Zalımlığı və qəribə davranışları ilə tanınan Antik Roma imperatoru Kaliqula haqqında maraqlı bir fakt üzə çıxıb.
Daha.az xəbər verir ki, Kaliqula təkcə zalım hökmdar deyil, həm də şəfalı və zəhərli bitkilər haqqında geniş məlumata sahib biri olub. Kaliqulanın bu marağının, sadəcə, hobbi yox, həm də həyatda qalmaq üçün strategiya olduğu düşünülür.
Araşdırmanın təməlində qədim tarixçi Suetoniusun hekayəsi dayanır. Hekayəyə görə, bir Roma senatoru sağlamlıq problemləri səbəbilə Yunanıstandakı Antikyra şəhərinə gedərək “qarabaş otu” (lavanda) adlı zəhərli və şəfalı bitki ilə müalicə olunmaq istəyir. Lakin Kaliqula onun geri qayıtmamasını, hətta ölməsini əmr edir. Səbəbi isə bitkinin fayda etməyəcək biri üçün artıq mənasız sayılması olur.
Bu hadisə Kaliqulanın təkcə siyasi oyunlarla deyil, həm də zəhərli bitkilərlə yaxından maraqlandığını göstərən vacib dəlil kimi qiymətləndirilir.
Ailəsində baş verən qəfil və müəmmalı ölümlər nəticəsində onun özünü qorumaq üçün bu sahəyə istiqamətləndiyi ehtimal olunur. Kaliqula antik dövrdə geniş yayılmış zəhərli bitkilər haqda biliklərə sahib bir “peşəkar zəhərləyici” kimi tədqiq olunur.
Xatırladaq ki, Antikyra isə o dövrdə Roma dünyasının “alternativ müalicə mərkəzi” kimi tanınırdı. Burada istifadə edilən qarabaş otu zamanın ən güclü təbii dərmanlarından biri hesab olunurdu.
Antik Romanın “dəli” imperatoru Kaliqula bəlkə də göründüyü qədər ağlını itirmiş bir şəxs deyildi. Onun şəfalı bitkilərə marağı ruhi pozuntu deyil, bəlkə də həyatda qalma instinktinin nəticəsi idi.




