İstanbul kitab sərgisində qələm yoldaşımla rəflər arasında gəzişəndə söz Salman Rüşdidən düşdü. “Bilmirəm, dedim, ona marağım yoxdu, onun adı gələndə beynimdə xoş təəssürat yaranmır.” Bakıya qayıdanda Salman Rüşdi ağlımdan çıxmadı. Onun haqqında niyə belə düşündüyümü çək-çevir etdim. Mənim ağlım təsadüflərə inanmır. Daha doğrusu, təsadüfləri bir-birinin ardınca düzüb zəruriyyət düzəltməyi sevir. Bu, mənim zehnimin oyunudur, özümü belə əyləndirirəm – bu niyə oldu, səbəb nə idi, nəticə nəyi dəyişəcək. Bakıya döndükdən bir-iki gün sonra tanış bir ailə qızları ilə görüşməyimi istədi. Olduqca xoş bir ailənin ingiliscə təhsil almış iyirmi dörd yaşlı qızı qəribə şəkildə dinin içinə girib və ailə onunla danışsam, mövqeyinin bir az yumşalacağına ümid edir. Qızla görüş ərəfəsində elektron kitabxanam bildiriş göndərir – Salman Rüşdinin “Qəzəb” kitabını oxumaq üçün yaddaşda saxlamısan. Kitabı oxumağa başlayıram və onu bir-neçə il öncə audiokitab şəklində dinlədiyimi xatırlayıram. Əvəzində tətbiqin təklifinə əsasən, yazıçının “Bıçaq” əsərini oxumağa tələsirəm. “Bıçaq” Rüşdinin 2021-ci ildə Nyu-Yorkda mühazirə deyən zaman iyirmi dörd yaşlı oğlan tərəfindən hücuma məruz qalmasından bəhs edən avtobioqrafik kitabdır. Kitabda Salman Rüşdi bıçaq zərbələri nəticəsində sağ gözünü itirməsindən, ağrılı sağalma dönəmindən və bir yazıçı kimi bu dünyadakı duruşundan bəhs edir. “Bıçaq” mənə Salman Rüşdini və müasir dünyada yazıçının düşünmə alqoritmini bir daha anladır. Mən bu kitabdan yaxında baş tutacaq görüşüm, yazıçılığım və ümumiyyətlə həyat üçün qeydlər götürürəm.
Uzun zaman yazıçı, şairləri qeyri-adi adam kimi təqdim etməyin əleyhinə olmuşam. Ruh hallarının dəyişkənliyi, fərqli olmaqlarını vurğulamaq istəkləri mənə qurama, anormal, tənbəl eqonun bəhanəsi kimi gəlib. Uşaqlığımdan yadımda qalan şair və yazıçılar uğursuz idilər. Anamın qələm yoldaşları fərqli düşünən, pafosdan qaçmağa çalışan kəsim sayılırdı. Ədəbi birliklərdə öz yeni şeir və qısa hekayələrini oxumaq, bir-birinin yazısına rəy bildirmək üçün toplaşırdılar. Məktəbin yuxarı siniflərində onlarla görüşə getməkdən imtina etdim. O ortamda sıxılırdım – uğursuzluqları, kasıblıqları və o zaman yersiz görünən eqoları mənə ancaq bir şey deyirdi – onlarınkına bənzər həyat yaşamaq istəmirəm. Sanki hamısının deməyə sözü dillərinin ucundan qalmışdı. Mən isə sözümü demək istəyirdim.
Salman Rüşdinin Bıçaq əsərini oxuyanda onları xatırladım. Bu dəfələrlə ölüb-dirilən yazıçı da hər yerindən səfalət boylanan ölkədə doğulub böyüyüb. (2018-ci ildə Hindistan səfərim zamanı bu səfaləti özüm görüb, pafoslu oxunsa də, hüceyrələrimə qədər duymuşdum).
1989-cu ildə “Gecəyarısı uşaqları” əsərindən sonra Salman Rüşdinin ölümünə fətfa verilmişdi. Yetmiş beş yaşına qədər beş dəfə evlənən yazıçı (bunu nə tərif, nə də tənqid kimi yazıram) o zamankı həyat yoldaşı ilə illərlə Londonda zirzəmi tipli evdə gizlənmişdi. Bütün çətinliklərə bərabər, Nyu-Yorkda mühazirə deyən zaman məruz qaldığı bıçaqlı hücum nəticəsində bir gözünü itirəndən sonra yazdığı “Bıçaq” kitabında yazıçının həyat eşqindən nəyinsə əskilmədiyini görürəm.
O, cavan və olduqca xoş şair həyat yoldaşı ilə yenə müsahibə verir, həyatdan zövq alır və yazır. Hardandır bu boyda həyat eşqi – kandid?
Məni hədsiz nikbinlik bürümüşdü — nikbinlik mənim ən böyük zəifliyim, ya da ən güclü tərəfim idi. Volterin “Kandid” əsərində (əsərin tam adı “Kandid, yaxud Nikbinlik”) baş qəhrəmanın dünyəvi dəhşətlər qarşısında müsbət əhvali-ruhiyyəsi demək olar ki, axmaqlıq səviyyəsindədir. (Əgər bizim dünyamız bütün mümkün dünyaların ən yaxşısıdırsa, onda o biri paralel reallıqlar yəqin ki, əsl cəhənnəmdir.) “Kişot” romanında isə mən öz xarakterimi əks etdirdim və baş qəhrəmanı kandidvari bir nikbin etdim.
Salman Rüşdi yazır. O, əsərlərindəki bütün optimist qəhrəmanları özünə bənzədir, özünü yazdığını deyir. Salman Rüşdi yazıçı olaraq olduqca dissiplinli, məhsuldardır – dayanmadan yaşayır və yazır. Estetik həzzi həm mənəvi, həm də maddi şeylərdə tapır. Yazıçı məişət qayğılarını həyatından çıxarmır, hamı kimi ətdən, sümükdən olduğundan qaçmır. “Bıçaq”da zərbələri aldıqdan sonrakı durumunu anladır:
Kimsə qışqırdı: “Geyimini kəsin ki, yaraların harada olduğunu görək.”
Oh, mən düşündüm, mənim gözəl Ralph Lauren kostyumum.
Sonra qayçı gətirdilər — ya da bəlkə bıçaq idi, dəqiq bilmirəm əslində, — və paltarımı çıxartdılar; təxirəsalınmaz müdaxilə tələb edən bir vəziyyət idi. Amma mənim də deməli olduğum şeylər var idi.
“Cibimdə kredit kartları var,” deyə güclə eşidiləcək səslə kiməsə müraciət edirdim, “digər cibimdə isə evin açarları var.”
Kişi səsi eşitdim: “İndi bunlar vacibdir?”
Sonra başqa bir səs dedi: “Əlbəttə, vacibdir, siz bilirsiz, bu kimdir?”
Yəqin ki, ölürdüm və buna görə də həqiqətən vacib deyildi. Kimsə bundan sonra mənə kredit kartlarının və evin açarlarının lazım olacağını düşünmürdü..
Amma indi, geriyə baxanda və çətinliklə eşidilən səslə mənim o şeylər haqqında — mənim normal gündəlik həyatımın parçaları haqqında dediklərimi xatırlayanda düşünürəm ki, daxilimdə nə isə — dərinliklərdə döyüşən bir şey ölmək fikrində deyildi. O, bütün iradəsi ilə israr edirdi ki, bir gün yenidən bu açarlardan və kredit kartlarından istifadə edəcəm.
İçimdəki səs pıçıldayırdı: “Yaşa. Yaşa.”
Qəribədir ki, “Bıçaq”da hər il milyonlarla nüsxə kitabı alınan yazıçının varlı olmadığını görürəm. Yazıçı bıçaq hücumuna məruz qaldığı yüksək qonorar vəd edən o mühazirəyə evinin havalandırma sistemini dəyişməli olduğu üçün getmişdi. “Səhər oyananda pis yuxu görmüşdüm – amfiteatr kimi yerdə məni öldürdülər”, deyə yazır.
Kitabın maraqlı hissələrindən biri yazıçının potensial qatili ilə söhbətidir. Qatil özünü günahkar bilmir, eyni zamanda Salman Rüşdini səmimi olmadığı üçün sevmədiyini qeyd edir. Bir neçə il özünə qapanan, ancaq video oyunlar oynayıb, dinlə bağlı propaqanda kitabları oxuyan 24 yaşlı gənc əvvəllər kimsəni öldürmək istəməyib, qəddar biri deyil. Hansısa qruplaşma ilə əlaqəsi yoxdur, lakin qısamüddətli Livan səfərindən sonra ailəsinin – dünyanın doğru yaşamadığını düşünür. Salman Rüşdinin müsahibələrinə baxır və onu səmimi olmadığı üçün öldürməyə qərar verir. Salman deyir ki, fətfadan sonra sadəcə yazıçı olmasını vurğulamaq üçün çox cəhd edib – mən istəyirdim məni sadəcə yazdığım əsərlərə görə tanısınlar, öldürülməsinə fətva verilən müəllif kimi görməsinlər. Buna yavaş-yavaş nail olanda bu hadisə baş verdi – artıq kimsə mənim üstümdən bu etiketi götürə bilməz, buna ömrüm çatmaz – artıq mən yazdıqlarına görə bıçaq hücumuna məruz qalmış yazıçıyam. Əslində Salman Rüşdi bu hücumun kökündə yazdıqlarının və kimliyinin durduğunu düşünmür. Bu, tipik Amerikan hücumudur deyir. Tənhalıq və boşluq fonunda özünə qapanan, psixologiyası pozulan və hər şeyi üstünə yıxmaq üçün bir qurban tapıb, qisas almaq performansıdır bu. Məktəblərə, üniversitetlərə hücumlar da belə olur. Salman Rüşdi A. adlandırdığı uğursuz qatilini məğlub, özünü isə qalib görür. O, yaşayır və həyat, yaradıcılıq amalından bir addım belə uzaqlaşmayıb. Din haqqında mövqeyini “Bıçaq” kitabında özünün dediyi kimi birinci və sonuncu dəfə açıq mətnlə yazır. Bu mətnin əsas hissəsini tərcümə edib, aşağıda sizin də tanış olmağınız üçün əlavə edirəm. Lakin öncə yenə də yazıçı nikbinliyindən danışmaq istəyirəm.
Yazıçı nə zaman məğlub olmur, özünü yıxılmış hiss etmir? Geridönüş alanda. Laqeydlik və görünməzlik yazıçını məhv edir. Cəmiyyət yazıçını ya sevməli, ya da ona nifrət etməlidir. Kitabda Salman Rüşdü milyonlarla insanın ona nifrət etdiyini bildiyini anladır. Lakin yazıçı bundan zərrə qədər məyus olmur. Çünki o, anlaşılmadığına, dünyanı işıqlı yer etmək üçün mübarizə apardığına əmindir. Salman Qərb təhsillidir. İngilitərə və Amerika vətəndaşıdır. Qərb yazıçını – düşünən adamı olduğu kimi qəbul etməyə qərarlıdır. Qutulardan kənarda düşünən, yanılsa da, inqilabi qənaətini ifadə edən hər kəsi dəstəkləmək mövqeyindədir. Qərbin sosial institutları əl-ələ verib illər, onilliklərdir ki, bu duruşu qoruyur. Bu səbəbdən yazıçılar cəmiyyətdən, hakimiyyətdən, həmkarlarından güc alıb, yazmağa, yaşamağa davam edirlər. Optimizm onları tərk etmir. Yazmaq və tabulara meydan oxumaq ancaq bunun sayəsində mümkündür.
Etiraf etməliyik, biz toplum və dövlət olaraq yazıçı, şairlərimizə bu gücü verə bilməmişik. Ya laqeyd olmuşuq, ya da onların ruhunu öldürmüşük. Fiziki itkimiz də var. Rafiq Tağının sırf düşüncələrinə görə öldürüldüyü ölkəmizdə yazıçı özünü mənən məğlub sayır, hiss edir.
İndi, burda, ilk və son dəfə dinə — istənilən dinə, bütün dinlərə — olan baxışlarımı izah edəcəm və hesab edirəm ki, bununla bu mövzu bitmiş olacaq. Mən “görmədiklərimizin təsdiqi”nə inanmıram. Mən dindar insan deyiləm. Əsasən sekulyar insanlardan formalaşan bir ailədənəm (Mənim vaxtsız vəfat etmiş kiçik bacım Nabila istisna idi. O, səmimi şəkildə dinə inanırdı). Dünyanı anlamaq və onunla ünsiyyət qurmaq üçün heç vaxt dini inanclara ehtiyacım olmayıb. Ancaq anlayıram ki, bir çox insanlar üçün din mənəvi lövbərdir və həyati əhəmiyyət kəsb edir. Mənim şəxsi fikrim belədir: hər kəsin şəxsi inancları yalnız ona aid olmalıdır, başqalarına yox. Din öz yerində, şəxsi məkanda olduğu və başqalarına öz dəyərlərini məcburən qəbul etdirməyə çalışmadığı müddətcə problem yoxdur. Lakin din siyasətə qarışanda, hətta hərbiləşəndə, ümumi məsələyə çevrilir, çünki o, zərər vura bilir.
Mən həmişə Fransada Maarifçilik dövründə azadlıq uğrunda mübarizədə Dövlətin yox, Kilsənin düşmən olduğunu xatırlayıram. Katolik kilsəsi ittiham, lənət, kilsədən kənarlaşdırma, habelə İnkvizisiyanın əlinə verdiyi əsl işgəncə alətləri ilə silahlanaraq insan düşüncəsini öz postulatlarının sərt çərçivəsinə salmağa çalışırdı: məhz bu cür və başqa cür yox. Maarifçilik dövrünün yazıçıları və filosoflarının işi kilsənin hakimiyyətini sorğulamaq və onun qoyduğu qadağaları pozmaq idi. Bu mübarizədə Tomas Peyn tərəfindən Amerikaya gətirilən və “Sağlam düşüncə”, “Amerikan böhranı” kitablarının əsası olan ideyalar inkişaf etdi və bu kitablar ABŞ-ın müstəqillik hərəkatına, onun qurucu atalarına və müasir insan haqları konsepsiyasının formalaşmasına ilham verdi.
Hindistanda, Britaniya hökmranlığından müstəqilliyin əldə edilməsi və iki dövlətin — Hindistan və Pakistanın — yaradılması ilə eyni vaxtda baş verən, bütün subkontinenti qanla islatmış amansız toqquşmalar dövründə — müsəlmanların hinduistlərə, hinduistlərin isə müsəlmanlara qarşı qanlı hücumlar etdiyi və bir-iki milyon insanın öldüyü dövrdə başqa bir qurucu atalar qrupu, Mahatma Qandi və Cavaharlal Nehru belə nəticəyə gəldilər ki, Hindistanda sülhün bərqərar olması üçün yeganə yol onu dini məzmundan çıxarmaqdır. Bu səbəbdən Hindistanın yeni Konstitusiyası tamamilə dünyəvi idi — həm söz, həm də ruh olaraq —indiki administrasiya bu əsasları sarsıtmağa, bu qurucuları nüfuzdan salmağa və yalnız hinduist dini əsaslı bir dövlət yaratmağa cəhd edənə qədər bu, belə də qalmışdı.
İnanclılar inandıqları şeyləri zorla inanmayanlara qəbul etdirmək lazım olduğunu düşünəndə, ya da inanmayanların öz inamsızlıqlarını ifadə etməkdən (istər ciddi, istərsə də yumoristik formada) çəkinməli olduğunu hesab etdikdə problemlər yaranır. ABŞ-da dini zorla yaymaq abort hüququ və qadınların seçim haqqına qarşı mübarizəni doğuran “Roe v. Wade” qərarına gətirib çıxardı. Yuxarıda qeyd etdiyim kimi, Hindistanda indiki liderlər tərəfindən yayılmış radikal hinduizm bir çox dini qarşıdurmalara və hətta zorakılıq partlayışlarına səbəb olub. Dünyada baş verən silahlı islamlaşma birbaşa Taliban və ayətullahlar tərəfindən idarə edilən terror rejimlərinə, Səudiyyə Ərəbistanında cəmiyyətin boğulmasına, Nağib Mahfuzun bıçaqla hücuma məruz qalmasına, azad düşüncəyə qarşı təzyiqlərə və bir çox İslam ölkələrində qadın hüquqlarının pozulmasına və şəxsən mənə qarşı hücuma səbəb olub.
Həm liberal, həm də mühafizəkar baxışlara malik bir çox insan dinə tənqidi yanaşmağa dəvət olunanda özlərini narahat hiss edirlər. Ancaq biz şəxsi dini inancları siyasi ideologiyadan ayırmağı öyrənsək, hər şeyi necə var elə görə, fikirlərimizi kiminsə hisslərini incitmək qorxusu olmadan ifadə edə bilərik. Şəxsi həyatında nəyə istəsən, inan. Lakin siyasət və ictimaiyyətin çətinliklərlə dolu dünyasında hansısa ideyanı tənqiddən qorumaq və tam müdafiə etmək mümkün deyil.
Bütün dinlər kainatın yaradılışı ilə bağlı hekayələrlə əlaqəlidir, dünyanın bir və ya bir neçə fövqəltəbii varlıq tərəfindən yaradıldığından bəhs edir. Bu məni bütün dinlər üçün də keçərli olan öz kainat hekayəmə gətirib çıxarır. Mən təsəvvür edirəm ki, çox-çox əvvəllər, əcdadlarımız hələ Kainatın quruluşu haqqında elmi anlayışlara gəlib çatmayana qədər, insanların bir boşqab altında yaşadıqlarını və bu qabın deşiklərindən onlara səmavi işığın gəldiyini düşündükləri vaxtda alleqoriyalardan istifadə edərək əsas ekzistensial suallara cavab tapmağı öyrəndilər — biz necə olub bura düşmüşük? Ümumiyyətlə bura dediyimiz özü necə yaranıb? — və göylərdə yaşayan allahlar və ya tanrı fikri, Yaradıcı Ata və ya ona bənzər bir panteon anlayışı necə əmələ gəldi. Ardınca, əcdadlarımızın nə yaxşı, nə pis, nə doğru, nə yanlış davranış olduğunu sistemləşdirmək istədikləri vaxt, “Əgər biz burda varıqsa, necə yaşamalıyıq?” sualını verdikləri anda göydəki tanrılar, Valhalla allahları, Kaylas allahları da mənəvi hakimlərə çevrildi (halbuki, panteist dinlərdəki çoxsaylı ilahi legionlar özlərini heç də yaxşı aparmır və heç də parlaq mənəvi meyarlar hesab olunmurdu). Mən uzun müddət bu hipotetik keçmişi insanlığın uşaqlıq dövrü kimi təsəvvür etmişəm, uzaq qohumlarımızın allahlara valideynlərə ehtiyac olduğu kimi ehtiyacı olduğunu düşünmüşəm. Valideynlər uşaqların haradan gəldiyini və onların böyüməsi üçün qaydaları və sərhədləri izah edə bilirlər. Lakin bir vaxt gəlir ki, biz böyüyürük — ya da böyüməli idik, çünki bir çox insan üçün bu an heç vaxt gəlib çatmır. Müqəddəs Pavelin Korinflilərə Birinci Məktubunu, 13-cü fəsil, 11-ci ayəni sitat gətirmək istəyirəm: “Mən uşaq olanda, uşaq kimi danışırdım, uşaq kimi düşünürdüm, uşaq kimi mühakimə edirdim; ancaq kişi olanda, uşaqlığı tərk etdim”. Və bu dövrdə bizə artıq Kainatın quruluşunu və kim olduğumuzun səbəbini izah etmək üçün Tək Yaradıcıya və ya Yaradıcılara ehtiyac qalmır. Bizə — və ya daha təvazökarlıqla desəm, mənə — öz əxlaqımı qazanmaq üçün hər hansı qayda, ruhanilər və ya Tanrı-insanlar lazım deyil. Biz Tanrını yaratdıq ki, o, bizim öz mənəvi instinktlərimizin təcəssümü kimi xidmət etsin.
Mənim əlavə edəcəyim heç nə yoxdur, hər şeyi dedim. Və baxmayaraq ki, mən həmişə müsəlman düşüncəsi və incəsənətindən böyük təsir almışam (məsələn, Böyük Moğol imperatoru Əkbər dövründə yaradılmış “Həmzənamə”yə çəkilmiş illüstrasiyalar; “Məntiq ut-Təyr” və ya “Quşların Söhbəti”, Fərid əd-Din Attarın mistik epik poemasına, yəni bir növ islam analoqu olan “Zəvvarın Səmavi Səyahəti”; habelə Aristotelçi məktəbin davamçısı, İbn Rüşd kimi tanınan ispan-ərəb filosofunun liberal fəlsəfəsi, atasının ailəmizə ad verdiyi şəxs), müəyyən mənada xristian təsirinə, düşündüyümdən daha çox məruz qaldığımı dərk etməyə başlayıram. Məsələ ondadır ki, mən musiqini sevirəm. Çox sayda xristian himni həmişəlik beynimdə ilişib qalıb.