DAHA.az filologiya üzrə fəlsəfə doktoru, şair, essesit, tərçüməçi, ədəbiyyatşünas Qismət Rüstəmovun Parul Seqal haqqında yazısını təqdim edir.
İKİNCİ SEVGİ MƏKTUBU
Parul Seqala da sevgi məktubu yazmaq planım var. Seqalı ədəbi tənqiddə məşhurlaşdıran “travma sujeti” anlayışıdır: o deyir ki, indiki əsərlərin əksəriyyətində personajın şəxsiyyəti, qərarları, mövcudluğu eləcə keçmişdə başına gəlmiş bir travmatik hadisə ilə izah olunur.
Əvvəllər ciddi ədəbiyyatda personajlar ancaq bir sarsıntılı hadisədə ilişib qalan, keçmişin solğun kopyaları deyildi, indi isə bütün əsərlərdə “arxa plan hekayəsinin tiranlığı” var. Seqal yazır ki, bu xarakterin indisini və gələcəyini keçmişdəki bir “simptom”a müncər edir.
Tənqidçinin fikrincə, ümumiyyətlə travma anlayışının kliniki təyinatı o qədər genişləndirilib ki, bu gün Amerikadakı ən çox yayılmış 4-cü simptom “Travma sonrası stres pozuntusu”dur.
Təsəvvür edin ki, bu simptomun 636120 fərqli kombinasiyası var və bu, ağlasığmaz bir qeyri-müəyyənlik yaradır, buna görə əlinə yazmaq üçün qələm götürən, barmaqları klaviatura döyəcləyən, çiyninə kamera alan hamı başlayıb hər şeyin keçmişdəki bir travmaya bağlandığı əsərlər “istehsal” etməyə.
Tənqidçi deyir ki, travma artıq status, əxlaqi avtoritet, qırmızı şərəf medalına çevrilib.
Travma sujetlərinin problemi belədir: onlar bizdə “bundan sonra nə olacaq?” sualı yaratmır, elə hey detektiv əsərlərdəki kimi “ona nə olmuşdu?” ətrafında fırlanırlar. Gələcək, seçimlərin nəticəsi, azad iradə, fərdi təkamül yoxdur, hekayələr daim geriyə dartınır, ancaq keçmişdəki travmanın ifşası, üzə çıxması var, vəssalam.
Seqal yazır ki, indi personajlar mürəkkəb daxili dünyası olan insanlar kimi yox, simptomlar topası kimi təqdim olunur. Oxucular da əsərə “travma eynəyi” ilə baxır, beləcə, “simptomatik mütaliə”yə məcbur qalırlar. Bədii əsərlərin çoxunda terapist tiplər ortaya çıxıb, onlar daim ətrafındakılara diaqnoz qoyurlar. Tənqidçi deyir ki, şəxsiyyət bədii əsərlərdən təxliyə edilib və artıq bütün personajlar cinayət yerində təbaşirlə yerə çəkilən siluetlərə, eskizlərə çevrilib. Artıq bədii ədəbiyyatda xarakter, fərd, şəxsiyyət yoxdur, travma qurbanları var.
Seqal yazır ki, bədii əsərdə ancaq travmanın arxasında gizlənmək, ondan bir növ “əlil pasportu” kimi istifadə etmək, “məni sevin, çünki qurbanam” deməklə böyük əsər yaranmaz. Gərək travmanı yekun, hərlənib-fırlanıb qayıtdığın nöqtə yox, başlanğıc nöqtəsi kimi götürəsən. Personaj bu travma ilə necə yaşayır, necə sağ qalıb irəli addımlayır? – yəni travma duyğu istismarına yox, şəxsiyyətin formalaşmasına xidmət etməlidir.
Sevgili Seqal xanım yazır ki, bir mətni analiz edərkən bu sualı versək, personajların həqiqiliyi haqqında bir fikir hasil edərik:
1) Personajın travmasını hekayədən çıxarsaq, yerdə özünə xas arzuları, zövqləri, iradəsi olan insan qalırmı?
2) Təhkiyə bizi nəyə təhrik edir: bizdən “ona nə olub?” sualını verən detektiv olmağımızı istəyir, yoxsa personajın nəyə doğru inkişaf etdiyinə izləyən şahid?
3) Travma personajın bütün bioqrafiyasını məhkum edən “həbsxana” kimi istifadə olunur, yoxsa ucu açıq gələcəyə doğru bir pilləkən kimi?
Yazıçının nətərgəldi öz personajına iztirab çəkdirməsi əsəri avtomatik şəkildə dərin etməz. Travma diaqnozdur, ancaq bir insanın bütün bioqrafiyasının yerini tuta bilməz. Seqalın fikrincə, artıq travma sujetləri “kulturoloji sərmayə” halına gəlib, indi bədii-estetik keyfiyyət bu cür gözusulu “duyğusal performans”ların ayağına verilir.
Burada estetik uğurdan, həqiqi bədii tapıntıdan, sənətkarlıqdan söhbət getmir, sadəcə belə bir borc hissi yaradılır ki, bu iztirablı, travmatik hadisəyə aşağı “xal” vermək, onu bəyənməmək ayıbdır – bu da bazarda süni uğurlar yaradır.
Seqal deyir, bu ədəbiyyat deyil, iztirab pornosudur.




