Qədim Misir tarixinin ən güclü və sirli hökmdarlarından biri olan qadın firon Hatşepsutun heykəlləri ilə bağlı 100 illik sirr, nəhayət, açılıb.
Daha.az xəbər verir ki, e.ə. 1479–1458-ci illərdə yaşamış Hatşepsut Qədim Misirin 18-ci sülaləsinə mənsub və tarixdəki iki qadın firondan biri kimi tanınır.
Ölümündən sonra onun heykəllərinin dağıdılması uzun illər boyunca qardaşı oğlu III. Thutmose tərəfindən tarixdən silinmək cəhdi kimi yozulmuşdu.
Ancaq Toronto Universitetindən misirşünas Jun Yi Wong-un “Antiquity” jurnalında dərc etdiyi yeni araşdırmaya əsasən, bu dağıntının şəxsi və ya siyasi səbəblərlə deyil, həmin dövrün dini ənənələri ilə əlaqəli olduğu ortaya çıxıb.
Heykəllərin üzlərinin zədələnməməsi, üstündəki yazıların silinməməsi müdaxilənin şəxsi intiqam deyil, dini keçid, bağlanış mərasimi, yaxud ritual kimi həyata keçirildiyini təsdiqləyir.
Lakin buna baxmayaraq, Hatşepsutun ölümündən sonra bir çox abidəsində adının və təsvirlərinin sistemli şəkildə silinməsi siyasi təzyiq kampaniyasının tam əsassız olduğu qənaətinə gəlməyə mane olur.