Uruqvayın paytaxtı Montevideoda yerləşən Kabildo Tarix Muzeyində aparılan lift quraşdırma işləri zamanı ölkənin müstəmləkə dövrünə aid ən önəmli arxeoloji kəşflərindən biri edilib. Muzeyin həyətində aparılan qazıntılar zamanı yerin altından yaxşı qorunmuş qədim tikililər, gündəlik həyata dair əşyalar və sirli bir çeşmə üzə çıxarılıb.
Daha.az xəbər verir ki, tapıntılar arasında müxtəlif dövrlərə aid şüşə qablar, güllələr, tənbəki çubuqları və heyvan sümüklərinin olduğu bildirilib. Bu əşyalar Montevideonun ilk sakinlərinin gündəlik həyatı və yaşayış tərzi barədə mühüm məlumatlar əldə etməyə kömək edəcək.
Ən diqqətçəkən tapıntı isə qədim bir su mənbəyi olduğu düşünülən daş qurğudur. Arxeoloqlar bu qurğunun müalicəvi xüsusiyyətlərə malik olduğu söylənilən və şəhərin ilk sakinlərindən Luis Maskarenas tərəfindən açıldığı iddia edilən əfsanəvi çeşmə ola biləcəyini araşdırır. Tarixçilərə görə, qala divarları ilə əhatələnmiş qədim Montevideoda su həyati əhəmiyyət daşıyırdı və belə çeşmələr mühasirə dövrlərində şəhərin yeganə su qaynağı olurdu.
Tapıntılar vasitəsilə müstəmləkə dövründəki gigiyena və səhiyyə şəraiti, su təchizatı sistemləri, müxtəlif sosial təbəqələrin qidalanma vərdişləri kimi mövzularda daha ətraflı məlumat əldə etmək mümkün olacaq.
Qeyd edək ki, kəşf muzey rəhbərliyini çətin bir qərar qarşısında qoyub. Muzeyin ikinci mərtəbəsinə çıxışı asanlaşdırmaq üçün lift quraşdırılması planlaşdırılsa da, bu, yeraltı arxeoloji strukturların qorunması baxımından təhlükə yarada bilər. Son qərarı Milli İrs Komissiyasının verəcəyini bildirilib.




