Səfəvilərin casusluq mirası: donjuanlıq – Həmid Herisçi

Daha.az Həmid Herisçinin “Səfəvilərin casusluq mirası – donjuanlıq” yazısını təqdim edir.

 

Bəzən kəşfiyyatın aça bilmədiyi düyünləri ədəbiyyat, yazarlar açıblar. Deyirsiz Britaniya kəşfiyyati elə-belə, boş yerə Pen klubla eyni pabı, yəni pivəxananı bölüşürlər?

Yox.

Qatı açılmayan cinayətləri, gözəgörünməz casusları ifşa etməyin bir marşrutu da ədəbiyatdan keçir. Ancaq bunu Azərbaycan ədəbiyyatı haqda söyləmək çətindi. Bizim yazarlar hələki indiyədək ədəbiyyatda, yazılı mətnlərdə gizlənmış bircə casusu belə ifşa etməyiblər.

Tam tərsinə.

Tam şərait yaradıblar bu casuslara ədəbiyyatda. Mücərrədliyi sevmirəm. Keçək vacib ifşaedici detallara. Çünki…

Çünki təkcə şeytan deyil, məxfi agentlər də həmişə detallarda gizlənir.

Keçək vikipedik məlumata: “Oruc bəy Sultanəli bəy oğlu Bayat, 1602-ci ildən sonra Don Xuan (1560, Səfəvilər – 1620, İspaniya) — mənşəcə Azərbaycan türklərindən olan tarixçi, diplomat. 1599–1602-ci illərdə ispan kralı sarayında Səfəvi səfiri olmuşdur”.

Səriştəli redaktorlarımız, ensiklopedik mütəxəssislərimiz olsaydı, biz bu diplomatımızın Don Juan sifəti ilə kifayətlənməzdik. Anında dərk edərdik ki, bu Səfəviyyə diplomatı üçün Don Juanlıq, əslində, bir casus maskasıdır.

Xristianlığı da bu səbəbdən qəbul edib. Göz aldadıb.

Ədəbiyyatımız, ədəbiyyatşünaslıq da indiyədək bu aldanmışlar sırasında, siyahısındadır.

Böyük yazarlarımızdan biri Elçin Hüseynbəyli “On üçüncü həvari və ya 141-ci Don Juan” adlı gözəl romanında bax bu yanaşmanın qurbanıdır.

O Oruc bəy Bayat kimi mahir kəşfiyyatçının zahiri bioqrafiyasına aldanıb. Mövzunun yalnız estetik tərəfinə güzgü tutub. Konspiroloji, əkskəşfiyyatçı istedadını nümayış etdirmək əvəzinə, düşmən İran kəşfiyyatına ədəbiyyatımızda hər cür münbit şərait yaradıb.

Romanı gözəldi, bəlkə də. Ancaq zahiri əfsanənin qurbanıdır.

Nəticədə Oruc bəy kimi bu məxfi İran agenti ədəbiyyatımızda, həyatımızda öz pozucu, təhlükəli fəaliyyətini hələ də davam etdirir.

Əgər yazarlarımız, Əsəd Cahangir kimi tənqidçilərimiz bu Don Juan maskası arxasında gizlənən agenti ifşa etsəydilər, inanın ədəbiyyatımızda da, həyatımızda da məxfi İran agentləri indiyədək at oynatmazdılar.

Elçin Hüseynbəylini bu fərziyyəm qoy ağrıtmasın. Ədəbi agentləri ifşa etmək çox çətindir. Real agentlərdən min qat qorxuludur bu ədəbi casuslar. Yəni Elçini incitmək istəməzdim bu iddialarla.

Ancaq…

Qısası.

Kəşfiyyatda, ədəbiyyatda ifşa etmədiyimiz bu POSTMODERN agentura modeli indi İran “Ettelaat”ı, “Sepah”ı üçun dominant üslubdur.

İran agenturası Azərbaycanda reallaşdırdığı əməliyyatlarda klassik üslublardan əlini birdəfəlik üzüb.

Keçib POSTMODERN casus əməliyyatlarına.

Bu üslubun ilk əzəl mübtədaları Oruc bəyin 1604-cü ildə İspaniyada yazdıği “İranlı Don Xuanun hesabatı” (isp: “Relaciones de Don Juan de Persia”) kitabındadır.

Oruc bəy İran Xarici Kəşfiyyat agentinin gizli simasını bu əsərində öz rəssam fırçasıyla böyük məharətlə yaradıb.

Bu agent zahirdə  bircə damcı belə müsəlmana bənzəməməlidir. Araq içməsi, xristianlığı, ateizmi, islama həqarətləri mütləqdir bu agentin. Arvadbazlığı qanundu. İmkan verir Avropa kral çarpayılarından xəbər toplamağa.

Vacib detal: İran Sepah rəhbərlərindən biri bu yaxınlarda mətbuata verdiyi müsahibəsində İspaniya – Madrid sarayının sirlərini azca aralayıb. Sanki Oruc bəyin İspan təcrübəsinə işarə ötürüb. Deyib ki, İran İspaniya separatçılarından istifadə edib. Bask millətçilərinə, tətikçilərinə Avropada çoxsaylı sifarişlər verib.

Nümunə gətirdiyimiz misal sübut edir ki, Oruc bəyin İspaniya təlimatları İran kəşfiyyatı üçün günümüzədək keçərli və işləkdir.

Qısası.

İran kəşfiyyatı, İran ədəbiyyatı, şeri kimi çoxdan postmodernə keçid edib.

İran agenturası bu gün təkcə  Azərbaycanda deyil, bütün dünyada öz POSTMODERN gedişləri ilə məşhurdur. İran agenturası bu gün  A planından vaz keçib Azərbaycanda. Başlayıb özünün B planına.

Bu B planı tam POSTMODERN estetikasındadır: Agentura şəbəkəsi burada antiiran təbliğat qurumları tərkibindədir.

Agentlər, adətən, Güney Azərbaycanın, Bakının ən səriştəsiz, istedadsız nümayəndələri arasından seçilir.

Yerləşdirilir lazımi antiiran təbliğat mərkəzlərinə.

Yəni İran POSTMODERN agenturası özü də bilmədən “Sepah”a, “Ettelaat”a işləyir.

Burda ən lazımlı halqa agentin peşəkarlığı yox, məhz səriştəsizliyidir.

Misal üçün, xaricdəki bütün Güney fəalları istedadsızdırlar.

İstedadları yox, istedadsızlıqları İran kəşfiyyatına işləyir.

Bu incəliklərin ilk tumurcuqları Oruc bəyin məlum kitabında çırtlayıb. Çiçəklənib.

İran əks-kəşfiyyatı çox peşəkardır. Əvvəl İranda bütün küçələrdə “feyskontrol” kameraları qurur. Sonra sanitar-profilaktik əməliyyatlara start verilir. Videoçarxlar hazırlanır. Misal üçün, guya, küçədə gedən mollaya arxadan yaxınlaşıb başındakı əmmaməni yerə atmaq lazımıdır. Gənclər bax, bu cür çarxlar vasitəsilə küçə hərəkətlərinə təhrik edilir. Hamısı düşür əvvəl nəzarətə, sonda… dustaq kameralarına. Sonra başqa kameralar önünə çıxarılır bu gənclər. Etirafları yazılır, tirajlanır, yaxud qapalı saxlanılır bir vaxtadək. Sosial şəbəkələrdə tirajlanan küçələrdə oynamaq, mahnı oxumaq, baş örtüyü olmadan edilən hərəkətlər də eynən o cür. Nəzarət kameralarının güddüyü nöqtələrdə baş tutur.

Yadda saxlayın: İranda kor nöqtələr yoxdur. Nə var videoya köçürülür, “feyskontrol”a, təhlükəsizliyə işləyən süni intellektlərin ixtiyarına buraxılır.

Səbəb aydındır.

İran əks-kəşfiyyatı üzləşdiyi problemlərə qarşı anti-proqramlar yaradır. Süni intellektin tam ixtiyarına buraxır sonrakı bu tədbirlərini.

“Sepah”ın hazırladığı bu süni robotun adı Əşkanilər dövründən qalmadır. Adı Parfiya kəşfiyyatçısı Surendən götürülüb.

İndi İranda “Suren1”, “Suren 2” adlı əks-kəşfiyyat robotları, botları işləyir. Cəmiyyəti, bax, bu cür ssenarilər ilə tam nəzarətə, kontrola alırlar. Videoçarxlar hazırlanıb ötürülür guya üzdə anti-İran mahiyyətli sosial şəbəkələrə, TV-lərə.

Uzaq hədəfli, çoxmərhələli, tam rəqəmsal sanitar-profilaktik əməliyyatlardır.

Peşəkar yanaşmadır antirejim qüvvələrinə qarşı.

Süni intelekt İranda çoxdan rejimə işləyir, qısası.

Elə xaricdəki bütün anti-İran təbliğat mərkəzləri də. Bu botlar, robotlar haqda məlumatlarda deyilir: “Surena” (Persian: سورنا) is a series of Iranian humanoid robots, named after the Parthian General Surena. The Institute of Electrical and Electronics Engineers (IEEE) has placed the Surena among the prominent robots in the world after analyzing its performance”.

Əksər anti-İran təbliğat mərkəzləri, mass-media resursları elə İran kəşfiyyatı tərəfindən idarə edilir. Eyni yalançı media tezisləri əvvəlcə bütün bu radio və televiziyalara ötürülür. Ancaq sonrakı növbəti xəbərlə mütləq təkzib edilir. Misal ücün, bu agentliklər bir az əvvəl Xameneyinin radarlardan itməyini böyük sevinclə tirajlayırdılar. İki gün sonra isə Xameneyinin Aşura məclisində vacib “zühur”u yayımlandı. Nəticədə, Xameneinin itməyini, xəstəliyini anonslayan xəbər agentlikləri bilərəkdən özlərini hörmətdən, nüfuzdan saldılar.

Anti-İran medialarının qeyri-ciddiliyini əyani göstərdilər.

Qəşəng psixoloji diversiyadır. Müəllifi isə elə “Sepah” və “Ettelaat”ın sırf özüdür.

Diqqətli olun və qətiyyən internetdeki Xameneyinin küçə afişalarını odlayan videoçarxlara aldanmayın.

Xameneyinin küçə afışalarını mütləq bir müşahidə kamerası güdür. Vizual görüntüləri lazımi cəza müəssisələrinə avtomatik rejimdə göndərir.

Avtopilotda.

Bu avtopilot sistemlərindən birinin adı Oruc bəy Bayat olsa, mən qətiyyən təəccüblənmərəm.

Qısası.

Hər kəşfiyyatın bir əbədi, həmişəyaşıl agenti var. Britaniya kəşfiyyatında bu əbədi agent “Agent 007” koddaşıyıcısıdır.

Rusiyada oxşar əbədi qılınc və uzun plaş cəngavəri “Azef” nikneymiylə işarələnir.

Yeri, kabineti, qara eynəyi nəsillərdən nəsillərə ötürülür.

İranda Oruc koduyla çağırılır.

Araq içir daim. Qadın düşkünüdür həmişə. Ateistdir. İrana, islama tənqidi, düşmən baxışlarını tirajlamaqdan yorulmur.

Sizə kimlərisə xatırlatmırmı bu portret ştrixləri?

Azərbaycan oxucusuna, teletamaşaçısına çox tanışdı bu Oruc bəylər.

Biri mənə “İranın klassik islamçı agentura şəbəkəsi Nardaranda idi” deyəndə həmişə gülmüşəm.

Bu zahiri, gözaldadıcı, xərclik şəbəkə idi. Bu, A planı idi.

Əsl şəbəkəni, B planını isə ifşa etmək çətin məsələdir.

Çünki bu şəbəkə POSTMODERN casus şəbəkəsidir.

Klassik casus filmləri, adaları, qanunları orda keçmir.

P.S. Eşitdiyimə görə, bu əkskəşfiyyat fəndləri Şah SAVAK-nin 3-cü şöbəsində, Pərviz Sabeti tərəfindən yaradılıb.

Sistemin kod ismi Oruc bəy Bayat da ola bilər.

İcraçıları, mütəxəssisləri keçmiş İran solçularıdır.

 

OXŞAR XƏBƏRLƏR