Pilotsuz zəka – Simran Qədim

Daha.az Simran Qədimin “Pilotsuz zəka” yazısını təqdim edir. 

Texnoloji yeniliklər işlərimizi asanlaşdırmaqdan əlavə, düşüncələrimizi, həyata baxışımızı dəyişir. Əvvəllər, xüsusən, zehni bacarıqlarımızla fəxr edirdiksə, indi robotlarla, süni zəka ilə eqomuz sarsılıb. Nə qədər ağır və amansız görünsə də, artıq özümüzə bioloji robot kimi baxmağa başlamışıq. Ətdən-qandan ibarət robot kimi…

Maarifçilik dövrünün əsas ideyası insanın mərkəzdə dayanması idi. Rene Dekartın məşhur “düşünürəmsə, deməli, varam” tezisi bu dövrün fəlsəfi simvoluna çevrilmiş, ağılın sayəsində təbiəti və onun qanunlarını anlamaq cəhdləri artmışdı. Maarifçiliyə görə, ağıl sadəcə fərdi düşüncə aləti deyil, həm də cəmiyyəti yenidən quran, xurafatı, doqmaları dağıdan əsas vasitə idi. Bu baxımdan insan ağlı həm bilik istehsalçısı, həm də tərəqqinin mühərriki sayılırdı.

Amma bu gün – Silikon dövründə vəziyyət bir qədər dəyişib. Qərar qəbul edən sistemlər, özü öyrənən alqoritmlər, mətn və təsvir yaradan modellər ən güvəndiyimiz xüsusiyyətimizi – düşünmə qabiliyyətimizi texnologiyanın əlinə verir. Əgər maşınlar mətn yaza, musiqi bəstələyə, şəkil çəkə, strategiyalar qura, hətta öz səhvlərindən öyrənə bilirlərsə, insan zəkasının üstünlüyü nədədir? Bəlkə, ağlımızı çox şişirtmişik? Belə bir vəziyyətdə təbii olanı qondarmadan necə ayıraq?

Düşünmə, öyrənmə və yaradıcılıq proseslərinin süniləşməsi “şüur”, “iradə”, “fərdilik” kimi anlayışlara fərqli baxış gətirir. Süni zəka bizdən daha sürətli düşünüb, daha rasional qərarlar verdikcə təbii zəkaya münasibət yenidən formalaşır. Odur ki Dekartın tezisini indi belə transformasiya etmək olar: “Süni zəka düşünürsə, biz kimik?”

Süni zəka hələ ki insanı taxtdan salmasa da, güzgüdə özünə baxmağa məcbur edir. Maşınların zəkası bizə yaxınlaşdıqca, əslində, özümüzü yetərincə tanımadığımızı görürük. Özündənrazılıq ağlımızı o qədər əlimizdən alıb ki, daim qüsursuz, möhtəşəm bir varlıq olduğumuzu zənn etmişik. Halbuki təbiətin nəzərində inkişaf etmiş beyinlə kəskin iybilmə, iti görmə, güclü eşitmə arasında fərq yoxdur. İnsanlar itlər kimi iyləyə, qartallar kimi görə, yarasalar kimi eşidə bilmirlər. Biz quşlar kimi uçmağı, balıqlar kimi üzməyi, yırtıcılar kimi qaçmağı da bacarmırıq.

Hər halda bir məsələ aydındır: süni zəka insan ağlını əvəz edə bilməsə belə, illüziyaları dağıtdı. Bəzən ən böyük sarsıntı taxtdan düşmək yox, taxtın heç vaxt mövcud olmadığını anlamaqdır.

Süni zəka yalnız intellektual sahədə deyil, həm də emosional müstəvidə bizi təəccübləndirir. Məsələ bundadır ki, robotların hissləri olmasa da, güclü təqlid qabiliyyətləri var. Sistem hissləri imitasiya etməklə insanlara təsir göstərə, onları yönləndirə bilər. Əslində, biz buna hər gün məruz qalırıq. Sosial şəbəkələrdə, müxtəlif yazılı və vizual platformalarda alqoritmlər insanları hisslərə toxunmaqla manipulyasiya edirlər.

Bəs süni zəkanı inkişaf etdirməklə hara gedir, nəyə nail olmağa çalışırıq? Əlbəttə, süni zəka sürət və rahatlıq gətirir, zehni imkanlarımızı artırır. Amma bunun eyni miqyasda fəsadları, yan təsirləri də ola bilər.

Məsələn, hər işin süni zəkaya həvalə edilməsi məsuliyyət hissini aşındırır. “Maşın belə dedi” arqumenti tənqidi düşüncəni zəiflədir, müəllim və ya kitab deyil, alqoritm avtoritetə çevrilir. İnsanda qərar verməkdən çox, qərara tabe olmaq vərdişi formalaşır. Nəinki analitik, həmçinin yaradıcılıq qabiliyyətimiz avtomatlaşdıqca insanlıqdan çıxır, süni zəkadan (və ya onu yaradanlardan) asılı vəziyyətə düşürük.

Burada əsas problemlərdən biri süni zəka sistemlərinin qeyri-şəffaflığıdır. “Qara qutu” prinsipi ilə işləyən alqoritmlər qərarlarının səbəblərini izah etmir. Bu isə etik və hüquqi mübahisələr yaradır. Əgər qərarın niyə verildiyi bilinmirsə, onu necə araşdırmaq və ya düzəltmək olar? Üstəlik, süni zəka bəzən məlumat bazalarındakı qərəzləri daşıyır, heç də həmişə obyektiv, tərəfsiz olmur. Beləliklə, gizli qərəzlər daha sistemli hal ala, insan səhvləri aradan qalxmaq əvəzinə, avtomatlaşa bilər.

Gördüyümüz xəbərlər, qarşılaşdığımız fikirlər, inandığımız dəyərlər – bütün bunlar alqoritmik seçimlərin nəticəsinə çevrildikcə reallıqdan uzaqlaşırıq. Hər fərd üçün ayrıca “həqiqət qəfəsləri” formalaşır, azad iradə görünməz əllə idarə olunur.

Digər tərəfdən, rəqəmsal mühit getdikcə süni zəkanın yaratdığı mətn, şəkil və videolarla dolub-daşır. Bununla da süni zəka insan bilikləri üzərində deyil, digər süni zəka məhsulları, yəni saxta kontentlər üzərində öyrənir. Sistemlər öz surətlərini çoxaldır, öz-özünə istinad edən informasiya dövranı yaranır. Bilik yenilənmir, təkrar olunub deformasiyaya uğrayır. İnformasiya ekosistemində keyfiyyət yox, kəmiyyət önə keçir. Nəticədə, kollektiv yaddaş “zəhərlənir”, həqiqət reallıqdan çox, alqoritmik saxtakarlığa söykənir.

Bu gün kütlələrə şüarlarla deyil, kodlarla təsir göstərilir. Əgər əvvəllər ideologiyalarla insanların emosiyalarına xitab edilirdisə, indi bu rolu alqoritmlər üzərinə götürüb. Nəzarət kapitalizmi siyasət, iqtisadiyyat və informasiya sahələrini süni zəka sayəsində birləşdirir. İnsanlar zorakılıqla yox, davranışların təhlili, proqnozlaşdırılması və yönləndirilməsi ilə idarə olunur. Azad seçim illüziyası qorunsa da, seçimlərin trayektoriyası gizlicə cızılır, bir növ, rəqəmsal diktatura yaranır.

Burada gücün əsas mənbəyi məlumatdır. Data kimin əlindədirsə, söz sahibi də o olur. Hakimiyyət artıq yalnız xammal, enerji və ya hərbi potensialla ölçülmür. Əsas üstünlük informasiyanın nə qədər sürətlə emal edilməsi, qərara çevrilməsi ilə müəyyən edilir. Maşın sürəti qarşısında isə insanın çevikliyi getdikcə mənasını itirir, hətta absurd görünür.

Güc tədricən texnologiya nəhənglərinin və məhdud sayda ölkələrin əlində cəmlənir. Hazırda “data kolonializmi” adlanan yeni bir mərhələ formalaşmaqdadır. Əgər klassik kolonializmdə torpaq, neft, qızıl kimi maddi sərvətlər istismar edilirdisə, data kolonializmində cəmiyyətlərin davranışları, vərdişləri, emosiyaları, diqqəti xammala çevrilir. Cəmiyyətlər öz datasını istehsal etsə də, onun üzərində heç bir hüquqa sahib olmur. Məsələ belədir: kimin məlumatlarını kim oxuyur, idarə edir?

Bununla belə, süni zəka fiziki infrastrukturlara, maddi əsaslara bağlıdır. Alqoritmlər çiplərlə, serverlərlə, enerji axını ilə işlədiyinə görə geosiyasi rəqabət bu resurslara nəzarət üzərində qurulur. Yüksək performanslı çiplər, yarımkeçirici istehsal zavodları, data mərkəzləri və onların enerji təminatı strateji önəm daşıyır. Hansı ölkə bu infrastrukturlara yiyələnə bilsə, gələcək də onun olacaq.

Günümüzdə zəka istehsal olunan, paylanan və tənzimlənən resursdur. Sənaye dövründə kömür və neft iqtisadiyyatın əsas dayağı idisə, bu gün zəka, yəni hesablama gücü, alqoritmlər, məlumat bazaları iqtisadi və siyasi nizamın əsas komponentidir. Onu istehsal edən, saxlayan və paylayan strukturlar – dövlətlər, transmilli korporasiyalar qərar qəbuletmə mexanizmlərini, informasiya axınlarını və cəmiyyətlərin gələcəyini müəyyənləşdirir.

Məsələ texnologiyanın bizi hara aparması deyil, onu hansı dəyərlərlə müşayiət etməyimizdir. Düşünən insan üçün süni zəka alətdirsə, düşünməkdən imtina edən üçün avtoritetdir. Süni zəkanın təsiri texnoloji yeniliklərlə məhdudlaşmır. Baş verən dəyişikliklər sosial strukturları, bilik istehsalını, hakimiyyət mexanizmlərini və insanın dəyər anlayışını yenidən formalaşdırır.

Bilik həmişə güc olub, amma bu gücün necə və harada istifadə ediləcəyi müdrikliyə bağlıdır. Süni zəkaya aid doğru-düzgün etik, sosial və siyasi düşüncə formalaşmasa, zərərləri faydalarından qat-qat çox olacaq. İnsan vaxtilə odu idarə etməyi öyrənib onu alətə çevirdi. Süni zəkanın gələcəyi də eyni sualdan asılıdır: onu idarə edib alətə çevirəcəyik, yoxsa çıxan yanğında hamımız məhv olacağıq?

OXŞAR XƏBƏRLƏR