıl insana qaranlıq aləmlərdən çıxış yolu tapmaq üçün lazım olan zehni təkamül alətidir. Duyğunun belə bir görəvi yoxdur, duyğu, əksinə, insana çıxış yolu tapmaq üçün deyil, ağılla enməyə cəsarət etmədiyi qaranlıq aləmlərə enib axtarış aparmaq üçün lazımdır. Aşiq öz içinin qaranlıq dünyasına duyğu ilə enib, oradan arınaraq, aydınlanaraq qayıdan bir qəhrəmandır. Mifik qəhrəman ölüb-dirilmə aktını ölülər aləminə səyahətlə icra etdiyi kimi, aşiq də öz içinə enib qayıdaraq öz gerçəkliyinin fövqünə ucalır. Aşiq, bir növ, özü-özünü başına qaldırıb yerə çırpan mistik bir divdir. O, öz üzərində qələbə qazanmasa, aşiq adını daşıya bilməz. Sevgi insanın qaranlıq sularında üzən sualtı qayıq kimidir, o, həmişə altdan gəlir, öz hədəfini izləyib yenidən dərinliklərdə görünməz olur. Həmişə üzdə olan sevgi deyildir. Sevgi göz qabağında olmağı sevməz. Ancaq bu gün ondan nəinki hər an göz qabağında olmaq, hətta heyran olduğuna köləlik, təlxəklik, kuryerlik etmək tələb olunur.
Sevgi yaşada bilməyəndə öldürür, ya da özü ölür. Hər yeni çağ sevgi hissinə edilən müdaxilələrlə başlar. Məsələn, antik çağda seyr edilən kainat idi, əlində yay-ox tutmuş aşiq – Eros Veneranın ətrafında dolaşırdı, Orta əsrlərdə seyr edilənin unvanı tanrı oldu, aşiqlər tanrının xəyali gözəlliyinin önündə əriyib çöpə dönürdülər. Aydınlanma çağı qadını gözəlləşdirdi, bu səfər aşiqin ünvanı bədənləşdi, əlçatan oldu. Yaşadığımız çağda bədən də yoxa çıxıb, geriyə, sadəcə, cinsi orqanlar qalıb. Sevgi insanlararası həyəcanlı münasibət olmaqdan da çıxıb orqanlararası sırtıq ünsiyyət şəklini alıb. Bu gün sevgi dedikdə heç kimin ağlına gecələr həsrəti alovlanan biri gəlmir, gündüzlər qiyməti hesablanan biri gəlir. Çünki artıq sevgi iqtisadi anlayışdır, onun ünvanına göz yaşlarıyla yazılmış şeirlər göndərilmir, qarşısında əlavələr edilmiş Maslovun “ehtiyaclar piramidası” ucaldılır. Və həqiqi sevgi axtaranlar, Eva İlluzun sözləriylə desək, həyatlarının şahzadəsini tapana qədər xeyli qurbağa öpməli olurlar. İnsan çürüməyə də, cücərməyə də sevgiylə başlayır. Sevgisi çürüyən insanı heç bir ağıl xilas edə bilməz, heç bir ağılla da sevgisi cücərən insanın önünü saxlamaq olmaz.
Sevgi ən yaxşısını tapmaq canfəşanlığı deyil, tapdığının ən yaxşısı olduğuna inanmaq firavanlığıdır. Eva İlluz modern çağ sevgisinin ən yaxşısını tapmaq canfəşanlığını bu çağın insana verdiyi seçim azadlığıyla bağlayır. Seçim azadlığı modern insanın həm də haqqıdır, əgər o, bu haqqı siyasi, içtimai, alış-veriş həyatında gen-bol istifadə edə bilirsə, sevgi həyatında niyə istifadə etməsin? Niyə ən yaxşısının növbətisi olacağını düşünməsin? Niyə seçiminin “bəlkə, yanlışdır” şübhəsini özünə yaxın buraxmasın? Niyə seçimlə həyatına gələni mütəmadi olaraq yeni bir seçimlə yeniləməsin? Məcnunun gözləri isə ancaq Leylini görürdü, çünki Leyli onun seçdiyi deyildi, sevdiyi idi. Dəyişdirilə bilən seçiləndir, sevilən deyildir.
Seçim etmək müqayisə etmək deməkdir. Ən yaxşısını seçmək təbiətin qanunundur. Seçim azadlığı təbii seçimin mimesisidir. Ailə bu mimesis üzərinə inşa olunan bir qurumdur. Ən yaxşısı seçilmədikdə, yaxud seçilən ən yaxşısı olmadıqda ailə dağılır. Sevgidə bu qanun keçmir, sevgi müqayisədə qalib gələnə yönəlik bir duyğu deyil. Sevgi tək olana, müqayisəsiz olana heyranlıqdır. Demək ki, ailə və sevgi bir-birinə yad, hətta zidd anlayışlardır. Sevgi yaşayacaqsa, ailə olmayacaq, ailə olacaqsa, sevgi yaşamayacaq. Demək ki, qayda belə olmalıdır: ya sev, ya evlən, heç vaxt bu ikisi bir yerdə alınmayacaq! Eva İlluzun moderin çağa aid etdiyi seçim azadlığı, əslində, qədim ailəni yaradan seçim zərurətinin sekulyarlaşmasıdır. Ailə üçün ən yaxşısı seçilməlidir, sevgi üçün isə seçilən ən yaxşısıdır. Ailə ən yaxşı erkəklə, ən yaxşı dişinin ittifaqıdır, ailədə birləşənlər kişi və qadın deyil, gələcək nəslin qayğısını çəkmək erkəkliyin və dişiliyin öhdəliyidir. Ailə heyvani mənşədən gəlir. Ailə özünü hisslərə deyil, instinktlərə etibar edir. Erkəyi kişiyə, dişini qadına çevirən hiss sevgidir, onun gələcək nəsil qayğısı deyə insitinktiv bir dərdi-azarı yoxdur. Seçim azadlığı ailə anlayışından doğan bir qüsurdur, travmadır. Sevgidə seçim azadlığı deyə bir ehtiyac yox. Sevgidə seçilən zatən ən yaxşısıdır. Onun pis olduğunun üzə çıxması üçün sevginin ailə ilə nəticələnməsi lazımdır. İnsan ən yaxşısını sevərkən axtarmır, çünki sevdiyinin ən yaxşısı olduğundan əmindir. Ən yaxşının axtarışı ya evlənmək məqsədilə, ya da evlilikdən sonrakı peşmanlıqdan qaçış məqsədilə aparılan bir axtarışdır. Sevgidə pis deyə bir sifət yoxdur. Pis ailədə kəşf olunan bir sifətdir.
Ən yaxşını axtarmaq aşiqlik deyil, alıcılıqdır. Ailə iki aşiqin deyil, iki alıcının şərik münasibətidir. “Ya sev, ya evlən, ikisi bir yerdə heç vaxt alınmayacaq” dedikdə biz iki aşiqin münasibətini iki alıcının münasibətindən ayıran keçilməz Çin səddini nəzərdə tuturduq. Seçim zərurəti və seçim azadlığı olan hər yerdə hər kəs alıcıdır. Sevgini bu ticari münasibətlərə qatmamalı! İnsan sevdiyini seçə-seçə deyil, sevə-sevə tapır. Seçə-seçə özünü də itirə bilərsən, amma sevə-sevə tapdığın həmişə özünsən!
Bu gün hər kəs alıcıdır, sevgi adı altında şıdrığı insan alveri gedir. Çünki sevmək mənfəətləşdirilib, müqayisəsiz münasibət olmaqdan uzaqlaşdırılıb, müqayisəli mühasibət halını alıb. Bu gün “sevənlərin” ən çox istifadə etdiyi alət kalkulyatordur.
Uzun dövrlər ərzində öz ayaqlarıyla zamanla ayaqlaşmaq istəyən insan, indi onu başqasının ayaqlarıyla ötməyə çalışır. Artıq dünən və sabah deyilən bir zaman anlayışlarımız yoxdur, həyat hər kəsin xoşbəxtlik adlı bir sümük axtardığı fasiləsiz bu gündən ibarətdir. Hər kəs xoşbəxtliyin həmin bu günə aid bir matah olduğunu zənn edib dünənsiz və sabahsız bir ömür yaşamaqda. Dünən unudulanın, sabah önəmi olmayanın adıdır. Var olmaq bu günün qazancıdır, qazancı olmayan bu gün bizi yox edir. Xoşbəxtliyini özündən kənarda axtaran insan özündən itkin düşür, özünə yadlaşır. Anlamır ki, xoşbəxtlik zəngın həyat təcrübəsinin insana verdiyi doymuşluq hissidir və bu hissin müəllimi insanın sevgisi, iradəsi, şəxsiyyəti qarşısında geri çəkilmiş bədbəxtliklərdir. O bədbəxtliklər ki, bu gün onunla qarşılaşmamaq üçün hər kəs özünü sibaritlərin dolaşdığı hedonizmin ərazilərində azdırır. Yaşadığımız dünya özünü azdıranların dünyasıdır: hər kəs özünü azdırmaq üçün bir yer axtarışında. Kimi özünü dində azdırır, kimi siyasətdə, kimi əşyalar mühitində, kimi sosial şəbəkələrdə. Uğur özünü ən yaxşı azdıra bilənin populyarlığıdır.
Həyat zamanın relyefli əraziləridir, həyatdan kənarda zaman düzdür. Ölülər relyefsiz zamandadır. Günümüzün sibarit insanı həyatın relyefindən qaçır, dərəsinə enib, dağına qalxmaqdan imtina edir, bütün ömrünü zamanın düzənliyində, “ölü zona”da yaşamaq istəyir. Başqasından sömürülən xoşbəxtliyin yaratdığı həzz asılığı kollektiv iradəni yox edir. Kollektiv iradəsizlik ortalığı bir ömür kor-koranə yaşayan insan yığınlarıyla doldurur; bir-birilərindən tutub hara getdiklərini bilməyən korların bəşəriyyəti.
Sevgi başqasını qiymətləndirmək deyil, mənalandırmaqdır. Başqası bizdə münsiflik iddiasını deyil, müdriklik bacarığını oyatmalıdır. Günümüzün insanı özü də mənalandırılmaq istəmir, qiymətləndirilmək istəyir, həm də bahalı əşyalarla, dəbdəbəli təkliflərlə. Sevgisini sübut etmək istəyən aşiq səhra təkliyinə deyil, bazar tünlüyünə üz tutur. Çünki məşuqun seçim şərti budur; yalnız cari və ticari üstünlüyü olanlar qəlbimin qapısını təpiklə aça bilər. O qəlbin ki, orada xoşbəxtlik görüntüsü altındakı təhqiri ört-basdır edir. Xoşbəxtliyin bu qədər reklam olunmasının səbəbi mənşəyinin travmatik olmasıdır. Şəxsiyyəti zədələməyən xoşbəxtlik çığırmır. Çığıran xoşbəxtliklər təhqir olunmuş şəxsiyyətin üsyanıdır və daha betər bir bədbəxtliyin xəbərçisidir. Mənşəyi təhqir olan xoşbəxtliyi görüntüləmək psixoloji qanaxmanı saxlamaq üçündür. Xoşbəxtliyin başqalarına nümayişi psixoloji laxtalanma yaradır.
Sevgidə təcrübə deyə bir ənənə yox, hər kəs ilk dəfə sevər. Sevməyi başqasından öyrənəməzsən. Necə ki, heç bir quş uçmağı başqa quşa baxıb öyrənmir. Uçuran eyni hisslər olsa da, hər kəs uçmağı öz qanadlarıyla öyrənir. Budur sevgini əzablı edən qanun. Eşq yolculuğunda ustad yolun özüdür. Aşiq bu yolda yeriməyi yolun özündən öyrənər. Uçmaq istəyənin müəllimi uçuş ehtiyacının özüdür. Uçmaq təcrübəsi özünü boşluğa atmaqla başlar. Sevmək də belədir; qorxunu yenib özünü boşluğa atacaqsan. Eşq aşiqin özünü atdığı boşluqdur. Uçrumun dibini görməyən göy üzünün səadətini anlamaz. Əzabsız səadət uşağın əlində tutub uçurduğu kağız quşun uçuşu kimi cansızdır. Xoşbəxtlik yaşantının özü deyil, izidir. İzi qalmayan həyat yaşanmamışdır. İzi qalan ağrısı unudulmuş yaradır. Yaşamaq varsa, yaralayacaq. Yara izi olmayan bədən yaşamamışdır. Əzabdan xəbərsiz qəlb sevməmişdir. Biz bu gün alqofobiyaya yoluxdurulmuş cəmiyyətdə yaşayırıq; ağrı, əzab ilə qorxudulmuş insanlar həyatın yaralaya biləcəyi hər yerdən qaçırlar. Sevgi o qaçış yerlərindən biridir. Alqofobiyanın sosial norma kimi yayğınlaşması insanın mübarizə ruhunu öldürür, çünki mübarizədə ağrı ilə üzləşmək ehtimalı var. Bu ehtimalı bəri başdan sıfırlamaq üçün günümüzün insanı çətinliklərlə qarşılaşıb mübarizə aparmayacağı ərazilərə üz tutur. Mübarizə əzminin yoxluğu insanı mərdlik, fədakarlıq, xeyirxahlıq kimi əxlaqi təməllərdən məhrum edir, onların yerinə ikiüzlülük, yaltaqlıq, parazitlik kimi əxlaqa zidd davranışları gətirir. Mübarizə əzminin yoxluğu bizi çöpəgülən dəlilərə çevirir. Mübarizəsiz həyat gerçəkliyi duymaq və anlamaq bacarığını yox edir. İnsan özünə təhlükəsiz yaşaya biləcəyi bir qəfəs axtaran ağıllı heyvana çevrilir. Mübarizəsiz həyat parazitizmə yol açır. Partnyor qidalanma mənbəyi, yaşayış yeri kimi seçilir. Sevgi süslənmiş parazitlə qidalanacağı bədəni birləşdirən bioloji təmas halını alır. Məşuq aşiqə, yaxud aşiq məşuqa günlük fiziki ehtiyacları ilə bağlanır. Bir-birinə duyğuyla dolu qəlblər deyil, təşviq olunan ehtiyaclara yerikləyən boş əllər açılır. Sevgi nigaranlıqdan uzaqlaşdırılıb güzaranlaşdırılır. Güzarana xidmət edən sevginin pulqabıda eşələnən taxtabitidən heç bir fərqi yoxdur. Məşuq özünü aşiqin, yaxud aşiq özünü məşuqun pulqabısının küllü-ixtiyar sahibi olan taxtabitisi elan edir. Leyli Məcnunun canına daraşmış taxtabiti şəklini alır. Ağrıdan, əzabdan qaçan aşiq də mübarizə əzmini itirərək kafkavari bir aqibətlə üzləşir; bir səhər oyanıb yataqda nəhəng həşərat olduğunu görən Zamzaya çevrilir, amma Qreqor Zamzadan fərqli olaraq o, bu həşəratlaşmanın fərqində olmur.
Bir zamanlar aşiqlik yerdən daha çox göyə bağlı bir gözlənti idi. Göyləri günəşə tamarzı Qərb işıq axtarırdı, göyləri od tutub yanan Şərq qaranlıq. Qərb sevgi arzulayırdı, Şərq eşq. Sevmək üçün görmək, görmək üçün işıq lazımdır. Eşq qaranlıqda gedən mənəvi prosesdir. Şərq sufiləri dərin qaranlıq quyularda aydınlanırdılar. Ona görə də Qərbin Edisonu lampanın içindəki işığı sirrini kəşf etdi, Şərqin Ələddini lampanın içindəki qaranlığın möcüzəsini. Günəşə tamarzı olanla, gölgəyə həsrət qalanın aşiqlik anlayışı da fərqliydi. Günəşin qapıqonşusu olan Şərqin büründüyü qara çadra həsrətində olduğu kölgənin rəmziydi. Aşiq məşuqunu günəşdən gizləyirdi, sevdası baş tutmayanda özünü ölümə tərk etmək üçün səhra günəşinin ixtiyarına buraxırdı. Altdan-üstdən geyinmiş soyuq Qərbin isə soyunmaq ehtiyacı vardı. Qərbli aşiq qiyafətin altında gizlənən məşuqunu, heç olmasa, bir dəfə yaxından seyr etmək üçün qəsrlərə dırmanırdı. Şərqin gizlədiyini Qərb aşkara çıxarmaq istəyirdi və ya Qərbin aşkara çıxardığını Şərq gizləməyə çalışırdı. Bu gün nə gizli Şərq var, nə aşkar Qərb, nə sirr var, nə möcüzə, çünki nə eşq var, nə sevgi. Var olan yalnız mənşəyi mağara olan teatrallaşdırılmış instinktlərdir. Şərq də, Qərb də göyləri unudub.

Sevgi isə yer həyatını unutduran, insanın özünü başqa bir insanla mənalandırdığı öz-özünə baş verən müstəqil hadisədir. İnsan özünü özündən dəyərli olanla mənalandırır, yaxud özünü mənalandırdığı şeyi – əşyanı, ideyanı, başqa bir insanı – gerçək dəyərinin fövqünə qaldırır. Məcnun Leyliyə baxanda onda təcəlla edən tanrını görür, Leylinin simasında tanrıya aşiq olur. Bu yerdə işin içinə riyaziyyat daxil olur: əvvəlcə tək olan sevgi obyekti getdikcə sonlu çoxluğa, daha sonra sonsuz coxluğa, ən nəhayət, boş çoxluğa yüksəldilir. Leyli yoxa çıxır, Məcnun onun yerində tanrını, yəni boş çoxluğu görür. Aşiqi kosmik məxluqa çevirən, onu öz varlığının fövqünə, çəkisizlik mühitinə aparan da boş çoxluğun bəxş etdiyi universal azadlıq duyğusudur. Yer sonlu çoxluqlar aləmidir, göy sonsuz çoxluqlar aləmi. Eşq aşiqi daha uzağa, tanrı adlı geri dönüşü olmayan boş çoxluğun məkanına yollayır. Sevginin, eşqin gerçəklik hissini unutdurması insanı insanüstü bir varlığa çevirir. X əsrdə qadından yola çıxıb boş çoxluğa yüksələn “tanrı aşiqlərini” tənqid edən mötəzili ədəbiyyatşünas İbn Davud sufilərin təsirinə düşərək özünü mənalandıra-mənalandıra yer həyatından uzaqlaşıb boş çoxluğa üz tutan gənclərin sayının artdığını görüb onları bu yoldan çəkindirmək üçün bütün sufi anlayışlarının şəhər şairlərinin özlərindən əvvəlki bədəvi şerindən götürüb mistikləşdirdiyi adi həyat hadisələri olduğunu yazırdı. Davuda görə, eşq bədəvi şerində erkək və dişi arasında arzulanan şəhvani bir istəyin adıydı. Şəhər şairləri bu şəhvani istəyi cinsəllikdən arındıraraq allahla kişi arasında yaşanan mistik bir yanğı halına salmışdılar, onu adilikdən çıxarıb ilahiləşdirmişdilər. Bədəvi olandan əbədi olanı uydurmuşdular. Eşqin sufilikdə təzahürü də bədəvi şerində olduğu kimidir. Aşiq olan həsrət çəkir, ac-susuz qalır və ödü daşır, ödünün daşması nəticəsində aşiq melanxolik deyilən psixoloji hala düşür; sayıqlayır, halüsinasiyalar görür və s. “Melanxoliya” sözünün mənası da yunancadan tərcümədə “melenkholia” “qara öd” deməkdir. İbn Davud islam cəmiyyətini sufilərin mistikləşdirdiyi eşq anlayışının üzərinə qurmağın qəti əleyhinə idi. Birincisi, qadına olan şəhvani istəyi mistikləşdirib allaha yönəltməklə müsəlman dünyasında ailə münasibətləri pozulacaqdı, ikincisi, müsəlman gənclər allahın həsrətiylə ödlərini daşırıb o dövr üçün əlacı olmayan xəstəlikdən tələf olacaqdılar. Olurdular da. Sufilər yaradılana görə yaradanı sevirdilər, İbn Davud isə yaradana görə yaradılanı sevməyin tərəfdarı idi. Bu, erotika ilə pornoqrafiyanın mənşəyini yaradan duyğu və instinktin qarşıdurması idi. Min il sonra pornoqrafiya qalib gəldi. Bu gün lüt olan kral deyil, cəmiyyətdir.
Biz artıq profanlaşmış, yəni dəyərləri soyundurulmuş dünyanın sakinləriyik. O dəyərlərin ki, onlar insana psixoloji güc, özgüvən verirdi. İnsanlar bu dəyərlərdən soyundurulduqları üçün bu gün psixoloji olaraq lüt qalıblar. Mişel Fuko “Həbsxananın yaranışı” kitabında yazır ki, insan lüt olanda özünü daha gücsüz hiss edir. Ona görə əsirləri, məhkumları dərhal soyundurub, saçlarını qırxırlar. Lütləşdirirlər, yəni gücsüzləşdirirlər.
Günümüzün insanı psixoloji, mənəvi lütdür. Çünki profandır.
Özünə psixoloji güc verəni özündən kənarda axtarır. Ona psixoloji güc vəd edən hər şeyə inanır. Psixoloji lütlüyünü örtən hər şey onun üçün müqəddəsdir! Psixoloji lütlüyünün fərqində olmayanlar isə fizioloji lütlüyünü azadlıq və xoşbəxtlik zənn edərək həyat üzərində qazanılmış qələbə kimi sərgiləyirlər. Erotika üzərində qələbə qazanmış pornoqrafiya fərqində olunmayan ifrat psixoloji lütləşmənin “zəfəridir”.
Məna erotikdir, gizlindir, təsvirdə deyil, təsəvvürdə görünməyə can atandır. Varlıq öz sirrini erotik bir cazibədarlıqla qoruyur. Sirrin ifşası varlığı mənasızlaşdırır. Görüntü olmaqdan məmnunluq duyan mənasızlıqdır. Görünən sirri olmayandır.
Çılpaq olan varlığın qəbul etmədiyi, özündən qovduğu, sirrə ögey olan tullantıdır. Pornoqrafiya varlığın zibilliyidir. Biz bu gün o zibillikdə yaşayırıq. Sonlu çoxluğun zibilliyində.
(ardı var)




