Boliviyalı arxeoloqlar, təxminən, 1400 il əvvələ aid şəhər kvartalı böyüklüyündə olan Palaspata adlı məbəd kompleksinin qalıqlarını tapıblar. Bu kəşf, təxminən, min il əvvəl yoxa çıxmış Tiwanaku sivilizasiyasına – İnka imperiyasının sələflərindən birinə dair mühüm məlumat mənbəyi kimi qiymətləndirilib.
Daha.az xəbər verir ki, Tiwanaku sivilizasiyası And dağlarındakı Titikaka gölünün cənubunda mövcud olub. Penn Dövlət Universitetindən antropoloji arxeoloq Xosé Kapriles bu cəmiyyətin piramidalar, pilləli məbədlər və monolitlər kimi monumental tikililər miras qoyduğunu bildirib. Lakin Tiwanaku haqqında hələ də çox az məlumat var.
Palaspata məbədi Tiwanaku sivilizasiyasının sosial, iqtisadi və siyasi quruluşuna işıq tuta biləcək xüsusiyyətlərə malikdir. Məbədin qalıqları dron uçuşları və fotogrametri texnikaları vasitəsilə rəqəmsal qaydada modelləşdirilərək təhlil edilib. Təhlillər nəticəsində daşla hörülmüş həyətin ətrafında otaqlardan ibarət pilləli məbəd platforması ortaya çıxıb.
Mütəxəssislərin fikrincə, qalıqları, təxminən, 125 x 145 metr ölçülərində olan məbəddə günəş ayinləri həyata keçirilib.