Bəzən meyvəli, bəzən şokoladlı, üstü bəzəkli, ortası deşik xəmir halqasının qəribə hekayəsi var: Həm təsadüf, həm də bir dənizçinin qəzəbi…
Amerikalı dənizçi Hanson Kroket Gregori səfər vaxtı anasının hazırladığı yağda qızardılmış “xəmir toplarının” içinin bişmədiyini görüb əsəbiləşir. Və “xəmir topları”ndan birini gəminin sükanındakı tutacağa keçirir: “İçinin bişməsini istəyirsənsə, ortasını çıxart”. Onun bir anlıq qəzəbi yeni şirniyyat növünün yaranmasına səbəb olur.
Daha.az xəbər verir ki, 1847-ci ildən sonra ortası boş şəkildə qızardılmağa başlanan xəmir halqalar “fried cake”, “dough cake” adları ilə tanınır. Daha sonra “doughnut” (xəmir + qoz) və nəhayət, “donut” adı ilə dünyaya yayılır. Xüsusilə, II Dünya Müharibəsi dövründə amerikalı əsgərlərə mənəvi dəstək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən paylanması ilə donut kütləvi məşhurluq qazanır.
Qeyd edək ki, bu gün donut təkcə şirniyyat deyil, qlobal mədəniyyətin bir parçasıdır. Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə sevilərək istehlak olunur.