Polari Ədəbiyyat Mükafatı 2025 ləğv olundu

Böyük Britaniyada LGBTQ+ ədəbiyyatını təşviq etmək məqsədilə təsis edilən Polari Ədəbiyyat Mükafatı bu il baş tutmayacaq. Təşkilatçılar bu qərarı adı siyahıya daxil olan yazıçı Con Boynun (John Boyne) trans hüquqları ilə bağlı fikirləri ətrafında yaranan qalmaqaldan sonra verdiklərini açıqlayıblar.

Daha.az xəbər verir ki, “Zolaqlı pijamalı oğlan” əsəri ilə tanınan Boyn bu il “Earth” (“Yer kürəsi”) adlı romanı ilə uzun siyahıya düşmüşdü. Lakin siyahıdakı digər namizədlərdən bir neçəsi onun daha öncə JK Roulinqin trans mövzusundakı mövqeyini müdafiə etdiyi bir məqalə səbəbilə siyahıdan çıxarılmasını tələb edib. 800-dən çox nəşriyyat nümayəndəsi isə Boynun namizədliyini tənqid edən açıq məktub imzalayıb.

Xatırladaq ki, yazıçı iyul ayında “İrish İndependent” gündəlik qəzetində dərc olunan məqaləsində özünü “transları istisna edən radikal feminist” adlandıraraq Roulinqə dəstəyini ifadə etmişdi. Bundan sonra yaranan qalmaqal nəticəsində siyahıda olan 24 müəllifdən onundan çoxu namizədlikdən geri çəkilib.

Nəticədə, Polari kitab mükafatının təşkilatçıları narazılığı anlayışla qarşıladıqlarını, Boynu siyahıdan çıxarmasalar da, bu il mükafatı ləğv etdiklərini açıqlayıblar.

Qeyd edək ki, Mükafatın 2026-cı ildə bərpa olunması planlaşdırılır.

Con Boyn
OXŞAR XƏBƏRLƏR