Daha.az Fazil Mustafanın “Anladım, tanıdım, yaşadım” kitabı haqqında Aqşin Yeniseyin “Qurdlarla itlərin davası” yazısını təqdim edir.
Fazil Mustafanın “Anladım, tanıdım, yaşadım” kitabını oxuyub bitirdim. Əvvəlcə bir sirrimi açım ki, mən heç bir kitabı dərhal götürüb oxuya bilmirəm, bir kitabı oxumağa başlamağım bəzən bir neçə gün, bəzən bir-iki həftə, bəzən də iki-üç ay çəkir. Ankarada Luis Bernardın “Orta Şərq” kitabını oxumağa başlamaq üçün mənə bütöv bir fəsil lazım olmuşdu. Oxumaq istədiyim kitaba gedib-gəlib baxmaq, onu bir müddət evin müxtəlif yerlərində kənardan müşahidə etmək, aradabir götürüb, sadəcə, vərəqləmək, xəbəri olmadan gizlincə bir-iki cümləsinə göz gəzdirmək, sonra qaytarıb yerinə qoymaq, bir müddət, sanki, belə bir kitab yoxmuş kimi davranmaq… bir növ, aşiq-məşuq oyunu. Kitabı oxumaqdan çox, kitabı oxumağa başlamaqdan zövq alıram..
Mənim kitabla olan bu intim münasibətimi yəhudi filosofu Qerşom Şolem Tövratla onu oxumaq istəyən arasında yaşanan nihaniliyi gizli eşqə bənzədərək daha gözəl ifadə edir. Tövrat (mətn-məşuq) daha çox gizlənmək, aşiq (oxucu-mömin) daha çox görmək istəyir. Sonda aşiqə ancaq məşuqun dirsəyinin ucunu görmək nəsib olur. Oxucunu görən kimi özünü açıb-tökən bütün kitablar zaydı.
“Anladım, tanıdım, yaşadım” kitabıyla da eynən belə bir aşiq-məşuqu oyunu yaşandı aramızda. Günlərlə çantamda daşıdım, bir dəfə də olsun açıb baxmadım. Sonra bir müddət ofisdə masanın üstündə gizlincə seyr etdim, yenə eyni soyuqluq. Bir gün evə gətirib “gözünün qabağında” başqa kitabları oxudum. Nəhayət, kitabla aramızda mənə lazım olan o dözülməz cazubədarlıq hissi baş qaldıranda heç gözləmədiyi bir anda götürüb birnəfəsə oxumağa başladım.
Nə gizlədim, “Anladım, tanıdım, yaşadım” kitabının Qori seminariyasının qurucularından biri olan, seminariyaya kəndlərdən uşaq toplayan Aleksandr Osipoviç Çernyayevskiyə həsr olunmuş yazı ilə başlaması bir az “yaralı yerimə” toxundu. Bu “yaranın” Çernyayevskinin şəxsinə dəxli yoxdur, mənim millətimin dünyagörüşünə dəxli var. Bu qədər müstəmləkə əsarətində olub müstəmləkənin nə olduğu ilə maraqlanmayan, bəlkə də, dünyada yeganə xalqıq. Müstəmləkəçiliyə sevgimiz də onun xislətiylə maraqlanmamağımızdan irəli gəlir. Bizə xeyri dəyibsə, gerisini boş ver! Düşüncəmiz bu!

Hardan qaynaqlanır bu düşüncə? Biz bütöv bədəndən qoparılmış bir tikəyik. Yarımçıqlıq kompleksimiz ana südü kimi halaldır bizə. Çünki həqiqətən yarımçığıq. “Gülüstan-Türkmənçay” şikəstiyik. Rus bizim həyatımıza XIX əsrdə daxil olub. O dövrdə ki, Avropada maarifçiliyin zəfəri çoxdan unudulmuş, modernizm çağı başlamışdı. Rusiyada isə yeni-yeni maaarifçilik gülləri açırdı. Və Rusiya müstəmləkələşdirdiyi bütün ərazilərdə də bu “güllərin” toxumunu əkirdi. Bu toxumlardan çıxan güllər onun özünə lazım idi.
Çünki müstəmləkəçilik hər yerə bu şüarla ayaq basır: Sizə mədəniyyət gətirmişik! Ta Makedoniyalı İsgəndərdən üzü bu yana qılıncın dilində həmişə bu söz olub. Hətta bədəvi müsəlmanlar belə Bizans, Sasani kimi böyük mədəniyyətlərin üstünə bu sözlərlə gəlmişdi: Sizə mədəniyyət gətirmişik!
Təsəvvür edin, cəmi bir kitabı olan bir əliqılınclı hər şəhərində kitabxanaları olan ölkələrə deyir ki, sizə mədəniyyət gətirmişik. Hətta özü də uzun müddət Hindistanda məmur işləyən Con Stüart Mill “Azadlıq və Təmsilçi Hökumət” adlı əsərində yazırdı ki, hindlilərin mədəniyyəti və irqi o qədər geridə qalıb ki, onun fikirləri Hindistanda tətbiq edilə bilməz. Guya, ingilislər Hinsitana fikir tətbiq etməyə getmişdilər.
XIX əsrdə ruslar da bizə – bütöv bədəndən qopardılmış tikəyə – bu sözləri deyirdilər. Sual yaranır, XIX əsrə qədər bəyəm biz mağarada yaşayırdıq? Şərqin barıt imperiyalarını quran millət biz deyildik? Rusun özünə dövlət qurmağı Qızıl Ordalı babalarımız öyrətməmişdimi? Puşkini qundaqda olan bir xalq əsrlər öncə Nəsimisi “şair kimdir” sualına öz həyatıyla cavab verən başqa bir xalqa deyirdi ki, sizə mədəniyyət gətirmişik. Əlbəttə, o dövr bütün islam dünyası cəhalət içindəydi. Zatən “Gülüstan-Türkmənçay” məğlubiyyətinin səbəbi də bu cəhalətin nəticəsiydi. Amma bizim, yəni bütövdən qoparılmış tikənin öz dövlətinin parçalanmasına göz yumub ona tavada gətirilmiş mədəniyyətə görə atılıb-düşməsi nə qədər ləyaqətli hərəkətdir? Tutalım, Arazın bu tayındakılar balet oynamağı öyrəndi, bəs o tayındakılar? Onların canı cəhənnəmə, özləri bilərlər. Bir millət özü-özünə bu cür yanaşarmı?
“Anladım, tanıdım, yaşadım” kitabının ilk başlığının məndə qasnağını qopardığı yara bu sualın illərlə səhv verilmiş cavabıydı. Müstəmələkəçilik illərində bu suala düzgün cavab vermək şansımız yox idi, ağzımızı ya şişirdilmiş imtiyazlarla, ya da sərt şapalaqla dərhal yumurdular. Heç olmasa, indi düzgün oxumağı və yazmağı öyrənək tarixi gerçəkliyi.
Ancaq Çernyayevskiyə həsr olunmuş yazını oxuyanda fikrim dəyişdi; Fazil bəy publisistik bir ustalıq etmişdi, mətn başqa mətləblərə həsr olunmuşdu. Umberto Ekonun “müəllifin niyyəti, mətnin niyyəti, oxucunun niyyəti” bölgüsünə əsasən bu yazıda mətnin niyyəti müəllifin və oxucunun niyyətindən ayrılırdı. Mətn bizə xəbərdarlıq edirdi: siz yenə cəhalətə meyillənirsiniz, həm də bu dəfə molla çuxası içində deyil, akademik mantiyası, hakim əbası, ziyalı kostyumu içində. Bu dəfə təhlükəli olan cahillər deyil, özünə aydın deyənlərdir. Fransız filosofu Jülen Benda XX əsrin əvvəllərində “Aydınların xəyanəti” adlı kitabında yazırdı ki, Spinozdan sonra Avropada aydınlıq məktəbi bəşərilik missiyasına xəyanət etdi, mənfəətbaz oldu, şəxsi və milli ehtirasların əsirinə çevrildi. Düzdür, Benda bu kitabında özündən əvvəlki aydınları tənqid edirdi.
Fazil bəyin hədəfi isə müasirləridir. Bu gün Avropada da fikir davası aydınlarla “aydınlar” arasında gedir. Bu gün cəhalət varsa, səbəbi “aydınlardır”, oxumuşlardır, həqiqəti gözüylə görmüşlərdir. Bu dava, deyim nə qədər sərt səslənsə də, bir növ, qurdlarla itlərin davasına bənzəyir. “Anladım, tanıdım, yaşadım” kitabıyla da mətnin bu gizli niyyətini hiss edəndən sonra dil tapa bildim.
Kitabla münasibətdə məndə proses tərsinə baş verdi; əvvəl tanıdım, sonra yaşadım, lap axırda da anladım. Anladım ki, bu kitab talelər kitabıdır və bu talelərin bu kitabda sahiblərindən daha çox Azərbaycana dəxli var. Öyrənməyin iki yolu var: tarixdən öyrənmək və taledən öyrənmək. Birinci yol akademik yoldur. Bu yol Azərbaycanda məhz müstəmləkəçilik illərində korlanıb. İndi bu yol ucuz karyeradan başqa heç nə vəd etmir. İndi bu yolla ancaq ailə dolandıra bilərsən, ev tikə bilərsən, vəzifə qazana bilərsən və s. Amma bu yolla taleyini Azərbaycanın tarixinə bağlaya bilməzsən. Çünki bu yol sonradan çəkilib, Azərbaycan tarixi dəfələrlə saxtalaşdırılıb. Onun Şərqə aid hissəsi demək olar ki, yox edilib. Onun rusa aid hissəsi öyrədilib. Bu yol səni özünə aparmaq üçün deyil, səni özündən itkin salmaq üçündür. Həzzi əzabından çoxdur. Bu yolun cəlbediciliyi də bundadır. İndi bu yol hedonistlərlər, meşşanlarla doludur.
Yerdə qalır taledən öyrənmək yolu. Buna mədəniyyət tarixində Sokrat-İsa yolu da deyirlər. Fazil bəy bu kitabında oxucusuna bu yolla getməyi məsləhət bilir. Sən Azərbaycanda əsl həqiqəti ancaq talelərdən öyrənə bilərsən. Çünki Azərbaycanda son iki əsr ərzində insanlara tarix yazmaq icazəsi verilməyib, Azərbaycan insanının ancaq öz taleyinə müəlliflik etmək imkanı olub. Azərbaycanda son iki əsr ərzində tarix yazan insanlar da bunun bədəlini öz taleləriylə ödəyiblər. Kitabın Nəsib bəy Yusifbəyliyə həsr olunmuş yazısında deyildiyi kimi o adamların da çoxu Məhəmməd Hadi kimi qeyb olublar. Fazil bəyin yerinə olsaydıb “qeybə çəkiliblər” yazardım.
Qeybə çəkilən bir gün qayıdacaq. Azərbaycanı həmişə qeybdən qayıdanlar xilas ediblər. 44 günlük zəfəri Azərbaycana yaşadan da qeybdən qayıdan Qızılbaş ordusuydu. Kim hiss etməsə də, Həmid Hersiçi hiss etmişdi bunu. Əslində, yazının bu yerini yazmaq üçün məmnuniyyətlə kompüteri Həmid Hersiçinin qabağına sürüşdürərdim. Yalnız o bilir ki, yerdə pozulan nizam qeybə çəkilib özünü göydə bərpa edir və vaxt çatanda öz elçilərini göndərib yerdəki pozğunluğu qaydaya salır. Bunu da ona Heydər Camal öyrədib.
Fazil bəyin bu kitabında da haqqında yazı yazılanlar ya qeybə çəkilənlərdi, ya da qeybə çəkilməyə hazırlaşanlar. Onlar gec-tez qayıdacaqlar, həm də dönə-dönə. Hüseyn Cavidin, Mirzə Fətəlinin, Ağaoğlunun, Heydər Əliyevin, Əbülfəz Elçibəyin, Lütfizadənin Azərbaycanı atıb getməsi mümkün deyil… Qayıdacaqlar!




