“Azərbaycan və Özbəkistanın mədəni irsi” adlı forum keçirilib

“Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyi “Azərbaycan və Özbəkistanın Mədəni irsi” layihəsinin icrasını başa çatdırıb. Sentyabrın 7-9-da layihə çərçivəsində Səmərqənddə forum və bir sıra digər tədbirlər keçirilib.

Daha.az xəbər verir ki, Səmərqənd Beynəlxalq Biznes Mərkəzində keçirilən forumda Səmərqənd merinin müavini Rano Toşniyozova “Mədəni irs sənətkarlığının dövlət tərəfindən qorunması”, Səmərqənd Şəhər Ədliyyə İdarəsinin şöbə müdiri Səncər Buriyev “Özbəkistanda QHT-lərə dövlət dəstəyi”, Leyla Khazari Qalereyasının direktoru Leyla Musayeva “Cəmiyyətdə sənətkarlığın rolu”, Demokratik Proseslərin Təhlili Mərkəzinin Səmərqənd regional bölməsinin rəhbəri Eler Uluqmurodov “Yeni Özbəkistanda gender siyasətinin sosial əsasları”, “Sara Xatun” İctimai Birliyinin sədri Pərvanə Mustafayeva “Əlilliyi olan şəxslərin sağlam cəmiyyətə inteqrasiyası”, Səmərqənd Şəhər Məşğulluq və Yoxsulluğun Azaldılması İdarəsinin rəis müavini Erkin Toşbotirov “Dövlət orqanları və QHT-lərin sosial tərəfdaşlığı” mövzularında çıxışlar ediblər.

Forum “sənətkarlıqdan sahibkarlığa”, “Özbəkistanda milli sənətkarlığın inkişafı”, “Özbəkistan-Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində Azərbaycan Mədəniyyət Mərkəzinin rolu” və digər mövzularla davam edib.

Növbəti gün Forum çərçivəsində Səmərqənd Beynəlxalq Turizm Mərkəzində Beynəlxalq xalq sənətkarlığı sərgisinin açılışı baş tutub. Sərgidə Azərbaycan və Özbəkistan dizaynerlərinin hazırladığı milli geyimlər, zərgərlik nümunələri və xalçalar nümayiş etdirilib, ustad sənətkarların iştirakı ilə master-klaslar keçirilib.

Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

OXŞAR XƏBƏRLƏR