44 günlük Vətən müharibəsinin başlamasından 5 il ötür.
Daha.az Aqşin Yeniseyin “Əsgər” şeirini təqdim edir.
Sərmiş bayrağını göy üzünə!
Dikmiş gözlərini, sanki, əsəbi bir rəssamın
fırçasını əsgər yarasına batırıb
bir təpənin göylərinə çəkdiyi o qan ləkəsinə
Sən dünyada yoxkən,
öldürdü Qabil Habili!
Sən olmasaydın,
Ya insan insanın qurbanı olacaqdı,
ya da qatili…
Sən yoxkən qopdu tufan!
su basdı yer üzünü,
Həyat sularda yalqız; ümid dolu bir gəmi…
Sən olsaydın,
tufanlar geri çəkiləcəkdi, görüncə məğrur çəkməni.
Sən yoxkən dünyada,
Qanın alın yazısı yox idi.
Sən günahsız körpələrin yerə enən ahı oldun
Ölümlərin əfəndisi, şahı oldun!
Sən yoxkən dünyada,
Qorxu siyasət oldu, din oldu, div oldu.
Hər şeyin əvvəli səhv oldu…
Hər şeyin sonu əfv oldu…
Sən yoxkən dünyada,
Tanımadan sevmirdi bir kişini bir qadın
Səndən sonra əsgər doğdu
Hər qadın öz övladın.
Sən yoxkən dünyada,
İlk günaha batdı insan, tamaha yenildi
Keçmişə uduzdu, sabaha yenildi.
Sən olsaydın başlamayacaqdı bu əbədi müharibə!
Sən insanı dövlətə çevirdin, mədəniyyətə çevirdin,
Sən tikanısan qızılgülün!
Sən xalqın yarpaq kimi solduğu günlərin geri dönən qisasısan!
Sən gözəlliyin əynindəki cəngavərlik libasısan!
Sən həmişə canlısan, sən həmişə şanlısan!
şəkil olan bizik, ƏSGƏR!
Ölüm tərəfdən boylanar bütün şəkillər…




