Samyuel Bekket: “Mən intellektual deyiləm, hissiyat adamıyam…” – Müsahibə

Daha.az irland yazıçı, absurd teatrın yaradıcılarından biri hesab edilən, ədəbiyyat üzrə 1969-cu ildə Nobel mükafatına layiq görülmüş Samyuel Bekketin 1961-ci ildə verdiyi müsahibəni təqdim edir.

 

 

“Qodonun intizarında” pyesinin müəllifini ona naşiri tərəfindən təsis edilən Parisdəki ofisində gözləyirəm. Bilmirəm, gələcək, ya yox, çünki utancaqlıqdan, asosiallıqdan… bəlkə də, öz sisteminin bir parçası kimi bu günə qədər müsahibə verməyi bütün varlığıyla rədd etmişdi. Çox vaxt köntöy kimi təqdim olunan yazıçı əlli yaşlarındadır. Ceyms Coys kimi İrlandiyalıdır; deyilənə görə, Coys heç bir tərcüməçiyə Bekket qədər inanmırmış. Bekket iki il “Ecole Normale”da ingilis dili dərsi, sonra “Dublin Trinity College”də fransız dili dərsi keçib. Londonda bir neçə şeir kitabı, “Prust” adlı analitik kitabı və “Mörfi” adlı bir romanı çap olunub, amma bu roman satışa çıxmamışdan bütün nüsxələri alman bombardımanında məhv olub.  

Ruhdan düşmədi. 1938-ci ildə Bekket Fransaya köçdü, sonra fransızca yazmağa başladı; “Molloy”, “Malon ölür”, “Adlandırılmayan” trilogiyası çətin ədəbiyyata uzaq duran tənqidçilərdən tərifli rəylər aldı. Fəqət ən hərarətli tənqidçilər belə sonuncu əsəri “Görən necə?”yə görə məyus oldular. “Qodonun intizarında” isə pyesdə heç bir hadisə olmasa da, “Theatre de Babylone”da iki dəfə səhnələndi və başda Almaniya olmaqla xeyli Avropa ölkəsində təqdirlə qarşılandı.

Sual havada asılı qalmışdı: Narahat Samyuel Bekket müsahibəyə gələcəkmi? Bəli, gəldi! Molloyun iki ayağı da tutulub, Malon canıyla əlləşir, Adlandırılmayan isə, təxminən, tabutda yaşayan bir iflicdir.

Digər tərəfdən bu cür bədheybət personajlara həyat müəllif yaraşıqlı və sağlam, uzun boylu, sarışın, müntəzəm və aristokrat üz cizgiləri var. Qalın eynəklərinin arxasından sizə yaxından baxır, zərif dodaqları tez-tez ironik və zarafatcıl şəkildə qaçır. “Seine-et-Marne”dakı bir kənddən gəlmişdi, mütəvazi bir miras sayəsində orada kiçik torpaq sahəsi almışdı. Peşakar ədəbiyyat həyatı deyilən şeyə dözmədiyini bildiyim üçün ona orada rahatlıq içində işləyə bilməsinə necə qibtə etdiyimi dedim, mənə ürəkdən qatıldı:

– Çox haqlısınız. Əyalətdə yazmaq çox gözəldir.

 – Yəqin, son vaxtlar xeyli yazmısınız?

 – Heç nə yazmamışam. Bir az bağ-bağatla məşğul olmuşam. Xırda-para ev işləri. Amma yazı yoxdur.

 – Doğrudan?

– Elə-belə… çox qısa fraqmentlər, hekayə tərzində.

Qapıya baxdı. Söhbəti dəyişmək üçün ustadı Ceyms Coys Champs-de-Mars civarında yaşayarkən onun uşaqlarıyla tanış olduğumu dedim. Bekket məni müşfiq bir ifadə ilə süzdü…

– Deməli Corcu və zavallı Lusiyanı tanıyırsan?

 – Niyə “zavallı”? – Qeyri-müəyyən mimika ilə qarşılıq verdi.

– Coys sizə ən yaxşı tərcüməçilərindən biri kimi görürdü. Sizə onun müridi demək olarmı? Uzun daxili monoloqlarınız…

 – Ah! Yəni mən şəxsən, yəni təkbaşıma ancaq “Anna Liviya Plurabeli” tərcümə etmişəm. Ancaq burada – Parisdə dolanışıq üçün anonym şəkildə bir neçə şey çevirmişəm. İzninizlə…

Masasına keçir və kitablarını imzalamağa başlayır. Bəli, hamı kimi Samyuel Bekket də kitablarına ithaf yazırdı! Masasının kənarına söykəndim.

– Romanlarınızı oxumaq çox çətindir. Onları yazmaq da çətin idi?

– Hə, amma böyük şövq fışqırmasıyla gəldilər.

 – Şövq?

 – “Malon”, “Molloy”dan çıxdı, “Adlandırılmayan” da “Malon”dan, amma uzun müddət deyiləsi bir şeyimin qalıb-qalmadığından əmin ola bilmədim. Özümə çəkilmişdim. Bundan xilas olmaq üçün “Heç üçün mətnlər” adını qoyduğum o qısa mətnləri – istəyirsiniz, kiçik hekayələr deyin, – yazdım.

 – Çağdaş filosofların sizin düşüncənizə təsiri olubmu?

 – Mən filosofları qəti oxumuram. Onların yazdıqlarını başa düşmürəm.

 – Yenə də insanlar maraqlanır ki, ekzistensialistlərin varlıq problemi əsərləriniz üçün bir açar ola bilərmi?

 – Açar, ya da problem yoxdur. Əgər romanlarımın mövzusunu fəlsəfi terminlərlə ifadə edə bilsəydim, onları yazmaq üçün heç bir səbəbim olmazdı.

– Səbəbiniz nəydi bəs?

 – Qəti bilmirəm. Mən intellektual deyiləm. Tamamilə hissiyat adamıyam. “Molloy” və digər əsərlər öz axmaqlığımın fərqinə vardığım gün gəldi mənə. Yalnız bundan sonra hiss etdiyim şeyləri yazmağa başladım.

                                                                                                                                                         “Les Nouvelles littèraires”, 16 fevral, 1961.

 

Tərcümə edən: Qismət

OXŞAR XƏBƏRLƏR