Daha.az Murad Köhnəqalanın “Sən mənim Təbrizimsən, Həmid!” yazısını təqdim edir.
Mən ötən ilə qədər cəmi iki nəfərə şeir həsr etmişdim. Onlardan biri dərviş ruhlu əziz dostum və qardaşım Rəşid Süleymanov, o birisi isə ixtiyar yaşında olan əziz eloğlum, söz sərrafı Səlim müəllimdi. Bu şeirlərdən özlərinin xəbəri var, çünki mətbuatda da çap etdirmişəm.
Demək istərdim, dərviş könüllü Rəşidlə dostluğumuzun tarixi qədim türkün tarixi qədərdi. Ona həsr elədiyim şaman qoşmasını çoxdandı aşıqlar da oxuyur. Rəşidlə mənim dostluğum haqda yaxınlarımız maraqlı və şirin əhvalatlar uydurub danışırlar. Əlbəttə, danışılan pritçavari bu əhvalatların hamısının kökündə dostluq yaşantılarımız dayanır…
Dünyanın hər üzünü görmüş və duymuş, həssas qəlbli, açıq ürək əməliyatı keçirtmiş Səlim qağama isə şeiri onun 75 yaşında yazmışam…
Ötən 2025-ci ilin son aylarını nədənsə, çox duyğulu keçirdirdim. Bir gün düşündüm ki, xətri mənim üçün xoş olan, taleyimdə həlledici izlər buraxmış daha bir neçə dosta şeir həsr edim və 2026-cı ilin gəlişi münasibətilə həmin dostları bir məclisə yığıb ithaf şeirlərini oxuyaraq qəfil onlara sürpriz edim. Beləcə, daha üç nəfərə: əziz dostum-qardaşım Umud Rəhimoğluna, əziz dostum-qardaşım Səfər Rzasoyluya və əziz dostum-qardaşım Həmid Herisçiyə şeir həsr edə bildim.
Dediyim bu üç şeiri yeni ilə qədər yazıb bitirə bilməmişdim, lakin yeni ilin yanvar ayının sonlarında bitirdim…
Qalırdı bu beş dostu bir məclisə yığıb şeirləri oxuyaraq onlara sürpriz eləmək!
Bilirsiniz ki, indiki zamanda arzuladığın beş nəfəri bir məclisə yığmaq çətin məsələdi. Gərək elə bir vaxt seçəsən ki, həmin gün hamı bekar olsun. Beləcə düşünə-düşünə qalmışdım. Mən hər dəfə yığışmağa qərar vermək istəyəndə, ortaya bir iş düşürdü. Beləcə, vaxt uzanırdı…
Bir gün dözümüm tükəndi, əvvəlcə dostum Səfərə sirri açası oldum. Zəng elədim, dedim sənə şeir həsr eləmişəm, ancaq həmin beş nəfəri bir məclisə yığıb sürpriz etmək istəyirəm. Soruşdu ki, bəs məclis haçan olacaq? Dedim, hələ ki bilmirəm, gərək hamınızı bir gün bir məkana yığa bilim.
Biz Səfərlə gənc vaxtlarımızdan tanışıq. Mən Moskvada tələbəlik edəndə Səfər də Sankt-Peterburqda tələbə idi. Onunla tanış olan gün duydum ki, qarşımdakı qeyri-adi insandı. Məsələn, indi şəxsən məndən soruşsalar ki, dünyanı necə gözəlləşdirmək olar? Deyərdim, bu işi Səfərə həvalə edin! Haqqında xırdaca təsürat yaratmaq üçün Səfərin bircə cümləsini burda yazıram, deyir: “Uşaqları sevindirməyən bayramdan bayram olmaz!”
Nəysə, gələk şeir söhbətinə. Səfər dedi, həmin günə qədər ürəyim partlayar, şeiri indi göndər oxuyum. Fikirləşdim, göndərməsəm elə bilər yalan danışıram. Dedim, axşam göndərərəm. Axşam şeiri öz səsimlə oxuyub audio halında vatsapda ona göndərdim. Səfərin mənə zəng edib şeirin təsirindən hansı hallara düşdüyü haqda dediklərini burda yazmıram…
Qaldı Umudla Həmid. Düşündüm ki, onsuz da sürpriz şərtini pozmuşam, gəl elə Həmidə də, Umuda da bu sirri aç. Götürüb Həmidə zəng elədim, söhbəti ona dedim. Dedi, şeiri mütləq göndər.
Bu gün vatsapa baxıram, Həmidlə danışanda fevralın 4-ü imiş…
Burada bir haşiyəyə çıxacam. Çünki, Həmidə həsr etdiyim şeirdə indi söyləyəcəyim hadisədən müəyyən əsinti var.
Demək, hardasa, 5-6 ilin söhbətidi, mən Statistika idarəsinin arxasındakı məhəllədə kirayə mənzildə yaşayırdım. Onda Həmidlə mənim aramda biraz inciklik vardı. Deyim ki, onunla aramızda bir neçə dəfə belə yüngülvari incikliklər olub, lakin uzun illərin dostu olaraq biri-birimizə yaxından bələd olduğumuza görə küsüb barışmağımız heç vaxt dostluğumuzu zəiflətməyib… Nəysə, axşamüstü idi, yaxın marketlərdən evə nələrsə almağa çıxmışdım. Bir də baxdım ki, Həmid əlində notbuk çantası dar küçə ilə üzü aşağı gedir. Məni nisgil bürüdü. İstədim onu çağırıb bağrıma basam. Sonra fikirləşdim yox ee, hər halda məndən iki yaş kiçikdi, qoy o gəlib barışsın. Beləcə bir müddət onun arxasınca baxdım-baxdım və birdən ürəyimdə ucadan onu səslədim: “Həmiiid-Həmiiid!” İnanmayacaqsız! Ruhumun bağırtısını eşidən Həmid qəfil dönüb arxasına baxdı. Məni görməsin deyə bir-iki addım geri çəkilərək yanımdakı balaca marketin arxa tərəfinə keçdim…
Həmid haqda xatirəm gəlmişkən, birini də deyim. Demək, mən əskərlikdən gəlmişəm, biraz kənddə hərlənib fırlanmışam və darıxıb yenidən qulluq elədiyim Prokopyevsk şəhərinə qayıtmışam. Bir-iki il də həmin şəhərdə yaşadıqdan sonra yenidən vətənə dönüb Bakıya köçmüşəm. Bakıda metro tikintisində işə düzəlmişəm. Deyim ki, “Elmlər Akademiyası”, “20 Yanvar”, “Xalqlar dostluğu” kimi metrostansiyaların dəmir yollarına döşənmiş betonlarda mənim əməyim var. Bir ildən çox metro tikintisində işlədikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olmuşam…
Mən metro tikintisində işləyən vaxtlar sevimli şairimiz Məmməd İsmayılın yaratdığı poeziya dərnəyində yığılırdıq. Həmidlə də elə o vaxtlar, 1983-cü ildən tanış olub dostlaşmışıq. Həmin vaxtların söhbətini eləyəcəm. Cavan uşaqlarıq, bir gün Həmidlə “İçəri Şəhər” metrostansiyasının arxasından üzüaşağı, bulvara tərəf gedirdik. Qarşı tərəfdən gələn ucaboylu bir oğlan bizə yaxınlaşıb salamlaşdı. Həmid məni onunla tanış elədi, dedi böyük qardaşım Əlidi. Məni də Əliyə təqdim eləyib dedi, haqqında danışdığım, yaxın dostum Murad budur. Nəysə, yüngül ayaqüstü söhbətdən sonra Əli məni kənara çəkib təxminən belə dedi: “Sizin səmimi dost olduğunuza inanıram, ona görə səndən bir xahişim var, mənim qardaşım biraz qəribə uşaqdı, ondan muğayət ol”.
Dedim, Həmid mənim dostumdu, qəribəliyini də bilirəm, qəti narahat olma. Beləcə ayrıldıq. Bu xatirəni niyə yazdım? Çünki şeirdə bu görüşdən də əsinti var…
Nəysə, beləcə, dostlarıma həsr elədiyim şeirləri fikirləşdiyim kimi sürpriz eləyə bilmədim. Ancaq gizli saxladığım təkcə Umud Rəhimoğlunun şeiri idi. Düşündüm, arzuladığım həmin məclisə qədər heç olmasa, Umuda həsr elədiyim şeir sürpriz qalsın.
Bu il fevralın 5-ində AYB-nin Natəvan klubunda Umud qardaşımın 65 illik yubiley törəni oldu. Umudla dostluğumun tarixi də təxminən Həmidlə dostluğumun tarixi qədərdi. Onunla Moskvada tələbə yoldaşı olmuşuq, iki ilə yaxın bir otaqda qalmışıq.
Umud mənim ürəyimdi, bu öz yerində. Onunla dostluğumuz haqda da bir neçə dəfə xatirə yazısı yazmışam. Bu yazını Həmidin indiki durumuna həsr etdiyimə görə təkrarçılıq etmək istəmirəm.
Həə, gələk şeir söhbətinə. Umudun Natəvan klubundakı yubiley törənində geniş çıxış eləsəm də, ona həsr elədiyim şeiri oxumaqdan özümü zorla saxladım. Həmin yubiley tədbirindən bir neçə gün sonra Umudun 65 illiyini “yumaq üçün” dar çevrədə bir şair məclisi düzənlədik. Aparıcısı olduğum həmin məclisdə artıq, özümü cilovlaya bilmədim və Umud qardaşıma həsr etdiyim şeiri orada oxudum…
Beləcə, fikirləşdiyim formada sürpriz eləmək alınmasa da düşünürəm ki, beynimdəki həmin məclisi mütləq quracağıq. Özü də haçan, bilirsinizmi? Həmid Təbrizdən Bakıya dönən kimi!
Bax, burdan səslənirəm, Həmidi kim dərindən tanımaq istəyirsə, gəlsin məndən soruşsun!
Oğlunun otağına daxil olmaq istəyərkən otağın qapısını döyən atanın – Qafar Kəndli kimi mədəni, kübar bir kişinin, ziyalının oğludu Həmid!
Həmid vətənçi, xalqçı, millətçi, dövlətçi bir şəxsiyyət, novator şairdi!
Şairanəliyini görüb onu zəif bilməyin!
Həmid mətin, güclü, iradəli, dəliqanlı adamdı!..
Hələlik Həmidə həsr etdiyim şeiri sevgi və məhəbbətlə oxucularımıza təqdim edirəm. Və söz verirəm ki, sözügedən şeirlərin beşini də dediyim məclisdən sonra çap etdirəcəm.
***
Həmid
Sən mənim Bakımsan, Həmid,
İçəri Şəhərimsən!
Sən Qız Qalamsan, Həmid,
Qızıl Qalamsan!!!
Sən Qafar ağanın tapançasındakı
sonuncu gülləsən, Həmid,
intihar gülləsisən!
Gicgaha sıxılası sonuncu güllə!..
Yadındamı Həmid,
yadındamı,
sən sözlə-şeirlə
Təbriz həsrətilə xalça hörərdin,
hər şeirin bir yeni xalı kimiydi.
Yadındamı,
bir şerində də
toxuduğun xalçanın gözəlliyini
biraz da uzatmaq üçün
saçaqlar düzmüşdün baş-ayağına…
Sən mənim dərvişimsən, Həmid
Təbrizimsən…
Yadındamı,
sən duymuşdun bunu:
“qadınlar varlanmaq üçün
güzgünün qabağına tökərlər pullarını…”
Xanımların bu sirrini sən tapmışdın,
sən açmışdın qeybdən…
Ay Həmid, ay Həmid!
Yadındamı,
Bəhram Gurun yanındakı evinizə
qonaq getmişdik Rasimlə.
Mələk anan –
Tamella xanım evdən çıxanda
səni mənə tapşırıb:
“Həmiddən muğayət ol” demişdi.
Mən həmişə
muğayətəm səndən, Həmid,
həmişə,
yaxından da, uzaqdan da…
İnan ki bir dəfə
Statistika idarəsi tərəfdə
sənin haqda düşünürdüm,
havadakı alqoritm
dərhal səni qarşıma çıxartdı.
Bir də gördüm,
əl çantanı yelləyə-yelləyə
məhəllə marketlərinin arasıyla
harasa gedirsən,
sanki sakit uçursan.
Sənin o ritmini, gözəlliyini
pozmadım, Həmid,
arxanca çağırmadım,
arxanca bağırmadım…
Sadəcə içimdə uladım:
“Həmiiid-Həmiiid-Həmiiid!!!”
Sən geri boylandın o Qurd səsimə,
mən butkanın arxasında gizləndim…
Sən bilirsən mən şamanam –
Qavalın üst qatını döydüm, sadəcə.
Qafar kişinin ruhunu çağırdım,
qardaşın Əlini çağırdım,
səni onlara tapşırdım.
Dedim, Əli, özün bax,
qardaşın gedir,
dua elə, yıxılmasın!
O da mənə:
“Həmid sənlikdi, qardaş,
sənin qardaşındı!” – pıçıldadı…
Mən çoxdan bilirəm, Həmid
sən mənim
telləri gözünün üstünə düşən
balaca qaqaşımsan…
Çoxdannan bilirəm bunu,
çoxdannan!..



